Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
Tarix: 15.01.2018 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Müsahibimiz Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru, Zəlimxan Yaqub ədəbi irsinin yorulmaz tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

- Artıq Zəlimxan Yaqubu itirdiyimizdən iki il ötdü. Bu illər ərzində Zəlimxan müəllimi necə xatırladıq?
- Zəlimxan Yaqub, sadəcə, cismən aramızda deyil və bu iki ildə də onu unutmadıq ki, necə xatırlamağımızdan da danışaq. O, həmişə bizimlə olub, Zəlimxansevərlərin qəlbində yaşayıb və yaşamaqdadır.
- Bu yaxınlarda Zəlimxan Yaquba həsr etdiyiniz kitab işıq üzü gördü. Bu kitabın ərsiyə gəlməsindən söhbət açardız.
- Ötən ilin son günlərində, Yeni il ərəfəsində nəşrə hazırladığım “Zəlimxan özü var xatirələrdə” adlı kitab “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü gördü. İndiyədək Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən bir çox kitab nəşr etdirmişəm. Bunlardan üçcildlik “Zəlimxan Yaqub ədəbi düşüncədə”, “Zaman bu kəsiri bitirməliydi” və s. göstərmək olar. “Zəlimxan özü var xatirələrdə” isə 2016-cı il yanvarın 9-da dünyasını dəyişəndən sonra Z.Yaqubun xatirəsinə həsr olunmuş ilk kitabdır. Kitabda respublikamızın tanınmış ictimai-siyasi xadimlərinin, elm və sənət adamlarının şair haqda yazdıqları xatirə yazıları, ona ithaf olunmuş şeirlər toplanıb və bu yazıların, şeirlərin hamısı Zəlimxan Yaqubun dünyasını dəyişməsindən sonra yazılıb müxtəlif mətbuat orqanlarında nəşr olunanlardır. Yəni kitabın tərtibçisi olaraq məxsusi şəkildə kimdənsə şairlə bağlı xatirələrini yazmağı xahiş etməmişəm. Yazıların, şeirlərin hamısı şairin ölümündən kədərlənənlərin ürək çırpıntılarıdır və biz onları müxtəlif mətbuat orqanlarından toplamışıq.
Millət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva və Elşən Musayevin, Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca və Sabir Rüstəmxanlının, professorlardan Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə və Qulu Məhərrəmlinin, eləcə də Musa Yaqub, Vaqif Bəhmənli, Əbülfət Mədətoğlu, Akif Aşırlı və digərlərinin kitabda yer almış bədii-publisistik yazılarında və şeirlərdə Z.Yaqubun böyük şair olduğu vurğulanmaqla yanaşı, onun xeyirxahlığı, əliaçıqlığı, ona ümid yeri kimi baxanlara hər zaman yardım etməsi, gənc yazarlara qayğısı, kənd və şəhər mədəniyyətlərini ortaq məxrəcə gətirib, ədəbiyyatın, mədəniyyətin, adət-ənənənin kəndlə, şəhərlə ölçülmədiyini, insanlıqda, tərbiyədə və əxlaqda olduğunu sübut etməsi və s. öz əksini tapır.
Kitab nəşr olunandan sonra mənə müraciət edənlər çox oldu ki, Zəlimxan Yaquba ithaf etdikləri şeirləri və məqaləri var. Və mən burdan bir daha bildirmək istəyirəm ki, həmin yazılar da toplanılıb yeni bir kitab halında nəşr olunacaq.
- Siz şairin ən yaxın dostlarından biri olmusunuz. Həmçinin şairin ilk oxucularından biri, onun əsərlərini toplayıb çap edən şəxssiniz. Bəlkə, bir az da Zəlimxan Yaqubla olan dostluğunuzdan danışasınız.
- Zəlimxan Yaqub böyük şair olmaqla yanaşı, həm də çox səmimi insan, sədaqətli dost, yaxşı yol yoldaşı, bir sözlə, yaradıcılığı ilə şəxsi keyfiyyətləri bir-birini tamamlayan bütöv şəxsiyyət idi. Və mən fəxr edirəm ki, belə bir böyük şəxsiyyətin uzun müddət həm çox yaxın dostu, həm də əsərlərini əlyazmasından oxuyan, öz dilindən eşidən ilk oxucusu olmuşam. Bir də onunla qürur duyuram ki, son on ildə nəşr olunmuş 50-dək kitabının nəşrə hazırlayanı və redaktoru olmuş, bir çox kitablarına həm də “Ön söz” yazmışam. Bunların içərisində şairin əsərlərinin 13 cildlik külliyyatını hazırlamağım isə həyatımın ən yaddaqalan məqamı kimi mənim üçün daha əzizdir.
Zəlimxan Yaqubdan öyrəniləsi, nümunə götürüləsi çox şey vardı. Bunlardan biri də necə dost olmağı öyrənmək idi.
- Dahi şairin əsərlərində Vətən mövzusu xüsusi yer tutur. Bu haqda nə deyə bilərdiniz?
- Zəlimxan Yaqub şeirlərinin birində yazır ki:

Dünya mənim idi mən olmamışdan,
Bilirəm dünyaya mən nəyə gəldim.
Yazıldı alnıma sözün qisməti,
Sözümü zamana deməyə gəldim.

Bəli, o, sözünü zamana deməyə gəlmişdi, dedi də. Xalqın sözünü dedi, xalqın qəlbinə nüfuz edən sözü dedi. Ona görə də hər yerdə sevildi, dinlənildi, dediyi söz həm yuxarılarda, həm də aşağıda eşidilən oldu. Onun yaradıcılığının ana xəttini Vətən mövzusu təşkil edirdi. “Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam”, - deyirdi. Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində gündən-günə öz mövqeyini möhkəmləndirməsindən nə qədər ruhlanırdısa, torpaqlarımızın bir hissəsinin işğal altında olmasından da ürəyi ağrıyır, bu ağrıları poetik dillə ifadə edirdi. Son illərdə səhhətindəki problemlərdən əziyyət çəksə də, onu ağrıdan bir bu deyildi. Təkcə bu olsaydı, bəlkə də, həkimlər onun dərdinə dərman tapardılar. Ruhu bu qədər diri və duru, iradəsi möhkəm, dözümü sərt olan bu adama xəstəlik neyləyərdi ki... Bədəninin ağrısına dözən şair Vətənin ağrılarına dözə bilmirdi. Dərdinin dərmanı da ancaq Qarabağın işğaldan azad olması ola bilərdi. Və bu ağrılar onun ürəyində sözə çevrilib, misralara düzülürdü. “Qışın içində də yaz” tapmağı bacaran Zəlimxan Yaqub bu dərdinə çarə tapa bilmirdi. Bu dərdin adı “Yurd ağrısı”, “Vətən yaraları”, “O qızın gözyaşları” və “Şuşa şikəstəsi”ydi, bu dərd idi ona “Qarabağ ən çətin sualdı, qardaş”, “Türk yağıdan üzr istəməz” və “Bir kövrək havadı sazımda Kərkük” dedizdirən, “Şuşada balam qaldı” deyə nalə çəkdirən, “Şair harayını”, “Səslərin görüşü”nü, “İçimdə ağlayan Krım”ı, “Çanaqqala dastanı”nı, “Turan sevgisi”ni, “Rəsul Həmzətova məktub”u yazdıran da, “dərdli dilim – mənim dərdim”, – deyib, Göyçə, Dərbənd, Mosul, Kərkük, Borçalı və “Borçalının bir tərəfi Axıska” kimi “vətənin qıraqda qalan yerləri”nin dərdlərini bayatı düzümünə düzdürən də.
Qarabağa qayıtmağımızı öz gözləri ilə görmək, bir qalib kimi Şuşa qalasına hayqıra-hayqıra girmək, Cıdır düzündən nur alıb Vaqifin müqəddəs məqbərəsində Vaqifin dilində ötmək, İsa bulağının başında muğamat dinləmək, Daşaltı çayıtək axmaq istəyirdi. Əsrin min sualı ilə üz-üzə qalıb cavab tapmağa çalışan, ona qələbə müjdəsi gətirənə ömrünü pay kimi bölmək istəyən şairin bir nigarançılığı vardı:

Yoxsa bu ağrıyla dünyadan köçüb,
Elə bu dərdlə də öləcəyəmmi?

Bununla belə, ümidini də üzmürdü. İnanırdı ki, dərdinin çarəsini Azərbaycan Ordusu tapacaq:

Doğan Günəşidi sökülən danın,
Alar qisasını tökülən qanın,
Ucaldar başını Azərbaycanın
Qələbə, qələbə, ancaq qələbə.

- Zəlimxan müəllimin AAB-yə sədr seçildikdən sonkarı dövrdə birliyin həyatında hansı yeniliklər oldu?

- Çox böyük dəyişikliklər oldu. Azərbaycan aşıq sənətinin inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Hüseyn Arif rəhmətə gedəndən sonra intriqalar yuvasına çevrilmiş, bir növ fəaliyyətsiz qurum vəziyyətində olan Aşıqlar Birliyi yenidən işlək orqana çevrildi. Məhz onun AAB sədri olduğu dövrdə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi, aşıqlarımızın səsi Avropanın möhtəşəm salonlarından gəldi. 2010 və 2014-cü illərdə Azərbaycanda beynəlxalq aşıq festivalı keçirildi. 2010-cu ildən birliyin orqanı olan “Ozan dünyası” jurnalı nəşrə başladı. “Ustad aşıqlarımız” seriyasından kitablar nəşr olundu. Müəllifi olduğum “Ozan-aşıq dünyası” və respublikamızda ilk dəfə olaraq sazbəndlik və sazbəndlərdən bəhs edən “Sazımız – sazbəndimiz” kitabları işıq üzü gördü. Neçə-neçə ustad aşığın yubileyini qeyd etdik. Aşıqlar Birliyində Zəlimxan Yaqubun başlatdığı yol bu gün də uğurla davam etdirilir.
– Zəlimxan Yaqub dövrünün tanınmış ustad aşıq və şairləri ilə sıx ünsiyyətdə olub. Bu haqda nə deyərdiniz?
– Doğru buyurursunuz. Bütün varlığıyla saza, aşıq sənətinə bağlı olan Zəlimxan Yaqub çox böyük ustad aşıqlarla yaxın dostluq münasibətində olub. Ötən əsrin 70-ci illərində Kəlbəcərdə Dədə Şəmşiri ziyarət edib, onunla ata-oğul münasibətində olub. Borçalının ünlü aşıqları Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, eləcə də Mikayıl Azaflı, İmran Həsənov, Əkbər Cavadov, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digər böyük sənətkarlarla dost olub, onlarla deyişmələri, onlara ithaf etdiyi şeirləri, dastanları var. Bu da təsadüfi deyil. Zəlimxan Yaqub aşıq sənətinə, sadəcə, mədəniyyətimzin bir tərkib hissəsi kimi yox, türkün tarixinin daşıyıcısı kimi baxır və yazırdı:

Millətimi saz anladar, saz anlar,
Saza baxsın tariximi yazanlar.

– Şair xəstə olarkən yaradıcılığa necə yanaşırdı?
– Yaradıcılığa münasibəti həmişə eyni olub. Mən deyərdim ki, bəlkə də, ən yaxşı əsərlərini də ömrünün xəstə olduğu son beş-altı ilində yazıb.
– Dahi şairin itkisi necə bir hisdir?
– Bunu sözlə ifadə etmək çox çətindir. Elə hislər var ki, o ancaq yaşanır, sözlə ifadə olunmur.
– Sonda oxuculara nə deyə bilərsiz?
– Sizə və oxucularınıza 2018-ci ildə bol ruzi və uğurlar arzulayıram. Sevgi və mərhəmət hissi qəlbinizdən əskik olmasın heç vaxt .

Söhbəti qələmə aldı:
Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Rza Xəlilov: “Folklorşünaslarımızın fəaliyyət sahələrindən biri də şifahi xalq yaradıcılığımızın təbliği idi”
18.10.2018
Şəkər xəstələri üçün milli brendli dərman istehsal olunub
18.10.2018
Fransa prezidentinin tərcüməçisi: “Azərbaycanda yaşadığım tələbəlik illərini Fransada yaşaya bilmədim”
17.10.2018
Şairə Əfşan Yusifqızı: “Kimisə daşqalaq etmək olmaz ki, plagiat və ya təkrarçılıq edir”
16.10.2018
Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10281

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info