İfası UNESCO-nun xətti ilə vala yazılan ilk azərbaycanlı musiqiçi
Tarix: 12.02.2018 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq Artisti Bəhram Mansurovun doğum günüdür.
Anadan olmasının 107-ci ildönümü tamam olan Bəhram Mansurovun bənzərsiz sənət dünyası, qoyduğu irs bu gün də yaşayır və neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, onlara yol göstərir.
Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda anadan olub. Bütün Mansurovlar kimi o da İçərişəhərdə boya-başa çatıb. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynayıb. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadı”. Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.
Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.
Bəhram Mansurov 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib.
Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq Artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib.
Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.
Hər dəfə görkəmli tarzən, muğamların mahir ifaçısı Bəhram Mansurova qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info