Azərbaycan bu il bal ixracını artıracaq
Tarix: 17.01.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər
Ötən il Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə çox olub

Dünya iqtisadiyyatında arıçılıq mühüm yer tutur. İstər arılardan əldə edilən bal, mum, arı südü, arı zəhəri və digər məhsullar, istərsə də arı yetişdirmək üçün istehsal edilən pətək, yeşik kimi vasitələrlə bağlı arıçılıq bir sektor halını alıb. Hər il arıçı sayı, arı yeşikləri və əldə edilən bal miqdarı artmaqdadır. Bu gün dünyada 65 milyon arı yeşiyindən ildə 1,5 milyon ton bal istehsal edilir.
Çin dünyanın ən çox arı yeşiyinə sahib ölkəsidir. Çində ildə 450 min ton bal istehsal edilir. “Global Industry Alalists, Inc” konsaltinq şirkətinin (GİA) proqnozuna əsasən, 2022-ci ildə satış məqsədli bal istehsalının həcmi 2,4 milyon tona çatacaq. Buna səbəb kimi bala olan tələbatın ərzaq, kosmetika və dərman sahələrində artması göstərilir. GİA-nın məlumatına əsasən, ümumi təbii bal istehlakının 48,1 faizi Asiya-Sakit okean regionunun payına düşür. 2016-cı ildə dünyada 2 milyard ABŞ dolları dəyərində bal idxal olunub. Dünya üzrə bal idxalının 21 faizi, yəni 166 min tonu ABŞ-ın payına düşüb.

Ötən il yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb
Ölkəmizdə də bu sahə ilbəil inkişaf edir və arı ailələrinin sayı getdikcə artır. Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı Prezident İlham Əliyev arıçılığın inkişafı ilə bağlı fikirlərini bildirib: “Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaq”.
Ölkəmizdə arı ailəsinin sayı 2016-cı ildə 260 min olub. 2015-ci ildə cəmi 3,62 ton bal ixrac olunmuşdusa, 2016-cı ildə bu göstərici 6,1 tona yüksəlib. Ötən il Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min dollar təşkil edib ki, bu da dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də həyata keçirilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və perspektivlərın olduğunu aydın görünür. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmarkaları keçirilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır. 2017-ci ildə də ənənəvi olaraq XVIII Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirildi. Bu yarmarkaya 333 nəfər arıçı öz məhsulunu satışa çıxardı ki, bu da 2016-cı ildən 78 nəfər çoxdur. Yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılmışdı ki, 2016-cı ildə 75 ton süzülmüş bal çıxarılmışdı.
Ölkəmizdə mövcud “Boz Qafqaz”,”Sarı Qafqaz” arı cinsləri , “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. KTN Türkiyə Tərəfdaşlıq Proqramı (ƏKTTTTP) Etimad fondu çərçivəsində yardım göstərilməsi üçün ƏKTT-yə müraciət edib, ƏKTTTTP idarəetmə komitəsi 2011-ci ilin iyun ayında keçirdiyi iclasda Azərbaycanda Arıçılıq sahəsinin dəstəklənməsi üçün 200000 ABŞ dollarının ayrılması təsdiq edilib. Bu yardımın köməkliyi ilə “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsinin icrasına başlanılıb.

Türkiyə keçən il 45 ölkəyə 6 min 495 ton bal ixrac edib
Son illər dünyada arıçılıq önəmli inkişafın olduğu bir sektora çevrilib. Bu gün bal istehsalında önəmli yer tutan ölkələrdən biri olan Türkiyə keçən il bal ixracından 23 milyon 893 min 69 dollar gəlir əldə edib. Şərqi Qara dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, Türkiyə keçən il 45 ölkəyə 6 min 495 ton bal ixrac edib.
İxrac nəticəsində əldə etdiyi gəlirlə ixrac miqdarını əvvəlki ilə nisbətən 79 faiz, dəyərini isə 60 faiz artırıb. Bu dövrdə Türkiyə ixracında 9 milyon 317 min 10 dollarlıq ixracla Almaniya birinci sırada yer aldığı halda, 8 milyon 192 min 292 dollarlıq ixracla ABŞ ikinci, 1 milyon 382 min 325 dollarlıq ixracla Səudiyyə Ərəbistanı üçüncü olub. Şərqi Qara dəniz bölgəsindən keçən il 4 ölkəyə 1 milyon 168 min 916 dollar qarşılığında 285 ton bal ixrac edilib. Bu dövrdə ixracın əvvəlki illə müqayisədə miqdarı 96 faiz və dəyəri isə 78 faiz artıb.
Bölgədən bal ixracında 599 min 674 dollarla Almaniya ilk sırada yer aldığı halda, bu ölkəni 432 min 65 dollarlıq ixracla Səudiyyə Ərəbistanı, 90 min 662 dollarlıq ixracla BƏƏ və 46 min 515 dollarlıq ixracla Qətər izləyib.

"Turizmin inkişafı da balın ixracına təsir edir"
DKİB İdarə heyətinin rəhbəri Gürdoğan açıqlamasında Türkiyə və bölgədən reallaşan bal ixracının hər keçən gün artdığını söyləyib. Almaniya, ABŞ və Səudiyyə Ərəbistanının əhəmiyyətli ixrac bazarları olduğunu deyən Gürdoğan, turizm potensialının bal ixracına təsir etdiyinə diqqəti çəkib: "İxracımız davamlı artır və 2017-ci ili 60 faiz artımla tamamladıq. Bu il də müsbət istiqamətdə irəliləyərək, daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram”. O, bölgədə balın əhəmiyyətli bir məhsul olduğunu və şabalıd balının bölgənin əhəmiyyətli dəyərlərindən olduğunu xatırladaraq, bu istiqamətdə marka yaratmağın lazım olduğunu deyib.
Gurdoğan, Səudiyyə Ərəbistanı bazarının Şərqi Qara dəniz bölgəsinin bal ixracında əhəmiyyətli bir potensiala sahib olduğunu, istehsal etdikləri balın 47 faizinin 2017-ci ildə bu ölkəyə ixrac edildiyini deyib: “Son illərdə ərəb turistlərin regiona marağı və onların məhsulları dadmaları Səudiyyə Ərəbistanına ixracı artırıb. Qara dəniz zəngin bir bitki örtüyünə və floraya malikdir. Son illər arıçılığın inkişafı ilə istehsal edilən balın marka olması ona marağı daha da artırıb. Bu da ixraca önəmli təsir göstərib”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.02.2018
Misir Prezidenti: “Qahirə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır”
22.02.2018
SOCAR AQŞ “Günəşli”də növbəti quyunu qazır
22.02.2018
“2019-cu ildə Azərbaycanda ÜDM 2% artacaq”
22.02.2018
“Bu il ən azı 600 kəndi əhatə edəcək 2000 kilometrdən çox avtomobil yolu çəkiləcək”
22.02.2018
Bakıda “Best of India Exhibition” adlı ticarət sərgisi keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8463

1 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
2 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”
5 “Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info