ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərindən nə kimi gözləntilər var
Tarix: 02.02.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin vaxtı dəqiqləşib. Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri barədə məlumat yayıb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həmsədrlərin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir. Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə isə həmsədrlər Azərbaycana bu gündən gəlməyə başlayacaq. Amerikalı həmsədr Endryü Şofer bu gün axşam Azərbaycana gələcək.
Həmin günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi gözlənilir. Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək.
Monitorinqdən sonra isə həmsədrlər A. Kaspşikin də iştirakı ilə Bakıda Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), StefanViskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinə də gedəcəklər. APA-nın “aysor.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.
T. Balayan deyib ki, həmsədrlər fevralın 8-9-da İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparandan sonra oradan Dağlıq Qarabağa səfər edəcəklər. Onların separatçı rejimin "rəhbərliyi" ilə görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, Ermənistandan əvvəl həmsədrlər Azərbaycanda səfərdə olacaqlar.
Yeri gəlmişkən, Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında fevralın 1-də telefon danışığı olub.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Politoloq Mübariz Əhmədoğlu həmsədrlərin səfəri ilə bağlı SİA-ya açıqlama verib: “Ümumiyyətlə, Azərbaycan xeyli müddət ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasının sayının 13 nəfərə çatdırılmasına razılıq verib. Əgər indiyədək missiyanın üzvlərinin sayı 6 nəfər idisə, onların sayına 7 nəfər də əlavə olundu. Sadəcə olaraq bunun müəyyən mənada görüntü tərəfləri var idi. Görünür, onu da razılaşıblar deyə, həmsədrlər regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək onların da mövqeyini öyrənəcəklər. Həm də mümkündür ki, həmsədrlər yaxın zamanda prezidentlərin görüşü ilə bağlı təklif irəli sürsünlər və bu görüşün özünü də rəsmi Moskva təşkil etsin. Bu, hazırda Dağlıq Qarabağ tənzimlənməsində aktivlik hesab olunur. Həmsədrlərin regiona səfəri çərçivəsində Dağlıq Qarabağa getməsi ilə bağlı heç bir əlavə məlumat yoxdur. Amma, adətən, belə olub ki, həmsədrlərin Bakıda olma tarixləri ilə Yerevanda olma tarixləri arasında fərq böyük olanda Azərbaycanın ərazisindən keçərək Dağlıq Qarabağa gediblər. Yəqin ki, onlar Dağlıq Qarabağa gedəcəklər. Bu özü də indiki dövrdə həmsədrlərin tənzimlənməni yekunlaşdırmaqla bağlı aktivliyinin göstəricisidir”.
O, Ermənistan prezidenti Serj Sərkisyanın Fransaya səfəri ilə bağlı “Azadinform” a açıqlama verib: “Fransaya səfər edən Ermənistan prezidenti bəzi məsələlərdə uğur qazansa da, ermənilərin ümummilli hesab etdiyi məsələlərdə Fransanın mövqeyinin dəyişməsinə dözdü”.
O bildirib ki, bəlkə də “erməni soyqırımı” və Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərini S.Sərkisyan güzəştə getməklə qarşıdakı proseslərdə legitimliyinin tanınmasına razılıq əldə etdi: “Emmanuel Makron Ermənistan-Fransa əlaqələrinin 2018-ci ildə aktiv inkişaf edəcəyini, Ermənistan cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi mərasimlərində Fransa xarici işlər nazirinin iştirak edəcəyini, özünün isə Frankafoniyanın Ermənistan sammitinə qatılacağını bildirdi. Bütün bunlar indiki prezident S.Sərkisyanın baş nazir postunda birinci şəxs olmasının legitimləşdirilməsi anlamındadır. E.Makron S.Sərkisyanla görüşdə “erməni soyqırımı”nın tanınması mövzusuna, demək olar ki, toxunmadı. Dağlıq Qarabağ tənzimlənməsində isə Ermənistanın mövqeyinin əksinə olan bəyanatlar verdi. E.Makronun belə mövqeyi onun Ermənistandan ərazi güzəştləri tələb etməsi mövzusunu gündəliyə gətirdi. E.Makronun S. Sərkisyandan ərazi güzəştləri tələb etməsi mövzusu əsassız deyil”.
Politoloq əlavə edib ki, Fransa prezidenti birgə mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı baxışlarını S.Sərkisyana çatdırdığını bildirib:
I. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil.
II. İndiki status-kvo qeyri-sabitdir.
III. Yalnız danışıqlar region xalqlarının naminə uzunmüddətli həlli əldə etməyə imkan verir.
IV. Həll bütün tərəflərdən cəsarətli, qarşılıqlı güzəştlər və konkret fəaliyyət tələb edir.
V. Proseslər hələlik kövrəkdir, yerdəki vəziyyət qeyri-sabitdir. Ona görə danışıqların bərpa olunmasının konkret tərəqqiyə gətirib çıxarması mütləq zərurətdir.
VI. Mən şəxsən bu prosesə qoşulmuşam və Fransanın bu məsələdə qərəzsiz vasitəçi rolu oynayacağına qətiyyətliyəm.
VII. Fransa tərəfi Rusiya və amerikalı tərəfdaşları ilə vəziyyəti izləyir və prosesi irəlilətmək üçün bütün imkanları nəzərdən keçirir”.
M. Əhmədoğlu qeyd edib ki, E.Makronun Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində iki yeni istiqamət xüsusi diqqət çəkir:
a) O, aktiv beynəlxalq siyasət aparan gənc prezidentdir. Mövqeyində qətiyyət və konkretlik var.
b) Əvvəlki prezidentlərdən, xüsusilə F.Olanddan fərqli olaraq E.Makron qoşunların təmas xəttində insidentlərin tədqiqi mexanizminin adını belə, hallandırmadı.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı "KPMG Azərbaycan" audit şirkəti bəyanat yayıb. Şirkətdən verilən məlumata görə bəyanatda bildirilir:"KPMG-nin Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı son zamanlar bəzi media vasitələrində (sosial media daxil olmaqla) çıxan məlumatla bağlı şirkət qeyd etmək istərdi ki, KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və olmayıb. Bundan əlavə, 2016-cı ilin əvvəlində KPMG MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləyib və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq etməkdədir. Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir".
Şirkət bildirir ki, KPMG Azərbaycan KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür:
"KPMG MDB-də beynəlxalq hüquqa və fəaliyyət göstərdiyi bütün ölkələrin qanunlarına hörmətlə yanaşdığını təsdiq edir və KPMG MDB-də Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyinə daim əməl edir".
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”
14.02.2018
“Ermənistan tarixi hadisələrin yalançı versiyalarından istifadə edir”
13.02.2018
“Ermənilər bütün dünyada saxta təbliğat işi aparırlar”
12.02.2018
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8422

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info