2018-ci il də ölkəmiz üçün uğurlu olacaq (Yenilənib)
Tarix: 10.01.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər
Yeni iş yerlərinin açılması, sahibkarlara güzəştli kreditlərin verilməsi, sosial infrastruktur layihələrinin icrası davam etdiriləcək

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda giriş nitqi söyləyib. APA-nın məlumatına görə, Prezident deyib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Dövlət başçısı bildirib ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub: “Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır. Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib”. Prezident deyib ki, “Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur. Dövlət başçısı deyib ki, 2017-ci ildə Azərbaycanda ÜDM və qeyri-neft sektoru artıb: “Qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”. Prezident qeyd edib ki, ötən il bir çox önəmli layihə icra edilib: “Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.

133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub
Prezident deyib ki, keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb. Dövlət başçısı deyib ki, elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb: “Keçən il kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülüb. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. İçməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki Olimpiya kompleksi istifadəyə verilib”. Prezident qeyd edib ki, məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb, 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Şıxarx qəsəbəsində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır”.

“BTQ dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”
Prezident deyib ki, Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyar. Dövlət başçısı deyib ki, “Cənub Qaz Dəhlizi”nin icrası uğurla təmin edilir: “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bağlı işlər cədvəl üzrə gedir. Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin icrası istiqamətində də önəmli addımlar atılıb, İran sərhədinə qədər dəmir yolunun tikintisi təmin edilib”. Prezident ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd edib. Prezident deyib ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması barədə qərar bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərib: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq”.

“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”
Prezident çıxışında deyib ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır. Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində də əksini tapıb. Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın hərbi gücünün artdığını deyən dövlət başçısı bildirib ki, Azərbaycan ordusu beynəlxalq reytinqə görə dünyanın ən güclü ordularından biridir. Prezident növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini və yeni silahların alınacağını bildirib.

"Ötən illə müqayisədə bu il iki dəfə çox məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq”
Prezident deyib ki, 2018-ci ildə yeni mənzillərlə təmin olunacaq məcburi köçkün ailələrinin sayı ötən illə müqayisədə iki dəfə çox olacaq. Dövlət başçısı deyib ki, 2018-ci ildə ölkədə üç "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq və daha 5 mərkəzin tikintisi aparılacaq. 2018-ci ildə ölkədə makroiqtisadi vəziyyətin sabitliyi ilə bağlı lazımi tədbirlər görüləcəyini deyən dövlət başçısı bildirib ki, qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzində olub. Prezident 2018-ci ildə sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdiriləcəyini, yeni iş yerlərinin açılması üçün işlərin görüləcəyini deyib, özünəməşğulluq proqramının icrası məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulduğunu bildirib. Dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur layihələrin icrası davam etdiriləcək: “Bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq. Regionlarda, paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək”. Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən Prezident bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluqla bağlı müsbət nəticələr əldə olunub və bu sahələrə diqqət davam etdiriləcək. Heyvandarlığın inkişafı, yeni kənd təsərrüfatı texnikasının alınması, zeytunçuluğun və arıçılığın inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini deyən dövlət başçısı ticarət nümayəndəliklərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

“2018-ci il TANAP-ın icrası, BTQ dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq”
Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcəyini deyən dövlət başçısı bildirib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək”. Prezident qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bütün bunları nəzərə alaraq, 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edilib
19.01.2018
Moldovada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
19.01.2018
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Yekaterinburqda da yad olunub
19.01.2018
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
19.01.2018
Xocalı soyqırımı şahidinin ABŞ mediasında məqaləsi dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info