İtaliyalı tədqiqatçı: “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Alto Adice modelini təklif edə bilər“
Tarix: 17.01.2018 | Saat: 19:44:00 | E-mail | Çapa göndər
Məlum olduğu kimi, bu il ATƏT-ə sədrliyi İtaliya xarici işlər naziri Angelino Alfano edəcək. Bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də İtaliyanın proqram və prioritetləri sırasındadır. İtaliyanın nüfuzlu “İl Giornale” qəzetində “Nodo di Gordio” beyin mərkəzinin baş təqdiqatçısı professor Andrea Marçilianonun bu haqda məqaləsi dərc olunub. “İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqalədə Andrea Marçilian qeyd edib ki, İtaliyanın Minsk qrupunun ilk sədri təcrübəsi və Alto Adice modeli Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər.
Məqalədə müəllif bildirir ki, İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrlik edəcəyi ilə bağlı xəbər siyasi seçkilər və iqtisadi debatlar mövzusu ilə həddən artıq yüklənmiş yerli media tərəfindən faktiki olaraq sükutla qarşılansa da, söhbət böyük əhəmiyyətə malik olan və İtaliyanı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevirən hadisədən gedir: “Çoxlu “isti dosyelər”in mövcudluğu ATƏT-ə sədrliyin İtaliyaya beynəlxalq səhnədə böyük nüfuz qazanmaq və öz maraqlarını da qorumaq üçün əlverişli imkan yaradır”.
Fikirlərinə davam edən müəllif qeyd edir ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin tarixi barədə danışan müəllif onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, tarixən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı erməni icmasının bölgənin Ermənistana verilməsi iddiası ilə çıxış etdiyini, bunun Ermənistan tərəfindən dəstəkləndiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini, həqiqi mənada əsl “etnik təmizləmə” həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin saldığını, Avropanın isə buna çarəsizcəsinə şahidlik etdiyini qeyd edir. Vəziyyətin hələ də dəyişmədiyini və dövri olaraq alovlanan bu “dondurulmuş” münaqişənin davam etdiyini yazan müəllif vurğulayır ki, hərbi işğalı pisləyən, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını, Azərbaycanın işğal olunmuş əraziləri üzərində suverenliyini bərpa etməsini və danışıqlar yolu ilə münaqişənin həllini tələb edən BMT-nin çoxsaylı qətnamələrinə, müxtəlif beynəlxalq qurumların sənədlərinə baxmayaraq, indiyə qədər heç bir nəticə əldə olunmamış, eyni zamanda bu problemi həll etmək üçün BMT mandatı ilə təsis olunmuş ATƏT-in Minsk qrupu da bu qrupun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın hər birinin xüsusi maraqları ucbatından, demək olar ki, iflic vəziyyətinə düşüb.

“İtaliya vaxtilə Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb”
Müəllif yazır ki, Minsk qrupunun üzvü olan İtaliya vaxtilə bu qrupun ilk sədri kimi Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan təcili tədbirlər haqqında vaxt cədvəlini hazırlayıb. Təəssüf ki, bu təklifə məhəl qoyulmayıb.
Bu təcrübədən irəli gələrək, İtaliyanın özünün Alto Adice modelini təklif etməklə münaqişənin həllinə töhfə verə biləcəyini bildirən müəllif bu həllin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması və paralel olaraq Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa beynəlxalq zəmanətlə erməni azlığının təhlükəsizliyinə təminat verən geniş muxtariyyətin verilməsindən ibarət ola biləcəyini yazır. Alto Adicenin belə bir muxtariyyət statusunun olduğunu yazan müəllif bu regionda yaşayan almandilli azlıq olan əhalinin bütün beynəlxalq müşahidəçilər tərəfindən Avropada ən çox qorunan azlıq hesab edildiyini qeyd edir.
Bu səbəblərdən Romanın ATƏT-ə sədrliyinin çoxlu gözləntilər və perspektivlər doğurduğunu vurğulayan müəllif yazır ki, bu xüsusda rəsmi Bakı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına bu münaqişənin həllinin daxil edilməsini müsbət qiymətləndirib, Minsk qrupunun ilk sədri kimi İtaliyanın ozamankı təkliflərini xatırladaraq ATƏT-in fəaliyyətdə olan sədri statusunda İtaliyanın BMT-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcəyinə ümid etdiyini bildirib, habelə “Helsinki ruhu”nu bərpa etmək və münaqişələrin dinc yolla həllinə nail olmaq üçün əsas şərt kimi bütün iştirakçı dövlətlər tərəfindən ATƏT-in prinsipləri və öhdəliklərinə tam riayət olunmasına çağırış edib.
Azərbaycan və İtaliya arasında möhkəm münasibətlərin mövcudluğundan yazan müəllif ölkəmizin İtaliyanın əsas neft təchizatçısı olduğunu, neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edildiyini, habelə Xəzər dənizinin Azərbaycan sektorundan “Cənub Qaz Dəhlizi”nin başladığını, bu dəhlizin son hissəsi olan Trans Adriatik Boru Kəmərinin (TAP) İtaliyanı bütün Cənubi Avropaya təbii qaz nəqli üçün əsas qovşağa çevirəcəyini bildirir. Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla bütün Qafqaz regionunda sülhü təmin etməyin həm də dünyanın geosiyasi tarazlığı üçün vacibliyini bildirən müəllif Qafqaz, xüsusilə də Azərbaycanın yeni nəqliyyat və kommunikasiya xətlərində strateji rol oynadığını vurğulayır, yenicə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışlaraq bu dəmir yolunun Çinin şərqini Aralıq dənizi hövzəsi ilə əlaqələndirərək, bütün Avrasiya sistemini hərəkətə gətirəcəyini, bu xəttin Aralıq dənizi və bütöv Avropanın gələcək rifahının asılı olacağı “Bir kəmər, bir yol”, İpək Yolu 2.0 kimi nəhəng layihənin tərkib hissəsi olduğunu yazır. Müəllif bütün bu kommunikasiya və enerji təchizatı xətlərinin Dağlıq Qarabağ münaqişəsi zonasına yaxın ərazilərdən keçdiyini və hərbi əməliyyatların bərpası halında bütün bu infrastrukturun qarşısıalınmaz zərərə məruz qala biləcəyini qeyd edir. Müəllif sonda vurğulayır ki, Ermənistanda ictimai rəyə təsir göstərən qüvvələr bu gün Qafqazda gedən inkişaf proseslərindən münaqişə ucbatından təcrid olunmağın İrəvana vurduğu zərər barədə xəbərdarlıq etməyə başlayıblar ki, bu məqam da münaqişənin diplomatik həllinə imkanlar aça bilər.
Ermənistan ordusundakı acınacaqlı vəziyyət davam edir
Yeri gəlmişkən, dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın işğalçılıq siyasəti ölkədə sosial-siyasi gərginlik yaradır. Artıq gənclər orduda xidmət etmək istəmirlər. Çünki onlar məcburi şəkildə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında da hərbi xidmətə göndərilirlər. Bu günlərdə Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə foto yayılıb. Fotonun altında “Ananın oğlunu hərbi xidmətə yola salmasının təsirli səhnəsi” sözləri yazılıb. Fotoda ana hərbi xidmətə yola saldığı oğlunu qucaqlayaraq ağlayır. Ananın ağlamağını başa düşmək olar. Ana ürəyi olduqca həssasdır. Lakin oğulun ağlamağı bir az anlaşılmazlıq yaradır.
Azərbaycanda musiqi sədaları altında şənliklə və gülümsəyərək ordu sıralarına yola salınan səhnələrdən fərqli olaraq, Ermənistanda orduya yolasalmanın faciə səhnəsini xatırlatması təsadüfi deyil. Ermənistanda həm hərbi xidmətə yola salınan, həm də onu yola salanlar başa düşürlər ki, ordu sıralarından sağ-salamat qayıtmaq çətin məsələdir.
Bəzi saytların yazdığına görə, ola bilsin, erməni əsgəri döyüş şəraitində özünün qabiliyyətini nümayiş etdirib sağ qalsın. Lakin komandiri tərəfindən döyülərək öldürülməyəcəyinə heç kəs zəmanət verə bilməz. Yəni fotonun şərhi belədir: hər kəs başa düşür ki, bu vidalaşma son vidalaşma ola bilər. Əsgərin evinə sağ-salamat qayıtması şansına bağlıdır.
Belə fotonun saytlar və sosial şəbəkələrdə yayılmasının səbəbi Ermənistan ordusundakı acınacaqlı vəziyyətdir. Orduda rüşvət və korrupsiyanın tüğyan etməsi ilə yanaşı, erməni əsgərləri hələ də nəyin uğrunda döyüşdüklərini başa düşmürlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
15.05.2018
“Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info