İşğalçılıq siyasətinin nəticəsi: Ermənistan vətəndaşlığından imtina edənlərin sayı artır
Tarix: 10.01.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Ermənistanın işğalçılıq siyasəti yerli əhali arasında narazılığı artırmaqdadır. Buna səbəb olaraq Ermənistan əhalisi artıq kütləvi surətdə ölkəni tərk edir. İrəvan polisinin pasport-viza departamentinin keçirdiyi mətbuat konfransında məlumat verilib ki, on illərdə Ermənistan vətəndaşlığından imtina edənlərin sayı sürətlə artıb. Bildirilib ki, 2017-ci ildə 3823 nəfər ölkə vətəndaşlığından imtina edib. Departament son illərin statistikasını da açıqlayıb. Məlumata görə 2012-ci ildə 968, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863 nəfər ölkə vətəndaşlığından çıxıb. Ermənistan mediası İrəvan polisinin pasport-viza departamentinin hesabatına şərh verərək yazır ki, əhalinin xaricə kütləvi axını hazırkı rejimin dövründə daha geniş vüsət alıb.
Ölkədən axın edənlərin böyük əksəriyyəti gənclərdən ibarətdir. Onlar Ermənistan kimi perspektivsiz yerdə yaşamaq istəmədiklərini, burada gələcəklərini görmədiklərini bildirirlər. Sonrakı sıralarda 40-50 yaş arasında vətəndaşlar gəlir. “Respublika” partiyasının deputatı, keçmiş polis rəisi Alik Sarkisyan da mediaya açıqlamasında deyib ki, ölkədən axın məsələsi hazırda Ermənistanın ən böyük problemidir.
Ailələləri ilə birdəfəlik köçənlərin sayı çoxalıb. Ermənilərin ölkədən qaçmasının başlıca səbəbi isə işğalçı rejimin siyasətinin qurbanına çevrilməməkdir.
Ermənistan əhalisinin böyük əksəriyyəti hakimiyyət institutlarına da etibar etmir. Ermənistanda ötən ilin sonlarında keçirilən sorğuların nəticələri bu məsələni üzə çıxarıb. Hakimiyyətin müxtəlif qanadlarının, eləcə də digər dövlət və ictimai təşkilatlarının reytinq cədvəli ilə bağlı suallarını cavablandıran ekspert Arman Gevorkyan bildirib ki, ölkədə çoxdandır ki, sosioloji sorğuların nəticələri ciddi qəbul olunmur. Lakin məsələ ondadır ki, budəfəki sorğuları Qərb qurumları, konkret olaraq Qafqaz Tədqiqat Resursları Mərkəzi və ABŞ-ın Caucasus Research Resource Centers təşkilatı keçirib. Hər ikisinin də ortaya qoyduğu rəqəmlərdə Serj Sarkisyanın ən aşağı reytinqə malik olduğu bəlli olub. Qafqaz Tədqiqat Resursları Mərkəzinin sorğusunda prezidentə dəstək göstəricisi 9 faizdir.
"Bəs bu nə ilə bağlıdır” sualına cavab verən ekspertin qənaətincə, Ermənistan prezidenti heç bir vaxt yüksək reytinqə malik olmayıb. "Son 10 ildə keçirilən sorğularda onun hansısa bir reytinqə malik olması barədə nəticələr əsassız və yalan üzərində qurulub. Təbii ki, bu zaman belə bir sual ortaya çıxır - axı o necə prezident seçilib? 2008-ci ilin prezident seçkilərinin hesabatı ATƏT tərəfindən şübhə altına alınıb. 2013-cü ildə, 2008-ci ildə olduğu kimi, Sarkisyanın əsas rəqibi Raffi Ovanisyan seçkilərin nəticələrini tanımadı”, - deyə ekspert bildirib.

“Ermənistan rəhbərliyi həmişə maddiyyatın yanında olub”
Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu ötən gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi, Ermənistandakı sosial-siyasi gərginlik haqqında danışıb. O deyib ki, 2017-ci il Ermənistan üçün RF-in daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kampaniyası, Ağdərə faktorunun yaranması ilə xarakterizə olunur. Politoloq qeyd edib ki, ötən il Ermənistanın bütün vektorlar üzrə siyasətini aktivləşdirməsi onun Rusiyanın təsiri altına düşməsi prosesini daha sürətləndirdi: “İranın qrantları hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qazpaylama şəbəkəsini RF-in havayı müsadirə etməsi RF-in təkcə İrana deyil, həm də ABŞ və Aİ-yə xəbərdarlığı idi”.
Politoloq vurğulayıb ki, hakim elita S.Sarkisyanın siyasətində süni “uğur yaratma” kampaniyası apardı. Dağlıq Qarabağ məsələsində uğur əldə etdiklərinə həm də müxalifət təmsilçiləri inanır: “2017-ci il Ermənistanın 2016-cı ildəki itkilərinin legitimləşdirilməsi, Azərbaycanın işğalçılığa qarşı siyasi iradəsinin qətiləşməsi və maddiləşməsi, Ağdərə faktorunun yaranması ili oldu. S.Sarkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu”.
M. Əhmədoğlu əlavə edib ki, Ermənistanın reytinqlərdə mövqeyi getdikcə zəifləyir. “Freedom House” Ermənistan mətbuatını qeyri-azad ölkələr siyahısına saldı. İntellektual mülkiyyətin mühafizəsinə görə 5, eləcə də mətbuat azadlığı indeksinə görə də 5 pillə geriləyib: “Ermənistanda adambaşına 2200 dollar dövlət borcu düşür. Ermənistan vətəndaşları müstəqillik gününü daha az həvəslə qeyd edirlər. Səbəb ölkədə ağır sosial və iqtisadi vəziyyətdir. Hər milyon nəfərə düşən avtoqəzada ölənlərin sayına görə (114,7) Ermənistan dünyada 3-cü yerdədir. Bankrot olunmuş “Nairit” zavodunun əmlakı satışa çıxarıldı”.
Politoloq deyib ki, Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın “Əgər Stiv Cobs Ermənistanda doğulsaydı, indi o taksi sürərdi”-fikrini daxili vəziyyətin ümumiləşdirilmiş formulu kimi qəbul etmək olar.
M. Əhmədoğlunun fikrincə, artıq “erməni soyqırımı” məsələsi arxa plana keçib. Çünki rəsmi Yerevanın iki ümummilli məsələdə (“erməni soyqırımının” və Dağlıq Qarabağın tanınması) mübarizə aparmağa gücü çatmır: “Dağlıq Qarabağ məsələsi Ermənistan üçün ən prioritetdir. Bu, erməni xarakterinə uyğun haldır. “Erməni soyqırımı” nəzəri-ideoloji məsələdir və az pul cəlb edir. Dağlıq Qarabağ məsələsi konkret maddiliklə, ərazilərlə bağlıdır və daha çox maliyyə cəlb etməyə imkan verir. Ermənistan rəhbərliyi həmişə ideologiyanın deyil, maddiyyatın yanında olub”.
Politoloq əlavə edib ki, “Diaspor Ermənistana inanmır. Ermənistan diasporda inamı itirib. Çünki diaspor Ermənistan haqqında həqiqəti bilir”, “Diasporda əksəriyyət Ermənistanda maraqlı deyil”, “Diaspor təhlükəyə çevrilir” fikirləri aktuallaşdı.

Ağdamda Qarabağ savaşında şəhid olan Milli Qəhrəmanın yubileyi qeyd olunub
Bu arada Ağdamda Milli Qəhrəman Muxtar Qasımovun 60 illik yubileyi qeyd olunub. Tədbir Müdafiə Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüşçü və həkim dostları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə M. Qasımovun qəhrəmanlıqla dolu həyat hekayəsi barədə məlumat verilib. Bildirilib ki, Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində doğulub. Ağdamda yaşayıb təhsil alan M. Qasımov Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra işləmək üçün təyinatla Xankəndidə çalışıb. 1988-ci ildə Xankəndidə qarşıdurmalar baş verən zaman Ağdama qayıdaraq hospitalda işləməyə başlayıb. M. Qasımov Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərib.
Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayıb. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq onlarla yaralının həyatını xilas edib. 16 iyul 1992-ci ildə Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının ifasında vətənpərvərlik mövzusunda ifalar da dinlənib. M. Qasımov, ümummilli lider Heydər Əliyevin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?
12.06.2018
“Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“
11.06.2018
“Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9431

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info