“Prezidentin sərəncamı Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açacaq”
Tarix: 10.01.2018 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu dünən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır. O qeyd edib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm bir hadisə idi: “İlk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir. Təəssüflər olsun ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma onun qoyduğu ənənələr əsrin sonunda Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi”.
M.Quliyev vurğulayıb ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə, tarixi şəxsiyyətlərə hörmətin ifadəsidir: “Prezident bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə dünyaya ölkəmizin böyük müstəqillik tarixinin olması barədə mesaj verdi. Eyni zamanda Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır”.
Millət vəkili Musa Qasımlı bildirib ki, Prezident tərəfindən 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir: “Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verdi. İşğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR quruldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu”.
M. Qasımlı əlavə edib ki, cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlandı: “Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və s. nəşr edildi. Görülən işlər, heç şübhəsiz, böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır. Bu baxımdan Prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və 2018-ci ilin Cümhuriyyət ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən, gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hislərinin artırılmasında mühüm rol oynayacaq”.

Prezident Tarix İnstitutuna qəti olaraq tapşırıb ki, Cümhuriyyət tarixi ilə bağlı araşdırmalar genişləndirilsin
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasını yüksək qiymətləndirib. O qeyd edib ki, bu addım Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb: “Bu, Azərbaycan dövlətinin başçısının Cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısı “İstiqlal Bəyannaməsi” abidəsini ucaltdırıb. Tarix İnstitutunun direktoru olaraq bəyan etmək istəyirəm ki, Azərbaycan dövlətinin başçısı Cümhuriyyət tarixinin işlənməsi ilə əlaqədar mənə xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini Prezident şəxsi nəzarəti altında saxlayır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm ki, Prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verdi. Bu ensiklopediya ikinci dəfə də çap olundu. Hesab edirəm ki, bu ensiklopediya Cümhuriyyət tariximizə qoyulan çox böyük abidədir. Prezident Tarix İnstitutuna qəti olaraq tapşırıb ki, Cümhuriyyət tarixi ilə bağlı araşdırmalar genişləndirilsin. Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan beynəlxalq elmi konfrans keçirəcəyik. Tarix İnstitutu Elmi Şurasını keçirib. Bütün tarixçilərin adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu göndəriləcək. Eyni zamanda qərar qəbul olundu ki, “Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri” adlı xüsusi kitab çap olunsun. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
“ABŞ Rusiya ilə yola getmək istəyir”
20.06.2018
“Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir”
19.06.2018
“Zəhərlənmə hadisəsinin başvermə səbəbi araşdırılır“
18.06.2018
“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”
18.06.2018
ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9434

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info