Şəfiqə Axundovanın anadan olmasından 94 il keçir
Tarix: 21.01.2018 | Saat: 09:29:00 | E-mail | Çapa göndər
Hərənin öz qisməti, taleyi olan bu həyatda onun öhdəsinə bəstəkarlıq missiyası düşmüşdü. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.
AZƏRTAC xəbər verir ki, yanvarın 21-i görkəmli bəstəkar, Xalq Artisti, "Şöhrət" ordenli Şəfiqə Axundovanın anadan olmasından 94 il ötür.
O, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
İlk bəstəsi olan "Bala" mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı "Gəlin qayası" operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. Bu operada klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını, bəstəkarın xalq musiqisini mükəmməl bilməsini göstərir və əsərə uğur qazandırır.
Şəfiqə Axundovanın zəngin yaradıcılığına "Ev bizim, sirr bizim" operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" səhnə əsərlərinə, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun "Sənin nəğmən", "Çinar və mən", "Həyat, sən nə şirinsən?!", "Sular qızı", "Ötür illər", "Nədən oldu", "Bu torpağa borcluyam", "Doğma diyarım", "Şəki", "Gözlərimin işığı sənsən", "Gəl, ey səhər", "Mehriban olaq", "Yaşatdın elləri", "Sevgi ölmür" və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.
Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu gün də ifa edilir.
Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.
Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək, milyonlarla dinləyicilər zövq alacaqlar.




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Qüruru və əzəməti bir-birini tamamlayan “Mənim Naxçıvanım”
22.05.2018
Söz ömrünə calanan ömür
22.05.2018
Bakıda “Qədim el sənətləri” festivalı təşkil ediləcək
22.05.2018
“Cəfər Cabbarlı mükafatı” yeni laureatlarına təqdim olunub
22.05.2018
“Özbək şeir çələngi” kitabı nəşr edilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9296

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info