“Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
Tarix: 11.01.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər
Vüsalə Məmmədzadə: “BTQ ilə yol xərcləri xeyli azalacaq və bu xətt turistlərin ölkəmizə axınına səbəb olacaq”

“Həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləyiblər. Turistlərin sayı cəmi 20 faiz artıb, amma xərclənən pul 70 faiz artıb”

Ölkədə turizmin inkişafı prioritetdir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkə başçısı bildirib ki, turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək. Prezident qeyd edib ki, 2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artıb, keçən il isə əlavə daha 20 faiz artım olub və rekord səviyyəyə çatıb. Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlib və bu, çox müsbət haldır. Ölkə başçısının sözlərinə görə bunun səbəbləri var: “Həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləyiblər. Turistlərin sayı cəmi 20 faiz artıb, amma xərclənən pul 70 faiz artıb. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”. O da vurğulanıb ki, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq: “Bunun həm turizm üçün böyük əhəmiyyəti olacaq, çünki sahilin böyük hissəsi indi dəmir yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda mövcud yolla istədiyimiz qədər yükləri daşımaq mümkün olmayacaq. Bu, önəmli layihədir. Turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.
Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz, əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o, sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var”.
Mütəxəssislərimiz ölkə başçısının turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirirlər. Müsahibimiz Bakı Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadədir:
- Vüsalə xanım, ötən il ölkədə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışını dinləyərkən şahidi olduq ki, ölkəmizdə turistlərin sayı ildən-ilə artmaqdadır. Bunun səbəbi nədir? İlk öncə qeyd edim ki, istənilən turistə getdiyi ölkənin, birinci növbədə siyasi, iqtisadi, mədəni vəziyyəti maraqlı olur. Hər kəsə bəllidir, baxmayaraq ki, torpaqlarımız işğal altındadır, ölkəmizdə sabitlik, əhalinin dinc yaşayış tərzi dövlətimiz tərəfindən qorunub saxlandı. İqtisadi baxımdan 2017-ci ildə Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerdə qərarlaşdırıb və bu da MDB məkanında liderliyin göstəricisidir. Daha sonra mədəni baxımdan da ölkəmiz artıq dünya turizm inciləri sırasında yer alıb. Belə ki, hələ illər öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizin bir neçə mədəni dəyərləri UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Hətta 2017-ci ilin sonunda da bizim qeyri-maddi dəyərlərimiz dünya mədəni irs siyahısına daxil oldu. Təbii ki, dövlətimizin bu kimi uğurlu mədəniyyət siyasətinin turizmin inkişafında əvəzsiz rolu olacaq. Azərbaycanın daha bir uğurlu mədəniyyət siyasətlərindən biri də son illərdə durmadan bir neçə meqa tədbirlərin həyata keçirilməsi oldu. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatçılığı ilə həyata keçirilən Bakı- 2015 Avropa Oyunlarının yüksək səviyyədə təqdim olunması dünyanın bir çox ölkələrini heyran qoydu. Eləcə də 2017-ci il İslam Həmrəyliyi Oyunlarını göstərmək olar. Belə meqa tədbirlər vasitəsilə ölkəmizi dünyaya daha yaxından tanıda bildik. Məsələn, Bakı Avropa oyunlarında 50-yə qədər ölkə iştirak edirdisə, bu münasibətlə ən azı bu oyunlar dünyanın 56-ya yaxın ölkəsinə televiziya vasitəsilə canlı yayımla ötürüldü və müəyyən fasilələrlə həmin ölkələrə Azərbaycan mədəniyyəti haqda reklam çarxları yayımlandı. Hətta bu meqa tədbirin açılışında Azərbaycanın keçdiyi sivilizasiya tarixinin təkamül mərhələləri kulturoloji aspektdən o qədər möhtəşəm təqdim edildi ki, bütün dünya heyrətlə izlədi. Bizi sevənlər də, sevməyən düşmənlərimiz də .... Eləcə də İslam Həmrəyliyi Oyunları vasitəsilə ölkəmiz dünyaya mesaj verdi ki, İslamda sevgi var, islamda mərhəmət var, İslamda dünya xalqlarına qarşı ehtiram var. Elə bu meqa tədbirdə də 56-ya qədər ölkədən qonaqlarımız gəldi. Gələn qonaqlar istər-istəməz ölkəmiz haqda maraqlanmağa başladı və gördülər ki, ölkəmiz, baxmayaraq ki, bəzi ölkələr içində kiçikdir, amma zəngin mədəniyyətə, sivilizasiyaya sahib olan bir dövlətdir. Bunların da Azərbaycanın turizminin inkişafında əvəzsiz rolu oldu.
Onu da qeyd edim ki, ölkəmiz Ümumdünya Turizm Təşkilatının tamhüquqlu üzvüdür və ölkəmizin bu beynəlxalq təşkilatla əməkdaşlığı ilbəil artır. Bu əməkdaşlıq çərçivəsində hər il Azərbaycanda Beynəlxalq Turizm Sərgisi təşkil olunur və sevindirici haldır ki, məhz Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizm sahəsi üzrə sessiyalar keçirildi. Bunu da dövlətimizin uğurlarından biri hesab etmək olar.
Azərbaycanın turizm profilli ölkəyə çevrilməsi və bu sahədə dünyada öz sözünü deməsi üçün böyük potensialı var. Zəngin təbii sərvətlərimiz, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai-coğrafi mövqeyi, Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyəti və dünyada multikulturalizmi dövlət siyasəti elan edən dəyərlərimiz var.
- 2017-ci ildə reallaşan layihələrdən biri də Bakı-Tbilisi-Qars layihəsidir. Bu layihənin turizmin inkişafında rolunu necə dəyərləndirərdiniz?
- Ölkəmizin son illər keçirdiyi layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasının xüsusi yeri var. Bu nəqliyyat dəhlizi təkcə sözügedən ölkələrdən başqa, Qazaxıstan, Özbəkistan, Türkmənistan mədəniyyətinə və turizm potensialına da bilavasitə təsir göstərəcək. BTQ özlüyündə təkcə yük daşımır, eləcə də bu yol vasitəsilə Azərbaycan əhalisi Gürcüstana, Türkiyəyə və daha sonra Avropa ölkələrinə qatarla səfər edə biləcəklər. Turizm baxımından bu layihə tez bir zamanda öz əhəmiyyətini sübut edəcək. Əhali rahat və komfortlu qatarla digər ölkələrə səyahət etmək imkanı əldə edəcək. Turistlər üçün yol xərcləri xeyli azalacaq və bu xətt onların ölkəmizə axınına səbəb olacaqdır. Mədəni əlaqələrin yaxınlaşması baxımından da BTQ dəmir yolunun imkanları çoxdur. Bu layihə, ilk növbədə qardaş türk xalqları arasında əlaqələri intensivləşdirəcək.
Yaxın vaxtlarda Gürcüstanın da, eləcə də Türkiyənin bir çox yerlərinə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə səfər etmək mümkün olacaq. Sözsüz ki, insanların ölkələr arasında gediş-gəliş imkanlarının artması mədəniyyət mübadiləsinə də təkan verəcək. Belə mübadilə müştərək elmi, arxeoloji, turizm layihələrinin artmasına gətirib çıxaracaq. BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı ilə müqayisə oluna bilər. Onu da qeyd etmək lazımdır ki, layihənin uğurla nəticələnməsinin əsas səbəbkarı məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu. BTQ siyasi, iqtisadi və mədəni bir körpüdür.
-Ötən il həm də “Multikulturalizm İli” kimi yadda qaldı. Bu, turizmin hansı rolu ola bilər?
- Multikulturalizmi dövlət siyasəti elan edən ölkəmizə turizm sahəsindən də dividentlərin gəlməsi gözlənilir. Bildiyimiz kimi, Etno turizm hər zaman əcnəbi turistlərin marağında olan turizm növüdür. Ölkəmizin də ərazisində müxtəlif millətlərin nümayəndələri ilə bərabər, bir çox etnik qruplar da yaşayır. Onların özünəməxsus fərqli mədəniyyətlərinin elementləri var ki, bu gün də onlar, təbii ki, dövlətimizin dəstəyi ilə qorunub saxlanılır. Məhz bu baxımdan da ölkəmiz müxtəlif dinlərə mənsub insanların yaşadığı bir ölkə kimi turistlərin diqqətini cəlb edə bilər. Ümumiyyətlə, ölkə başçısının da qeyd etdiyi kimi, qarşıda hələ bir çox layihələr var və inanırıq ki, bu layihələrin reallaşması nəticəsində ölkəmizdə turizm daha da inkişaf edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Tofiq Heydərov: “Atletlərimiz 2017-ci ildə beynəlxalq yarışlarda çox sayda – 43 medal qazandı”
17.01.2018
“Müstəqillik tariximizlə bir daha qürur duyduq”
17.01.2018
Fəxrəddin Quliyev: “Aşıq deyişmələri aşıq poeziyasının inkişafında mühüm rol oynayır”
16.01.2018
“Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var”
15.01.2018
Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8211

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info