Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü nə vəd edir?
Tarix: 16.01.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, sabah Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən qəzetimizə bildiriblər ki, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edəcək. Məsələ ilə bağlı “Azadinform”a açıqlama verən politoloq Rüstəm Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsi ilə bağlı reallıqda bir şey yoxdur: “Mən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişin olacağını düşünmürəm”. Politoloq əlavə edib ki, dünyanın böyük dövlətləri aprel döyüşlərini bərpa edib Ermənistanı yerində oturtmağımıza imkan vermir. R. Məmmədov, həmçinin il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutmasının mümkün olduğunu vurğulayıb.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı əcnəbi ekspertlər də açıqlama verib. Ermənistanın “168 jam” qəzetinə açıqlama verən amerikalı diplomat Pol Qobl bildirib ki, gələcəkdə danışıqlarda irəliləyiş olması üçün heç bir perspektiv görmür.
Rusiyadan olan analitik Aleksandr Skakov qeyd edib ki, Rusiya və ABŞ hazırda münaqişənin tənzimlənməsi ilə aktiv şəkildə məşğul olmur. Britaniyalı ekspert Neil McFarlane isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nazirlər və ya prezidentlərin görüşü səviyyəsində həll edilə biləcək məsələ olduğunu düşünmür.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma tərəfdarı olduğunu bildirib. “Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”, deyə nazir qeyd edib.
S. Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın: "Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq”.
Politoloq Qabil Hüseynli “Azadinform”a açıqlmasında deyib ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu bəyanatı verməklə məsuliyyəti Rusiyanın üzərindən atmaq istəyir. Politoloq vurğulayıb ki, problemin həllində hansı dövlətin açar rolunu oynadığı hamıya bəllidir: “İndiyə qədər münaqişənin dondurulmasında, həll variantlarının tapılmamasında kimin əsas rol oynadığı məlumdur. Lavrov dəfələrlə bu məsələ barəsində yalan və qeyri-səmimi danışıb”.
Q. Hüseynli deyib ki, Lavrov Ermənistanı müdafiə edən təkliflər irəli sürür. Bunun səbəbi isə ölkə daxilindəki gərginlik və prezident seçkilərinin yaxınlaşmasıdır: “Bu nöqteyi-nəzərdən Lavrov ikibaşlı fikirlərlə danışıqlar prosesində yaradılmış əngəllərə haqq qazandırmağa çalışır”.

“Ermənilər 2017-ci ilin 9 avqust tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 435 dəfə atəşə tutublar”

Yeri gəlmişkən, ötən gün Azərbaycan və Ermənistan qoşunlarının Ağdam rayonu istiqamətindəki qarşıdurma xəttində monitorinq keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller Ağdam Rayon İcra Hakimiyyətində olublar.
ATƏT nümayəndələrini rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev qəbul edib. ATƏT nümayəndələrinə bildirilib ki, ermənilər 2017-ci ilin 9 avqust tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 435 dəfə atəşə tutublar.
ATƏT nümayəndələri daha sonra hərbçilərin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. AZƏRTAC xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster aparıblar.
Bu arada Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib ki, 20 Yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb. O bildirib ki, bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir: "Faciədən qısa müddət sonra Mixail Qarbaçova Nobel sülh mükafatı verildi. Hansı əməllərinə görə?"
H.Hacıyev qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas hədəfi 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir: "20 Yanvar faciəsi 1988-ci ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin, Xocalı faciəsinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu faciəni törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar".
XİN rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda möhkəm dövlətçilik ənənələri, institutları var və Azərbaycan beynəlxalq münasibətlərin layiqli üzvüdür.

Nikol Paşinyan: “Hazırda Ermənistanda hökuməti cinayətkar qrup idarə edir”
Ermənistanda isə hökm sürən ağır iqtisadi vəziyyət hər ötən gün narazılıqları daha da artırır. Hökumət problemləri aradan qaldıra bilmir. Ölkənin maliyyə ehtiyatları tükənmək üzrədir. “Yelk” partiyası bu vəziyyətin aradan qaldırılmasının yeganə yolunu Ermənıstanı təcrid vəziyyətinə salmış Serj Sarkisyan rejimini devirməkdə görür. AZƏRTAC xəbər verir ki, partiyanın rəhbəri, deputat Nikol Paşinyan hazırda hökuməti cinayətkar qrupun idarə etdiyini bildirib. O deyib ki, bu cinayətkar dəstənin yürütdüyü işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycana məxsus Dağlıq Qarabağa göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Serj Sarkisyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlikdə olduğunu yaxşı bilir.
Sülh dialoqu təşkilatının hüquqşünası Ruben Martirosyan deyir ki, ilkin istintaq həqiqətin üzə çıxarılmasında deyil, gizlədilməsində maraqlıdır.
Erməni siyasətçilər də hazırkı durumun sosial partlayışla nəticələnəcəyini vurğulayırlar. Ona görə də “Yelk” partiyasının rəhbəri hər kəsi ölkəni idarə edən cinayətkar rejimə qarşı birləşməyə çağırır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
15.05.2018
“Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”
14.05.2018
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş verib”
10.05.2018
Hikmət Hacıyev: “Ermənistanın yeni baş naziri danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9282

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Eldar Aslanov : “Müəllim adına layiq olmayan şəxsə müəllim diplomu verməməliyik”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info