İƏT-in sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamələr qəbul edilib
Tarix: 18.01.2018 | Saat: 20:45:00 | E-mail | Çapa göndər
“Fransa Azərbaycan ilə dost olmaq istəyirsə, onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”

Xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda dəfələrlə Ermənistanın işğalçılıq siyasəti haqqında danışılıb. Elə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı Konfransının Tehranda keçirilən 13-cü sessiyasında da Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib. Bununla yanaşı, Sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Xocalı soyqırımına dair qətnamələr qəbul edilib.
Toplantıda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat veriblər. Sessiyanın sonunda qəbul edilən yekun kommunikeyə Azərbaycan nümayəndə heyətinin təklifi ilə üç bənd salınıb. Həmin bəndlərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təcavüzü pislənilir. Ermənistandan işğalçılıq siyasətinə son qoyması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni yerinə yetirməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur.
Üzv ölkələrin parlamentariləri 1992-ci ildə ermənilərin törətdikləri Xocalı faciəsini də qətiyyətlə pisləyiblər. Bildirilib ki, bu soyqırımı bütün üzv dövlətlər tərəfindən tanınır. Azərbaycanın öz ərazi bütövlüyü və torpaqlarının müdafiəsi uğrunda apardığı siyasət dəstəklənir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən azərbaycanlıların doğma yurd-yuvasına qaytarılması tələb edilir.
Miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlərin müzakirə olunduğu toplantıda qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi və ixtisaslaşmış komitələrinin təqdim etdiyi və sessiyada təsdiqlənən daha bir qətnamədə də ölkəmizlə bağlı bəndlər yer alıb. Sənəddə Azərbaycanın sivilizasiyalarası dialoqa verdiyi töhfə xüsusi vurğulanır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, eləcə də bu sahədə digər çoxsaylı tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyaya nümunə kimi göstərilir. Qətnamədə əksini tapan digər bir mühüm məsələ isə müsəlman ölkələrində mədəni, tarixi və müqəddəs İslam abidələrinin mühafizəsi ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları pislənir və təcavüzkar dövlət buna görə məsuliyyət daşımağa çağırılır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının tələblərinin pozulduğu vurğulanır. Sözügedən sənəddə də bütün üzv dövlətlər bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirlər.

Didye Şode:
“Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsinin vaxtı çatıb”
Yeri gəlmişkən, Fransa Milli Assambleyasında Azərbaycana dair konfransda da Dağlıq Qarabağ münaqişəsindən danışılıb. Konfrans Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) təşkilatçılığı ilə “Cənubi Qafqaz: Avropanın qonşusunu tanımaq” mövzusunda təşkil edilib. Tədbirdə çıxış edən CAPE-nin nəşr direktoru Didye Şode Cənubi Qafqazın geosiyasi mənzərəsi haqqında məlumat verib. Konfransın Azərbaycana həsr edildiyini bildirən D.Şode Cənubi Qafqazın siyasi, sosial, təhlükəsizlik və diplomatik inkişafının Avropaya birbaşa təsiri və onun maraq dairəsində olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanın regionda roluna toxunaraq, qonşu böyük dövlətlərlə münasibətlərindən, eləcə də dünyanın aparıcı ölkələrinin ölkəmizə maraqlarından, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng beynəlxalq layihələrdən söz açıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, bir milyon azərbaycanlının doğma yurdundan didərgin salnmasından danışan D.Şode Fransanın bu münaqişənin həllinə töhfə verməsinin vaxtı çatdığını bildirib.
Brüssel Azad Universitetinin müstəqil tədqiqatçısı Sebatyen Bussua Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan danışıb. Hələ XIX əsrdə dünya nəhənglərinin, Rotşild, Nobel kimi xarici sərmayəçilərin ölkəmizə maraqlarından danışan S.Bussua Xəzərin dünyada ən böyük neft və qaz ehtiyatlarından birinə malik olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.
O, regionun ən zəngin ölkəsi olan Azərbaycanın neft ehtiyatlarına görə “Qafqazın əjdahası” adlandırıldığını bildirib. Neftin nəqli yollarının şaxələndirilməsi siyasəti, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng boru kəmərləri haqqında məlumat verib.
“Cənubi Qafqazın digər ölkələri - nə Gürcüstan, nə də Ermənistan heç bir sahədə Azərbaycan ilə rəqabət apara bilməz. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin balanslaşdırılmasında mühüm rol oynayır”, - deyə S.Bussua diqqətə çatdırıb.

Jil Mihaeli:
“Aprel döyüşləri Azərbaycanın gücünü aydın şəkildə göstərdi”
Tarixçi və jurnalist Jil Mihaeli çıxışında daha çox antropoloji sahəyə toxunaraq Bakının hələ qədim zamanlardan kosmopolit şəhər olmasından, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehribanlıq şəraitində yaşamalarından söz açıb.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərinə, 2016-cı ilin aprel döyüşlərinə toxunub. Tarixçi alim aprel döyüşlərinin onun münaqişə ilə bağlı fikirlərini tamamilə dəyişdiyini, Azərbaycanın gücünü aydın şəkildə göstərdiyini bildirib.
Siyasi elmlər üzrə tədqiqatçı Səid Musayev Azərbaycanın multikultural ənənələrindən, bu zəngin irsin qorunub saxlanılmasından söz açıb. Azərbaycanın bu sahədə digər ölkələrə nümunə olduğu və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edildiyi diqqətə çatdırılıb. O, Azərbaycanda yaşayan etnik qrupların bir ailənin üzvləri kimi mehriban yaşadıqlarını vurğulayıb. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.
Didye Şode AZƏRTAC-a müsahibəsində belə konfransların ölkəmizin təbliğində rolunu vurğulayıb. Bildirib ki, Fransa Milli Assambleyasında deputatlara, siyasi təhlilçilərə Azərbaycanla bağlı ətraflı məlumatın verilməsi vacibdir və buna ehtiyac var: “Bütün sahələrlə bağlı geniş məlumat verildi, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Artıq böyük dövlətlər münaqişə ilə bağlı yanaşmanı dəyişməlidirlər. Köhnə metodlara son qoyulmalıdır”.
Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jülyen Borovczik konfransın əhəmiyyətinə toxunaraq, onun Azərbaycanın yaxından tanınmasına böyük töhfə olduğunu vurğulayıb. Ölkəmizin Parisdə kifayət qədər tanındığını bildirən deputat artıq əyalətlərdə də təbliğat tədbirlərinin təşkilinin vacibliyini qeyd edib: “Bəzi deputatlar Dağlıq Qarabağa səfər ediblər, bəzi fransız şəhərləri ilə sazişlər imzalanıb. Bütün bunlar ikili yanaşmadır. Fransa Azərbaycan ilə dost olmaq istəyirsə, onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9296

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info