“Holland müəllimlərə Qarabağdan, Xocalı soyqırımından danışandan sonra çox təsirləndilər”
Tarix: 15.01.2018 | Saat: 19:50:00 | E-mail | Çapa göndər
Firəngiz Bağırova:
“Hollandiyalı direktor ermənilərə deyib ki, siz qırılan yox, qıran xalqa daha çox bənzəyirsiz”

Qarabağ həqiqətlərinin təbliğ olunması xaricdə yaşayan soydaşlarımız üçün də prioritetdir. Niderlandda yaşayan soydaşımız Firəngiz Bağırova həm bir musiqiçi, həm də “Odlar Yurdu” təşkilatının rəhbəri kimi aktiv şəkildə Qarabağ həqiqətlərinin təbliğini aparır.
-Qarabağ, şəhidlərlə bağlı nə kimi bəstə və mahnılarınız olub?

-Qarabağ və ümumiyyətlə, şəhidlərimizə həsr etdiyim “Şəhidlər” adlı bəstəm var. Sözləri və musiqisi özümə məxsusdur. O bəstədə bütün şəhidlərimizi anmışam: 20 Yanvar, Xocalı, aprel döyüşlərində şəhid olanları və b. (https://www.youtube.com/watch?v=wwShHg2Mb8o)
-Qarabağ həqiqətlərinin musiqi ilə təbliğinin nə kimi əhəmiyyəti var?
- Musiqi nə bir dinə, nə acıq siyasətə qarışmır. Musiqi mədəniyyət mənbəyidir və ondan düzgün istifadə edə bilsək, çox şeylərə nail olarıq. Musiqi ilə ürəklərə yol tapmaq daha da asandır. Hələ bu, Azərbaycan musiqisi ola.
-Siz Hollandiyada müxtəlif sahələrdə aktiv tədbirlər keçirən soydaşlarımızdansız. Hər hansı tədbirinizdə ermənilər sizə qarşı çıxıblarmı?
-Gözəl və maraqlı sualdır. Siz bilirsiz ki, mənim yaşadığım yer Azərbaycandan kənar bir yerdir. Əlbəttə ki, burada hər millətdən nümayəndələr var. Qapıqonşun belə, erməni ola bilər. Necə ki, mənim, elə də onun hüquqları bu 3-cü ölkədə qorunur. Amma bunlar, harada yaşadıqlarından asılı olmadan, elə bizim tanıdığımız millətdir.
Mənim yaşadığım şəhərdə, ailəmdən başqa, əsl azərbaycanlı ailəsi yoxdur. Azərbaycanlı soyadı ilə yaşayan ermənilər çoxdur. Ümumiyyətlə, burada 500 erməni ailəsi yaşayır. Eşitdiyimə görə, şəhər merinin yoldaşı da ermənidir.
Bununla belə, mən hər il bu şəhərdə müxtəlif tədbirlər, konsertlər keçirirəm. Bəzən əngəlləməyə çalışsalar da, alınmır. Cünki mənim ünsiyyətdə olduğum yerli camaat mənə hörmət edir, mədəniyyətimizə və tariximizə də böyük maraq göstərirlər. “Sarı gəlin” layihəmə yaşadığım şəhərdə start verdim. Bir çox uşaq evi, məktəblər və qocalar evində çıxışlarım oldu. Radio verilişinə dəvət aldım. Çıxışımdan sonra zalda olan dinləyicilər mənə yaxınlaşıb təşəkkürlərini bildirirdilər. Azərbaycan musiqisinin nə qədər gözəl, ürəyəyatan olduğunu bildirirdilər. Bu an bir adam mənə yaxınlaşdı. Mən onu dinləyicilərin sırasında görmüşdüm, erməniyə oxşatmışdım. Mənə yaxınlaşıb çox sakit bir səslə “Sarı gəlin” erməni mahnısıdır deyin”, dedi. Sonra üzünü insanlara tutub güldü. Mən də uca səslə, “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır, Qarabağ Azərbaycanın ayrılmaz torpağı olduğu kimi, bu mahnı da Azərbaycan mahnısıdır”, dedim. Əlbəttə ki, o adamı sonralar heç görmədim.
Amma bir müddət sonra başqa bir qarşılaşmalar oldu ermənilərlə. Məktəblərin birində “Müharibə və Sülh-Dünya uşaqların gözü ilə” adlı bir layihə olmuşdu. Mən bundan xəbər tutub məktəbin müəllim heyətinin qəbuluna getdim. Azərbaycan, Qarabağ, Xocalı soyqırımından onlara danışdım, şəkillər və videolara baxdıq. Çox təsirləndilər və 2 həftə sonra mənim bu layihədə məktəb şagirdləri ilə birlikdə işləməyimi istədilər.
Sentyabr ayından fevral ayına kimi mən hər həftə uşaqların dram və musiqi dərslərinə gedib, Xocalıya aid səhnəni işləyirdim. Musiqi dərsində də görkəmli sənətkarımız M.Maqomayevin “Azərbaycan” mahnısını məşq edirdik. Mahnı üç dildə (Azərbaycan, holland və ingilis) oxundu. O layihədən xəbər tutan ermənilər, əllərində bir çanta kitab və kasetlə məktəbin direktoru ilə görüşüblər. Onlar orada cığır-bağır salıblar ki, soyqırımına məruz qalıblar və s. Təbii ki, direktorun da xəbəri var idi mənim bu layihəyə necə düşdüyümdən. Ermənilərə deyib ki, siz qırılan yox, qıran xalqa daha çox bənzəyirsiz. Nə şikayətiniz var, gedin edin. Üstündən çox keçməmişdi ki, məktəbə məşqlərə gedəndə, yolda qoca bir erməni kişi qarşımda durub: “Qorxmursan?”, deyə soruşdu. "Allahdan başqa, heç kəsdən qorxum yoxdur. Mən düz bildiyim işin arxasındayam. Bacarırsız, siz də belə bir layihə edin", cavab verərək yoluma davam etdim.
Nə bir iş görə bildilər, nə də etirazlarına baxıldı. Mənsə bu layihəni iki il səhnələrdə təqdim etdim.
-Ümumiyyətlə, ermənilərin Hollandiyada nüfuzu hansı səviyyədədir?

-Hollandiya tolerant bir ölkədir. Heç bir tərəf seçmir. Burda müxtəlif millətlər birlikdə yaşayır və işləyirlər. Holland hökuməti ölkəsinin sabitliyini qoruyub saxlayır və heç kəsin işinə qarışmır. Həmçinin heç kəsə imkan vermir ki, onun ölkəsinə və camaatına narahatçılıq yaratsınlar.
-Onların yalanlarını ifşa etmək üçün Hollandiyada nə kimi işlər görmək olar?
-Mən hər zaman mədəniyyət yolu ilə onların yalanlarını ifşa etmək fikrində olmuşam. Kinolar, qısa fraqmentli sənədli filmlər, konsertlər və s. bu kimi işlər bunların mediasına düşməlidir. Yaxşı olardı ki, telekanallar bir-birləri ilə əməkdaşlıq və təcrübə mübadiləsi edərək müqavilələr bağlayaydılar. Bundan sonra da köhnə kinolarımızdan, musiqilərimizdən Hollandiyanın efirində işıqlandıra bilərdilər.
-Qarabağla bağlı yeni mahnı bəstələməyi düşünürsünüzmü?

-Elə istərdim ürək ağrıdan, həsrət yox, qələbə mətnli bir əsər yazım.
İnanıram ki, o gündə gələr, inşaallah.
-Siz Qarabağda olubsunuzmu?
-Keçmiş İncəsənət İnstitutunda oxuyarkən Qarabağa getmişəm. 1989-cu il idi. 2-ci kursda oxuyurduq. Kurs yoldaşımızdan biri Ağdam səhərindən idi. Səhv etmirəmsə, bahar ayları idi. Artıq Qarabağ münaqişəsi gedirdi. Kursdan 3-4 nəfər yığışıb Ağdama qonaq getdik. Azərbaycanın hər yerində olduğu kimi, çox mehriban və isti qarşılandıq. Axşama çatmışdıq.
Mən şəhərdə 8-dən tez oyanmazdım... Səhər saat 5 olardı. Həyətə baxan pəncərə açıq idi. O havaya, pəncərənin altında qızılgüllərin ətrinə, quşların səsinə oyandım... Bu yerlərdə səhərin açılması ayrı bir gözəllik idi...Nə desəm azdır....
Qohum-qonşu gəlib-gedir, evin qızları ev işləri ilə məşğul idilər, biz də elə bağın içində gəzirdik. Bu ailənin Füzuli rayonu tərəfdə də bir tarlaları var idi. Bizi oraları görməyə apardılar. Ömrümdə ilk dəfə torpağa belə yaxın oldum...
-Yəqin ki, Qarabağda keçirdiyiniz günlərin yaddaşınızda silinməz izləri var?
-Qarabağda olmağım gənclik illərimin unudulmaz, məzəli və maraqlı anlarıdır. Ən əsas onu deyə bilərəm ki, mən həyatımda bir dəfə də olsa, Qarabağı gedib, o gözəl yerləri gördüm, oranın təbiətinə və insanlarına vuruldum. Allahdan arzum odur ki, işğal olunmuş torpaqlar geri alınsın və əslən Qarabağdan olanlar, Qarabağı görməyən uşaqlar və artıq 20-25 yaşlarını keçən gənclər, öz ata-baba torpaqlarını görsünlər. O yerləri sevməmək mümkün deyil.
-2018-ci il planlarınızı da bilmək istərdik...
-Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Yeri gəlmişkən, yanvarın 10-da Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bu, bizi də qanadlandırdı. Mən də fəaliyyətimi bu tarixə və onunla bağlı işlərimə yönəltmək fikrindəyəm. İnşaallah, planlar var. Yenə də yaşadığım səhərin musiqi məktəbinin şagirdləri ilə Azərbaycan bəstəkarlarının əsərlərini hazırlayırıq.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”
14.02.2018
“Ermənistan tarixi hadisələrin yalançı versiyalarından istifadə edir”
13.02.2018
“Ermənilər bütün dünyada saxta təbliğat işi aparırlar”
12.02.2018
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info