“Azərişıq” istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsinə nail olub
Tarix: 10.01.2018 | Saat: 12:20:00 | E-mail | Çapa göndər


Yelfi – Azərbaycanda bu adda kəndin olmasından bəlkə də çoxlarının heç xəbəri yoxdur. 2015-ci ilin fevralında Prezident İlham Əliyevin ölkənin elektrik enerjisi təsərrüfatında radikal islahatlara hesablanan “Azərişıq” ASC-nin yaranması haqqında sərəncamı ilə bu ad da tanındı.
Yelfi Qubanın ən ucqar dağ kəndlərindən biridir. Qışda əlçatmaz olan bu kəndin adamları azacıq yel əsəndə aylarla işığa həsrət qalardılar. İndi bu kənd fasiləsiz işıqla təmin edilib, gecəsi də, gündüzü də nura qərq olub. “Azərişıq” ASC-nin son üç ildə yaratdığı xarüqələr siyahısındadır bu kənddəki yarımstansiya da var. Təsəvvür edin ki, uzun illər meşə ağacları üzərindən keçən elektrik xətlərindən enerji alan Yelfidə birdən-birə 35/10 kilovatlıq yarımstansiya tikilib. Özü də relyef baxımından kifayət qədər sərt olan bir coğrafiyada. Dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdə olan bir ərazidə bütün elektrik dirəkləri dəmir-beton məmulatlarla əvəzlənib. Qonaqkənddən Yelfiyə qədər anker dayaqlar üzərində hava xətti çəkilib. Qız-yaz, qar-boran bu anker dayaqlara təsir edə bilməz. İndi Yelfi ilə bərabər ətrafdakı 5 kənd burada inşa edilən yarımstansiyadan qidalanır. Artıq bu beş kəndin sakinləri çoxdan işıq adlı problemi unudublar.
Digər ən ucqar bölgələrimizdən olan Gədəbəyin Ermənistanla sərhəd olan Şınıx bölgəsinin sakinləri də heç düşünməzdilər ki, sovet dönəmində 70 il mövcud olan elektrik enerjisi problemi “Azərişıq” ASC tərəfindən cəmi iki ilə həllini tapar. İliç lampalarının 70 ilə işıqlandıra bilmədiyi bir çox ucqar kəndlərimizi müstəqil dövlətimiz qısa müddətdə nura qərq etdi. Zaqatalanın mərkəzindən 30 km məsafədə, qonşu Rusiya ilə sərhəddə yerləşən Qalal da belə kəndlərimizdəndir. Dağlıq ərazidə qərar tutan Qalal kəndinin sakinləri düz 35 il idi ki, işıq üzünə həsrət idilər. Buradakı insanlar illərlə müasir aləmdən təcrid olunmuş şəraitdə yaşayıblar. Radio, televiziya, mətbuat qalallılar üçün əlçatmaz bir arzu olub. 35 il sürən bu həsrətə və zülmət gecələrə “Azərişıq” tərəfindən son qoyulub. Elə ilk ayların araşdırması nəticəsində bəlli olan fakt əsasında təcili və təxirəsalınmaz tədbirlər görülüb. Məlum olub ki, kəndə ilk elektrik xətti 1966-cı ildə çəkilsə də, sonralar daşqın və sellər nəticəsində həmin xətlər tamamilə sıradan çıxıb. 1980-ci ildən bəri digər qonşu dağ kəndləri kimi Qalalda da elektrik enerjisinin təchizatında uzun fasilə yaranıb. Nəhayət, kənd 35 illik fasilədən sonra fasiləsiz elektrik enerjisi ilə təmin edilib. Kənddə 70 nəfər yaşayır. Burada 40 təsərrüfat və 50-yə yaxın ev var. İndi bu kənddə hər ev üçün müasir tipli sayğac quraşdırılıb, 10 kV-luq KTM tikilib istifadəyə verilib. 38 ədəd dəmir-beton dirəyin köməyi ilə 2500 metr məsafədən 10 kV-luq hava xətti və 1000 m məsafədə 0.4 kV-luq EVX çəkilib.
Astaranın Şəvqo kəndi isə bütün tarixi boyu elektrik enerjisindən bixəbər olub. “Azərişıq” yaradıldıqdan sonra bu kəndin 300 sakini axır ki, müasir dünyanın çoxdan istifadə etdiyi elmi nailiyyətdən faydalana bilib. Burada 49 təsərrüfatda elektrik lampaları nur saçmağa başlayıb. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən bu kənddə, texnikadan istifadə etmək mümkün olmadığından, “Azərişıq”ın əməkdaşlarının fədakarlığı nəticəsində, əl əməyi ilə şəbəkə qurulub. 2 km məsafədə 10 kV-luq və 5 km məsafədə 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətt çəkilib. Eləcə də, 1-ədəd 10/0.4 kv-luq 63-kva gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. Sadaladığımız sadəcə, bu dörd fakt çox mətləblərə aydınlıq gətirir. İşgüzarlıq, seçdiyin peşəyə bağlılıq və vətənpərvərlik.

5 illik fəaliyyət planı
“Azərişıq” yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri mövcud vəziyyəti və artan tələbatı dərhal öyrənərək fəaliyyət planı tərtib etdi. “Azərişıq” rəhbərliyi təcili olaraq 2015-2025-ci illəri əhatə edən xüsusi master-plan hazırladı.
Master-planda qeyd olunur ki, regionlarda perspektiv və mövcud yükləri nəzərə almaqla 20 ədəd 110 kV-luq, 70 ədəd 35 kV-luq yarımstansiyaların yenidən qurulması və inşası, müxtəlif gücdə 4749 ədəd KTM-nin quraşdırılması, 110;35;10;6 və 0.4 kV-luq elektrik verilişi xətlərinin tikintisi aparılmalıdır. Tədqiq olunan ərazilərdə nəzərdə tutulan elektrik şəbəkələrinin yenidən qurulmasına, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azaldılmasına, şəbəkələrdəki texniki itkilərin minimuma çatdırılmasına imkan yaradacaqdı. Ötən 3 ilə yaxın bir zamanı analiz edərkən, əminliklə deyə bilərik ki, artıq bu imkan yaranıb. Baxmayaraq ki, master-planın tətbiq edilməsi və yerinə yetirilməsi 5 il ərzində nəzərdə tutulurdu. İndi ölkəmizin bütün bölgələrində elektrik şəbəkələrini gəzdikdə müşahidə olunur ki, böyük bir təsərrüfat saat mexanizmi kimi günün tələblərinə tam uyğun şəkildə çalışır. Ağappaq dəmir dirəklər, səliqə-sahmanlı və təhlükəsiz KTM-lər, dinamik çalışan yarımstansiyalar, bütün modern iş şəraitində işləyən ofislər. Bu mənzərənin fövqündə isə gecə-gündüz çırağban olan məmləkət. “Azərişıq” ASC-nin fəaliyyəti dövründə yaranmış bu mənzərə daha işıqlı günlərdən xəbər vermirmi?
Qələbənin 1000 çaları – Cocuq Mərcanlı
Düşmənlə üzbəüz dayanan sakinlərimizə və hərbiçilərimizə xidmət “Azərişıq”ın gündəlik qayğılarının içində birinci sırada durur. 2016-cı ilin Aprel döyüşlərində əldə olunan möhtəşəm qələbə kollektivin əməkdaşlarını da birə-beş ruhlandırdı. Qələbənin ilk müjdəsi-Cocuq Mərcanlı kəndinin düşmən nəzarətindən xilas edilməsi və burada həyatın yenidən bərpa olunması “Azərişıq”ın da qarşısına şərəfli vəzifələr qoydu. Hər kəs bu qələbədən əldə olunan nəticələrə öz töhfəsini verməyə çalışırdı. Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük qayıdış” planına uyğun olaraq Cocuq Mərcanlıda inşasına başlanılan evləri, məktəbi, küçələri və digər obyektləri nura qərq etmək kimi bir vəzifə “Azərişıq”ın üzərinə düşürdü. Təcili olaraq Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8 300 metr məsafədə yüksək gərginlikli 35 kVt-luq ikidövrəli elektrik xətti çəkildi. Kənddə müasir standartlara cavab verən 35/10 kVt-luq yeni yarımstansiya inşa edilərək sakinlərin ixtiyarına verildi. Bütün kənd boyu yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kV-luq şəbəkə yaradılıb. Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1 000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək imkanına malikdir.
“İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq “Azərişıq” cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir. Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib. 10 kV II Subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz olunub. 0.4 kV şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb.
Əhalini keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə tək Füzuli rayonunda 361 ədəd dayaq, 42000 metr naqil, 130 ədəd izolyator dəyişdirilib.Yeni SİP kabellərinin çəkilməsi enerji itkisinin qarşısını xeyli alıb. “Azərişıq” ASC tərəfindən Füzuli rayonunda 18 ədəd transformator məntəqəsi quraşdırılıb. Ağdam və Tərtər rayonlarının cəbhə bölgəsinə yaxın təmas xətlərində, Qazax, Ağstafa və Tovuzun düşmənlə sərhəd məntəqələrində “Azərişıq” ASC-nin əməkdaşları əsgərlərimizlə birlikdə əhalimizin xidmətində dayanıblar. Böyük əminliklə demək olar ki, onlar işğaldan azad ediləcək ərazilərimizdə işığımızın yanması üçün işə başlanılacaq günü də səbrsizliklə gözləyirlər.
Qoyulan şərtlər, götürülən öhdəlik işin başlanğıcındakı cəsarətin əməldə inikası idi. Bu iş özünü 3 illik gərgin əməyin nəticəsində belə büruzə verir:
“Azərişıq” yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddət ərzində hərtərəfli təhlilini apardı. Ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni təşkil olunan “İnkişaf və Yenidənqurma Proqramı” hazırladı. 7 regional idarəetmə strukturu formalaşdırıldı. Bunlar Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarələridir. “Azərişıq”ın əməkdaşlarının normal iş fəaliyyəti üçün müasir tipli 50-yə yaxın ofis binaları tikilib istifadəyə verildi. Ölkədə gedən inkişaf dinamikasına uyğun olaraq regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilərək lazımi həddə çatdırılmasına nail oldu. Regionlarda perspektiv və mövcud yükləri nəzərə almaqla 20 ədəd 110 kV-luq, 70 ədəd 35 kV-luq yarımstansiya yenidən quruldu. Müxtəlif gücdə 4749 ədəd KTM quraşdırıldı. Min kilometrlərlə 110;35;10;6 və 0.4 kV-luq elektrik verilişi xətlərinin tikintisi aparıldı. Bütün ölkə üzrə dairəvi təchizat sxemi yaradılmaqla yarımstansiyaların bir-biri ilə həm 110 kV-luq, həm də 35 kV-luq şəbəkələr vasitəsilə elektrik əlaqəsi əmələ gəldi. Bununla da istənilən qəza vaxtı digər məntəqələrin elektrik enerjisindən məhrum olmasının qarşısı alındı. Almaniyanın “Siemens” şirkətilə sıx əməkdaşlıq əsasında Mərkəzi Dispetçer Xidmətində şəbəkənin məsafədən idarə olunmasını təmin edən SCADA sistemi yaradıldı və istənilən məsafədən enerjinin idarə olunması imkanı əldə olundu. Bir milyon altı yüz min (1 600 000) nəfərdən cox abonent, 800-dən cox istifadəçi (user), 700-dən cox kompüter bir gecə ərzində fasiləyə yol verilmədən istismara qəbul edildi. 57 rayon enerji satişı və istismarı idarələrinə, ümumilikdə uzunluğu 140 km-dən cox olan optik kabelin çəkilməsi təmin olundu. Mövcud abonent kodları 11 rəqəmlidən 15 rəqəmli kodlara keçirilərək ölkəmizdə mövcud olan ödəniş sistemlərinə inteqrasiya olundu. Tək mərkəzdən idarəetməni təmin etmək məqsədiylə Daxili Şəbəkə Sistemi (Local Area Network) qurulması üçün 120 ədəd “Cisco” markalı (swith və Router ) şəbəkə avadanlığı quraşdırılaraq informasiyanın vahid sistemə toplanması və rayon enerji satışı və istismarı idarələrinə İP telefonların verilməsi təmin edildi. Elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotiplər aradan qaldırıldı. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət başlandı. Və ən nəhayət, görülmüş işlərin nəticəsində israfçılıq halları aradan qaldırıldı. Bakı şəhərində 2006-cı ildə elektrik enerjisi üzrə texniki itki 16,98 % olduğu halda, 2017-ci ildə bu göstərici 8%-ə qədər endirildi. Regionlarda isə bu rəqəm 10,1% təşkil edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Füzulidə 437 hektar sahədə şəkər çuğunduru becərilir
18.06.2018
Laçınlı məcburi köçkünlər 1 tondan çox barama təhvil veriblər
18.06.2018
Beş ayda ümumi daxili məhsul 1,1 faiz artıb
17.06.2018
Daşkəsən rayonunda 2 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
16.06.2018
Bu il Azərbaycandan Gürcüstana 7 mln. dollardan çox pul köçürülüb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info