“Macarıstan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”
Tarix: 25.01.2018 | Saat: 20:39:00 | E-mail | Çapa göndər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar, xarici ölkələrin ölkəmizdəki səfirləri tərəfindən davamlı olaraq reallığı əks etdirən fikirlər səslənir.
Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Trend”-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçiriblər.

XİN: “Xocalı faciəsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar”
“Ermənistan rəhbərliyi və Ermənistan Xarici İşlər Nazirliyinin institusional yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala açıqlamasını xatırlatmaq istərdik. Tomas de Vaalın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibə yolu ilə” adlı kitabda səhifə 172-də Serj Sarkisyanın dedikləri istinad kimi yazılıb. “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik. Tomas de Vaal açıqlamasında bu müsahibənin səs yazısına da malik olduğunu bildirib. Ermənistanın milli qəhrəmanı terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabının 213-214-cü səhifələrində Xocalı soyqırımını törədənlərdən biri olan Monte Melkonyana istinadən yazır: “Xocalının bəzi sakinləri təqribən altı mil məsafə qət edərək təhlükəsiz əraziyə çıxsalar da, erməni əsgərlər onların arxasında gedirdilər. Sonra əsgərlər xəncərlərini çıxararaq bıçaqla zərbələr endirməyə başladılar”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırımı əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar: “Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər”.

Səfir: "İtaliya həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə töhfə verəcək"
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın mövqeyi həmişə sabit olub. Biz hər zaman balanslı mövqenin qorunması üçün tərəflərə eyni məsafədə dayanmağa çalışmışıq. İtaliyanın ATƏT-ə sədrliyi müddətində də siyasi dialoq apararaq belə davam edəcəyik”. Bu sözləri APA-ya müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
ATƏT-in Avropada mövcud münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan bir təşkilat olduğunu söyləyən A. Massari bildirib ki, yanvarın 11-də İtaliyanın xarici işlər naziri Angelino Alfano ölkənin ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayarkən Dağlıq Qarabağ münaqişəsinin uzun müddət davam etdiyini vurğulayıb.
Ötən həftə Krakovda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və həmsədrlər arasında əhəmiyyətli görüşün baş tutduğunu xatırladan diplomat qeyd edib ki, mövcud durumun 25 il yubadılması çox ağır haldır: “Bu yaxınlarda BMT baş katibi Antonio Qutterreşbəyan edib ki, ATƏT-in Minsk qrupu prosesi asanlaşdırmaq üçün proaktiv və dinamik yanaşma ortaya qoymalıdır. Həmsədrlər neçə illərdir bu istiqamətdə çalışır və İtaliya ümid edir ki, onların səyləri fayda verəcək. İtaliya həmsədrlərin səylərinə töhfə verməyə çalışacaq. Əminik ki, hər kəs barış üçün işləmək istəyir. İtaliya dünyanın digər bölgələrində münaqişələrin həllində vasitəçilik sahəsində müəyyən təcrübələrə malikdir və bu təcrübə bizə öyrədib ki, münaqişənin həllində tərəfləri ayıran şeylər deyil, birləşdirən şeylər üzərində işləməliyik. Mənim ölkəm həmişə hər kəsi dinləməyə, hər kəslə dialoqa hazır və istəklidir. Münaqişənin həlli prosesinə siyasi dialoq qurmaq, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə BMT, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də Madrid prinsiplərinə hörmətlə yanaşmaq daxildir".
A. Massarinin sözlərinə görə, münaqişənin həllində son irəliləyişlər müsbətdir: "Tərəflər arasında fərqli formatlarda görüşlərin keçirilməsi əhəmiyyətlidir, çünki danışanda barışıq üçün imkan yaranır. Danışmayanda heç bir şans yoxdur”.
Səfir ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya XİN rəhbərinin regiona səfəri ilə bağlı suala cavabında deyib ki, martda ölkədə seçkilər keçiriləcəyindən hazırda gələcək səfərlər haqqında nə isə demək mümkün deyil: “Səfərlərin olmasını təyin etmək üçün martda keçiriləcək seçkiləri gözləməliyik. Yeni parlament seçiləcək və yeni hökumət qurulacaq. Mart ayına kimi XİN rəhbərinin Azərbaycana gəlməsi çətin baş tutsun. Yeni parlament varsa, yeni hökumət olur. Yeni hökumət varsa, nazirlər də dəyişə bilər. Alfanonun seçkilərdən sonra yenə də xarici işlər naziri olub-olmayacağını bilmirəm. Əvvəlcədən nələrin olacağını demək çətindir”.

Avropa İttifaqı bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə edib
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmalıdır”. Trend-in məlumatına görə, bunu “Azernews”a müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib. Səfir qeyd edib: “Macarıstanın bu məsələdə qəti mövqeyi ondan ibarətdir ki, münaqişə dinc yolla Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmalıdır”. Diplomat xatırladıb ki, ötən ilin noyabrında “Şərq tərəfdaşlığı” sammitinin yekununda qəbul olunmuş bəyannamədə Avropa İttifaqı bir daha bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini ifadə etmişdi: “Sammit iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə nizamlanması üçün səyləri bərpa etməyə çağırıb”.

Gövhər Baxşəliyeva:
“İƏT Parlament İttifaqının XIII sessiyasında Ermənistanın Azərbaycana hərbi təcavüzü bir daha pislənildi”

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Tehranda keçirilmiş illik tədbirlərində və XIII sessiyasında üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını bir daha qətiyyətlə pisləyiblər. Tədbirlərdə Azərbaycanı Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təmsil ediblər.
Nümayəndə heyətinin rəhbəri İƏT Pİ-nin üzv dövlətlərinə və dünya müsəlmanlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O deyib ki, 25 ildən artıqdır Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz ərazisini işğal altında saxlayır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər etnik təmizləməyə məruz qalıb və talan edilib. Ermənistan işğal olunmuş torpaqlarımızda bütün mədəni, dini və arxeoloji abidələri məhv edib. Bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar bu kimi oxşar qərar və qətnamələr qəbul ediblər. Lakin Ermənistan onları yerinə yetirmir. Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”
14.02.2018
“Ermənistan tarixi hadisələrin yalançı versiyalarından istifadə edir”
13.02.2018
“Ermənilər bütün dünyada saxta təbliğat işi aparırlar”
12.02.2018
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info