Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”
Tarix: 09.01.2018 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Ərdoğana qarşı yeni blok yaratmaq və seçkidə onun qarşısına güclü namizəd çıxarmaq istiqamətində xarici və daxili qüvvələr sinxron şəkildə fəaliyyətə keçiblər

“İndi ABŞ-dakı məhkəmə prosesi Türkiyəni guya iqtisadi baxımdan, FETÖ terror təşkilatı, Mərkəzi Kəşfiyyat İdarəsi və digərləri tərəfindən sıxışdırmaq cəhdidir və 15 iyulun davamıdır”

“Suriyada PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə hər cür dəstək verirlərsə, biz ABŞ-la nə danışacağıq? Suriyada terror təşkilatına 4 min yük maşını silah, texnika verdilər. Bunlar sonra gəlib bizə məsləhət verirlər. Siz bizə nə məsləhət verə bilərsiniz? Biz öz taleyimizi özümüz müəyyənləşdirdik, özümüz də müəyyənləşdirəcəyik”

Türkiyədə növbəti prezident və parlament seçkilərinin gələn il olmasına baxmayaraq, indidən seçki ilə bağlı polemikalar artmağa başlayıb. Bu polemikaların artmasının səbəbi xarici dairələrin seçki ilə bağlı müəyyən hazırlıq içində olması, müəyyən daxili qüvvələrin hərəkətə gətirilməsi, hakim partiya daxilində müəyyən parçalanma yaratmaq niyyəti, yeni blok formalaşdırmaq cəhdləri ilə bağlıdır. Seçkilərin bu il içində keçirilməsi ehtimalını səsləndirənlər də var. ABŞ-da keçirilən Zərrabla bağlı məhkəmə çəkişməsinin arxasında dayanan əsas məsələlərdən biri də Ankaraya təzyiq etməkdir. Ekspertlər hesab edir ki, həmin məhkəmə çəkişməsi sonda Ankaraya iqtisadi sanksiya ilə nəticələnə bilər. “Halkbank” rəsmisi ilə bağlı cəza qərarı apreldə açıqlanacaq. Amma Zərrabla bağlı məsələ aydın deyil. Ehtimal edilir ki, Zərrabdan istifadə edənlərin planı başqadır və yaxın perspektivdə onun yeni “etirafları” olacaq. Bu isə Türkiyəyə qarşı yeni məhkəmə oyunu ehtimalını artırır. Yəni, bütün maraqlı tərəflər gələn il keçirilməsi nəzərdə tutulan seçkilərə hazırlaşır.

Baxçalının açıqlamaları bəzi dairələrin planlarını pozub

Ərdoğana qarşı yeni blok yaratmaq və seçkidə onun qarşısına güclü namizəd çıxarmaq istiqamətində xarici və daxili qüvvələr sinxron şəkildə fəaliyyətə keçiblər. Türkiyənin keçmiş dövlət başçısı, hazırda da hakim partiyanın üzvü olan Abdullah Gül tərəfindən hökumətin qəbul etdiyi qanun hökmündə qərarnamə ilə bağlı tənqidi fikir səsləndirməsi siyasi mübarizənin cəbhəsinin nə qədər geniş olduğunu ortaya qoyub. Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib. Ərdoğan A. Gülün bu etirazını əsassız sayıb. Gül isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibətini bildirəcəyini açıqlayıb. Müxalif partiya nümayəndələri tərəfindən Gülün müdafiə edilməsi onun seçkidə Ərdoğanın qarşısına namizəd kimi çıxarılması məsələsini gündəmə gətirib. Təbii ki, Gülün bu açıqlaması Ərdoğan başda olmaqla hakim partiya tərəfindən böyük narazılıqla qarşılanıb. Türkiyə dövlət başçısı son iki gündə Gülün adını çəkmədən onun ünvanına kəskin tənqidlər səsləndirir. Belə bir məqamda MHP lideri Dövlət Baxçalı tərəfindən verilən açıqlamalar siyasət gündəminə “bomba” kimi düşüb. Məlum olduğu kimi Baxçalı 2019-cu ildə partiyalarının seçkidə namizədlə təmsil olunmayacağını və Ərdoğanı dəstəkləyəcəklərini bildirib. Baxçalı böyük oyunun Ərdoğana qarşı deyil, Türkiyəyə qarşı qurulduğunu yaxşı anlayır. O, hesab edir ki, həmin oyunu pozmaq üçün Ərdoğanın qarşısında deyil, səngərində yer almaq lazımdır. Baxçalı Gülü də tənqid atəşinə tutub. Ekspertlər hesab edir ki, Baxçalının açıqlamaları bəzi dairələrin gələn illə bağlı nəzərdə tutulan planlarını pozub. Ərdoğana qarşı yeni blok yaratmaq ideyasının tərəfdarları planlarına yenidən baxmalıdır.

Ərdoğandan Abdullah Gülə tənqid: “Daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur”

Dünən partiyasının parlamentdəki qrup toplantısında çıxış edən Ərdoğan yenə də sabiq prezident, AK partiyanın qurucularından olan Abdullah Gülü hədəf alıb. Ərdoğan deyib ki, ölkədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər. O bildirib ki, AKP-də birliyi, bərabərliyi zədələyənlər artıq bu qatarın səmimi yolçuları deyillər: “Bu qatardan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik. Əsas işimiz yanlışlıqlara yol verməmək, keçmiş xətalardan dərs çıxarmaqdır. Partiyamıza zərər verəcək qədər iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”. Ərdoğan A. Gülü nəzərdə tutaraq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur. Türkiyə dövlət başçısı MHP liderinə də təşəkkür edib: “Prezident seçkiləri ilə bağlı Dövlət Baxçalının yerli və milli duruşunu vurğulamaq istəyirəm. İnanıram ki, bu duruşla bizi bölmək, parçalamaq istəyənlər öz niyyətlərinə çata bilməyəcək”. O bildirib ki, Milliyətçi Hərəkat Partiyasının sədri ilə bir araya gəlib, ölkənin problemlərini müzakirə etmələri təbii qarşılanmalıdır: “Biz Dövlət Baxçalı ilə görüşüb, müzakirələr aparacağıq. Bizim bərabər görəcəyimiz çox işlər var. Mən bu baxımdan Dövlət Baxçalının indidən 2019-cu ildə keçiriləcək prezident seçkilərində mənə dəstək verəcəyi barədə bəyanatına görə təşəkkür edirəm. 2019-cu il prezident seçkilərində mübarizənin yerli və milli olanlarla ipi xaricdə olanlar arasında keçəcəyi bəllidir. Bizim yerimiz həmişəki kimi millətimizin yanıdır”.

Suriyanın şimalında PYD/YPG terror təşkilatının yaratdığı terror dəhlizini tamamilə çökdürməyin zamanı çatıb

Ərdoğan çıxışında bildirib ki, Türkiyədə hərbi çevriliş cəhdini həyata keçirə bilməyənlər indi fərqli yollar axtarırlar: “İndi ABŞ-dakı məhkəmə prosesi Türkiyəni guya iqtisadi baxımdan, FETÖ terror təşkilatı, Mərkəzi Kəşfiyyat İdarəsi və digərləri tərəfindən sıxışdırmaq cəhdidir və 15 iyulun davamıdır. Bu da baş tutmayacaq”. Ərdoğan deyib ki, Türkiyənin qəbilə dövləti olmadığını hər kəs bilməlidir: “Türkiyənin son 15 ildəki inkişafı birilərini narahat edir. Çatlasalar da, partlasalar da, biz bu yolda qətiyyətlə gedəcəyik. Suriyada PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə hər cür dəstək verirlərsə, biz ABŞ-la nə danışacağıq? Suriyada terror təşkilatına 4 min yük maşını silah, texnika verdilər. Bunlar sonra gəlib bizə məsləhət verirlər. Siz bizə nə məsləhət verə bilərsiniz? Biz öz taleyimizi özümüz müəyyənləşdirdik, özümüz də müəyyənləşdirəcəyik. Bu günə qədər bizə çəkilən sərhədlərdən kənara çıxmasaydıq, milli gəlirimiz 863 milyard dollar olmazdı. Biz bu uğurlara ağlımızla, əməyimizlə nail olduq”. Türkiyə prezidenti artıq Suriyanın şimalında PYD/YPG terror təşkilatının yaratdığı terror dəhlizini tamamilə çökdürməyin zamanının çatdığını da vurğulayıb: “İnşaallah, Suriyada “Fırat qalxanı” əməliyyatı ilə atdığımız addımı Afrin və Menbiçdə davam etdirərək Türkiyənin bütün sərhəd boyu təhlükəsizliyini təmin edəcəyik".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info