“Dağlıq Qarabağ münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib”
Tarix: 09.02.2018 | Saat: 20:04:00 | E-mail | Çapa göndər
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun Fransa parlamentinin “LeJournalDuParlement” jurnalında müsahibəsi dərc edilib. Elmar Məmmədyarov müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. XİN rəhbəri qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir: “1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan və terror əməlləri ilə müşayiət olunan aqressiv separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyillərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır”.
O bildirib ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir: “İkinci Dünya müharibəsində Almaniya və Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu bir daha təsdiq olunur, işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr Fransanın da daxil olduğu ATƏT Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır”.

“Ermənistan tərəfindən işğal siyasətinin tərkib hissəsi olaraq çoxsaylı cinayətlər, habelə soyqırımı əməlləri törədilib”
Onun sözlərinə görə, bəzən Avropadan olan tərəfdaşlarımız insan hüquqları məsələsini müzakirələrdə ön sıraya çəkirlər: “Amma onlar tərəfindən Ermənistanda öz tarixi torpaqlarından didərgin salınmış 250 min azərbaycanlının, 1989-cu ilin statistikasına görə Dağlıq Qarabağın ümumi əhalisinin 20 faizini təşkil edən 40 mindən çox azərbaycanlının, həmçinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayondan qovulmuş 700 mindən artıq azərbaycanlının hüquqlarına laqeyd münasibət bəslənilir. Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququ Avropa İttifaqından olan tərəfdaşlarımız və insan hüquqları təşkilatlarının tam diqqətində olmalıdır.
İşğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin nəticəsində Azərbaycan İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb. Ermənistan tərəfindən işğal siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, habelə soyqırımı əməlləri törədilib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yer üzərindən silinən, 600-dən çox dinc sakinin, o cümlədən uşaq, qadın və yaşlıların amansızcasına öldürüldüyü Xocalı soyqırımı münaqişənin ən qanlı səhnələrindən biridir”.

“Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir”
Elmar Məmmədyarovun fikrincə, münaqişənin digər bir faciəvi humanitar aspekti əsir və itkin düşmüş şəxslərdir: “Aralarında çoxsaylı mülki şəxslər də olmaqla, 4000-dən çox azərbaycanlı əsir və itkin düşmüş hesab olunur. Ailələr 25 ildən artıq dövr ərzində öz yaxınlarının taleyi barədə məlumat gözləyirlər. Bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən iki nəfər soydaşımız-DilqəmƏsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlar hələ də Ermənistan tərəfindən girovluqda saxlanırlar. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin humanitar aspektlərinə, o cümlədən itkin düşmüş şəxslər məsələsinə göstərdiyi diqqəti təqdir edirik və bunlar münaqişənin həllinə töhfə verən bilən məqamlardır”.
XİN rəhbəri deyib ki, bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağı Azərbaycan ərazisinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir: “Ermənistan gücdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə zidd olaraq danışıqları pozmaq siyasəti yürüdür.
Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir”.

“Ümid edirik ki, Paris Dağlıq Qarabağ münaqişəsinin həllində fəal şəkildə iştirak etməkdə davam edəcək”
O, Minsk qrupu tərəfindən aparılan sülh prosesinin nəticəsinin olmadığını qeyd edib: “Belə ki, 25 ildən çox fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. Minsk qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk qrupu tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT TŞ-nin xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindənçıxarılmasına dair təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.
Nəzərə almaq lazımdır ki, Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar.
Bir faktı xatırlatmaq istərdim. 2014-cü ilin noyabrında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə konkret məsələlər ətrafında müzakirələr aparıldığı halda, Ermənistan tərəfi görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində 40 min nəfərdən artıq şəxsi heyətin iştirakı ilə hərbi təlim keçirərək təxribata əl atdı və danışıqları pozmağa çalışdı.
Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub.
Odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindənçıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür”.
Elmar Məmmədyarova görə, hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur: “Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcək. İşğala və bir milyondan çox vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır.
Bu xüsusda, biz ümid edirik ki, Paris Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal şəkildə iştirak etməkdə davam edəcək. Həqiqətən, münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməsi Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaq. Bundan təkcə region ölkələri deyil, Avropadan olan tərəfdaşlarımız, o cümlədən Fransa da faydalana biləcək”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9303

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info