Qaqik Yeqanyn: “Qaçqınlara ev tikmək üçün büdcədə pul çatmır”
Tarix: 01.02.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasəti ölkədə aclıq və səfaləti daha da gücləndirir. Artıq Ermənistanda xalq sosial vəziyyətdən narazılıq edir. İqtisadi tənəzzül, aclıq və səfalət, yürütdüyü işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salmış Ermənistanın real mənzərəsidir. Ölkədə sosial layihələr həyata keçirilmədiyindən əhalinin həyat səviyyəsi hər ötən gün ağırlaşır. AZƏRTAC xəbər verir ki, büdcəni xarici ianələr hesabına doldurmağa çalışan Ermənistan hökuməti indi də ölkə diasporunun hədəfindədir. Avropa Erməniləri Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə qoymamağa çağırıb. O, diaspor üzvlərinə nə qədər ki, ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, Ermənistana getməməyi məsləhət görüb.
Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan diaspor təşkilatının rəhbəri bildirib ki, hökumət əhaliyə daim yalan danışır. Onların fırıldaqçılığına görə Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar oradan qaçır. Diaspor ölkəyə kifayət qədər pul xərcləyib, biznes planlar hazırlanıb, lakin bütün səylər boşa çıxıb. Sərf olunan pullar təyinatı üzrə istifadə edilməyib. Belə olsaydı, Ermənistan iqtisadiyyatı tənəzzülə uğramaz, əhali isə normal şərtlər altında yaşayardı. Ölkədə isə hazırda böhran, aclıq və səfalət hökm sürür. Bütün bunların kökündə hökumətin yürütdüyü işğalçılıq siyasəti dayanır. Hakimiyyət illərdir ki, Dağlıq Qarabağ kartından öz maraqları üçün istifadə edir. Bu ölkənin ötən əsrin 90-cı illərində Azərbaycana qarşı başlatdığı ərazi iddiaları, birinci növbədə sadə vətəndaşlara təsir edib.
Hökumət həmin dövrdə Ermənistana köçən ermənilərdən istifadə edərək xarici təşkilatlardan külli miqdarda pul alır. Bu məsələni araşdıran “Epress.armenia” xəbər portalı ortaya maraqlı faktlar çıxarıb. Məlum olub ki, Ermənistan hökuməti bütün səfirliklərə Azərbaycandan gələn ermənilərin ölkələrinə buraxılmaması tapşırığını verib. Abovyanda məskunlaşan Stella Arutunyan ağır şərtlər altında yaşadıqlarını deyib. Qeyd edib ki, onlar Ermənistanda girov kimi yaşayırlar. Bir vaxtlar Azərbaycanda yaşadıqları həyat tərzindən burada əsər-əlamət yoxdur. Yerli ermənilər onlara düşmən münasibəti bəsləyirlər. Stella Arutunyan hələ aylar əvvəl “Epress.armenia” portalının jurnalistinə belə bir sual verib: “Siz belə şərtlər altında yaşasaydınız Ermənistan vətəndaşı olmaq istərdinizmi? Burada bizə yer yoxdur”. S.Arutunyan Ermənistanda yaşayan əhalinin iflas, işsizlik, pul vəsaitinin çatışmazlığı kimi problemlərə dözə bilmədiyini qeyd edib. Bu səbəbdən ölkəni tərk etmək istəyənlər arasında o da var. Lakin buna onun heç bir fürsəti qalmayıb. Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib ki, qaçqınlara ev tikmək üçün büdcədə pul çatmır, heç bir perspektiv də gözlənilmir.

“Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb”
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb. Belə ki, Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun regional əlaqələndiricisi Conatan Heys Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi və onun həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb. Nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, onun qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir.
Azərbaycanın öz torpaqlarının işğal altında qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını diqqətə çatdıran komitə sədrinin müavini bütün bunların Cocuq Mərcanlı kəndinin timsalında “Böyük qayıdış”ın bir nümunəsi kimi reallaşdığını bildirib.
Fuad Hüseynov qeyd edib ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. İndiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 265 min nəfər bu qəsəbələrə köçürülüb. Bunlarla yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva da ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox ciddi tapşırıqlar verib və bu işlər uğurla davam etdirilir.
Conatan Heys münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qonağın sualları cavablandırılıb. Dövlət Departamentinin rəsmisi Azərbaycan dövlətinin Cocuq Mərcanlı kəndində apardığı bərpa-quruculuq işlərinin onlarda böyük maraq doğurduğunu vurğulayıb.
Sonda Fuad Hüseynov 1990-cı illərin əvvəllərində beynəlxalq humanitar təşkilatlar tərəfindən ölkəmizdə olan qaçqın və məcburi köçkünlərə göstərilən humanitar yardımlardan danışıb və bunun bir xeyirxahlıq nümunəsi kimi ölkəmiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

“Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək”
Bu arada APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində iştirak edib. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək. Çıxışında “erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan E. Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və “status-kvo” problemin həlli deyil.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəvət olunan E. Makron bir gün bu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info