“YUNESKO-nun platformasından istifadə edərək həqiqətləri çatdırmaq lazımdır”
Tarix: 22.01.2018 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


olunmuş ərazilərimizdəki həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq”

Dünən Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke arasında görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb.
Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov bildirib ki, Almaniya hökuməti və xalqı ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın sülhpərvər missiyası, beynəlxalq hüquqa əsaslanmış mövqeyi bizi sevindirir.
“Azərbaycan xalqına məxsus mədəni abidələr yalnız işğal olunmuş ərazilərimizdə deyil, hətta bugünkü Ermənistan ərazilərində də məqsədyönlü şəkildə dağıdılır”.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Andreas Peşke qeyd edib ki, Almaniya bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.
Yeri gəlmişkən, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov da “Trend”ə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Anar Kərimov deyib ki, cari ilin 16 yanvar tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun baş direktoru xanım Odre Azule ilə görüşü zamanı konstruktiv və əməkdaşlıq ruhunda baş tutmuş görüşdə ölkəmiz ilə YUNESKO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib: “Həmçinin görüş zamanı nazir Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə mədəni irsimizin məqsədyönlü şəkildə dağıdılması faktları haqqında məlumatları baş direktorun diqqətinə çatdırıb, bu faktların ATƏT missiyaları tərəfindən də təsdiqlənildiyini bildirib və YUNESKO-nu da gələcəkdə bu kimi missiyalarda iştirak etməyə dəvət edib. Məlumat üçün bildirmək istərdik ki, 2012-2013-cü illərdə ölkəmiz Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin üzvü qismində belə bir missiyanın təşkil edilməsini təklif edib, lakin Ermənistan tərəfinin etirazları səbəbindən bu baş tutmayıb. Bundan əlavə, tərəfimizdən sözügedən Komitə çərçivəsində işğal olunmuş ərazilərdə mədəni abidələrin mühafizəsinə dair strategiya sənədinin əsası qoyulub. Ermənistan mediasında çıxan xəbərlərə, konkret olaraq Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz şəkildə yaradılmış qondarma rejimin sözlərinə gəldikdə isə vurğulamaq istərdim ki, bu fikirlər uydurmadır və hətta onlara ciddi yanaşıla bilməz. Belə ki, orada qeyd olunur ki, Dağlıq Qarabağda Azərbaycan xalqına məxsus 3 məscid var və onlar bərpa olunaraq mühafizə olunur. Bu, tamamilə yalandır. Rəsmi statistikaya görə, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində 738 mədəni monument, içərisində 83.500-dən çox sayda sərgi nümunələri olmaqla 28 muzey, 4 şəkil qalereyası, 14 memorial kompleks, 1107 mədəniyyət sahəsi üzrə qurum və 50-dən çox məscidlərimiz tam dağıdılıb və ya ciddi şəkildə zədələnib ki, bu da həm Azərbaycan mədəni irsinə qarşı böyük cinayətdir, həm də beynəlxalq hüququn bir sıra normalarının, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və 1970-ci il YUNESKO Konvensiyasının kobud şəkildə pozulmasıdır”.
O vurğulayıb ki, Azərbaycan xalqına məxsus mədəni abidələr yalnız işğal olunmuş ərazilərimizdə deyil, hətta bugünkü Ermənistan ərazilərində də məqsədyönlü şəkildə dağıdılır: “Buna misal olaraq göstərmək olar ki, Yerevanda mədəniyyət mərkəzi kimi istifadəyə verilən Göy məscid istisna olmaqla, Ermənistanda yüzlərlə digər məscidlərimiz (Abbas Mirzə məscidi, Məhəmməd Xan məscidi, Şah Abbas məscidi, Novruz Əli bəy məscidi, Zalı xan məscidi, Hacı İmam Vardi məscidi, Ağa dədə və s.) tamamilə yer üzündən silinib. Yəni mədəni abidələrimizin dağıdılmasının yalnız bir məqsədi var və o da Azərbaycan xalqının öz qədim torpaqlarına bağlılığına dair dəlilləri silməkdir. Bu, Ermənistan tərəfindən 20-ci əsrin əvvəllərindən həyata keçirilən və bu vaxtadək davam edən birbaşa terror və təmizləmə siyasətidir. Bu kimi qeyri-humanist və qanunsuz siyasət heç zaman uğur qazana bilməz! Etnik baxımdan zəngin regionun yeganə monoetnik dövləti olan Ermənistandan fərqli olaraq isə Azərbaycan tolerant və multikultural dövlət kimi bu tarixi ənənələri ilə fəxr edir. Və təsadüfi deyil ki, Bakının mərkəzində yerləşən erməni kilsəsi də yüksək səviyyədə bərpa olunaraq mühafizə olunur. Hətta ölkəmiz önəmli hesab etdiyi bu ənənələrin beynəlxalq səviyyədə təşviqi üçün də uğurlu siyasət aparır. Misal üçün, Azərbaycan Prezidenti tərəfindən təşəbbüs edilən Bakı Prosesi və onun çərçivəsində həyata keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu göstərilə bilər. Və xüsusilə vurğulamaq istərdim ki, bu proseslərdə Azərbaycanın əsas tərəfdaşlarından biri də məhz YUNESKO-dur”.

“Münaqişənin həlli üçün Ermənistan hərbi qüvvələri mütləq şəkildə işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmalıdır”

Anar Kərimov işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən mədəni abidələrimizin məqsədyönlü şəkildə dağıdılmasına qarşı atılmalı olan addımlara da toxunub: “Bildiyiniz kimi, YUNESKO BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə məsul qurumudur və biz də bu beynəlxalq Təşkilatın platformasından istifadə edərək işğal olunmuş ərazilərimizdəki həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır və buna qarşı müvafiq addımlar atırıq. Hərbi münaqişələr zamanı mədəni abidələrin dağıdılması, qanunsuz şəkildə daşınması bir sıra beynəlxalq hüquq normalarının kobud pozulmasıdır və bu normalara misal kimi, digərləri ilə yanaşı, 1954-ci il Haaqa Konvensiyası və YUNESKO-nun 1970-ci il Konvensiyası göstərilə bilər. Öncə də qeyd etdiyim kimi, Emənistan bu hüquqi öhdəlik verən instrumentlərə qoşulmasına baxmayaraq, sözügedən beynəlxalq hüquqi normaları öz fəaliyyəti ilə kobud şəkildə pozur. Bizim YUNESKO çərçivəsində bu məsələ ilə bağlı fəaliyyətimiz, əsasən, iki istiqamətdə aparılır. Birincisi, biz YUNESKO-nun müvafiq konvensiyaları və idarəedici qurumları çərçivəsində mövcud hüquqi instrumentlərdən istifadə edərək Ermənistan tərəfinin qanunsuz fəaliyyətlərini ifşa etməyə və onların qarşısını almağa çalışırıq. İkincisi isə dəyirmi masa, təqdimat və s. formatlarda tədbirlərin təşkili və çap materiallarının paylanılması, eləcə də bunların media və sosial şəbəkələrdə işıqlandırılması istiqamətində fəal iş aparmaqla BMT üzv dövlətlərini və geniş ictimaiyyəti məlumatlandırır və informasiya təbliğatı aparırıq. Həmçinin məsələyə verdiyimiz önəmi nəzərə alaraq, biz, ümumiyyətlə, bütün dünyada işğal da daxil olmaqla, silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması mövzusuna diqqətlə yanaşır və YUNESKO-nun bu istiqamətdəki fəaliyyətini dəstəkləyir və ona töhfə verməyə çalışırıq. Misal üçün, bildirmək istərdim ki, ölkəmizin təşəbbüsü ilə YUNESKO tərəfindən hərbçilərin maarifləndirilməsi məqsədilə münaqişə zamanı mədəni mülkiyyətin qorunması mövzusunda hərbi bələdçi hazırlanıb ki, ölkəmiz həm ekspert, həm də maliyyə dəstəyi vasitəsilə bu layihəyə böyük töhfə verib”.
Bu proseslərdə YUNESKO-nun roluna gəldikdə isə Anar Kərimov deyib ki, nazirin baş direktorla görüşdə bildirdiyi kimi, mədəniyyət və təhsil sahəsində mandatı olan BMT qurumu qismində bu təşkilat ölkəmizin işğal olunmuş ərazilərində mədəniyyət və təhsil obyektlərinin, zəngin maddi irsimizin dağıdılmasının monitorinqi prosesinə qoşula bilər: “Həmçinin aydındır ki, münaqişənin həlli üçün Ermənistan hərbi qüvvələri mütləq şəkildə işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmalıdır. Və ondan sonra YUNESKO da digər ixtisaslaşmış beynəlxalq təşkilatlar kimi öz mandatı üzrə Azərbaycanın sözügedən torpaqlarında bərpa və rekonstruksiya işlərinə qoşula və öz ekspert töhfəsini verə bilər”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”
08.08.2018
“Kəlbəcər işğal olunmuş ərazidir”
08.08.2018
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla anılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9859

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info