Komaya düşən idmançı medal qazanıb
Tarix: 12.02.2018 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Təxminən bir il əvvəl məşq zamanı yıxılaraq komaya düşən kanadalı snoubord idmançısı Mark Makmorris "Pxençan-2018" Qış Olimpiya Oyunlarında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o vaxt ağaca çırpılaraq ağır xəsarət alan və zədələnərək uzun müddət yaşamaq uğrunda mübarizə aparan kanadalı snoubord idmançısı Cənubi Koreyanın Pxençan şəhərində təşkil edilən Olimpiya Oyunlarında ilk üçlükdə yer alaraq gözlənilməz uğura imza atıb.
Bu hadisədən sonra idmana qayıdışı mümkünsüz görünən 24 yaşlı atlet olimpiadada snoubord yarışlarının sloupstayl növündə 85,20 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O zaman Makmorris dağda həmin dəhşətli hadisə baş verdikdən 1,5 saat sonra tapılaraq helikopterlə xəstəxanaya çatdırılan gənc idmançının bədənində 16 sınıq, o cümlədən qolunda, qabırğasında, çənəsində, çanağında sınıqlar və ağ ciyərin əzilməsi aşkarlanmışdı. Koma vəziyyətinə düşən Makmorrisin üzərində iki dəfə cərrahiyyə əməliyyatı aparılmışdı.
İdmançı başına gələn hadisənin ağır avtomobil qəzasına bənzədiyini bildirərək deyib: "Məşq zamanı havada müxtəlif idman fəndləri yerinə yetirərkən qəflətən ağacın üstünə düşdüm. Ağaca çırpıldıqdan sonra tərpənə bilmirdim. Xilasediciləri uzun müddət gözlədim və sonra yaşamaq uğrunda mübarizə apardım. Daha snoubord idmanı ilə məşğul ola bilməyəcəyimi və öləcəyimi düşünürdüm".
İndi kanadalı snoubordçu zədələnməkdən qorxmur. Ötən il baş vermiş qəza ona idmanda yüksəliş yollarının asan olmadığını daha yaxşı öyrədib: “Bu hadisənin təkrarlanmasından ehtiyat etmirəm. İki əvvəl də bud sümüyüm qırılmışdı. Son bir neçə ildə ağır zədələr aldığımdan qazandığım hər hansı medalın mənim üçün necə dəyərli olduğunu anlamaq mümkündür. Mən indi bu idmanı daha çox sevirəm. Digər tərəfdən mənə çətin günlərimdə dəstək olan və dağa dönüb snoubordla məşğul olmaq üçün ilham verən azarkeşlərim qarşısında böyük məsuliyyət hiss edirəm".
Rusiyada 2014-cü ildə təşkil edilən Soçi Qış Olimpiya Oyunlarında da bürünc medal qazanan Makmorris 2013-cü ildə snoubord üzrə dünya çempionatında gümüş, ötən ilin noyabrında Çində keçirilən dünya kuboku mərhələsində isə qızıl medala yiyələnib. O, bir il əvvəl snoubord üzrə dünya reytinq sıralamasında ilk pillədə yer almışdı.
Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarına yeni və gənc auditoriyanı cəlb etmək üçün belə sərbəst hərəkət idman növlərini proqrama daha çox daxil edir. Bu idman növləri ona görə populyardır ki, snoubordçular havada inanılmaz atletizm fəndləri və hərəkətləri yerinə yetirirlər. Ancaq buna baxmayaraq, snoubord çətin idman növüdür və burada zədələnənlər çox olur. Belə ki, Olimpiya Oyunlarına yolu həkimlərdən keçən Mark Makmorris kimi çoxsaylı atletlər var.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil
23.03.2019
Tanınmışların “əkiz tayları“
22.03.2019
Qadınlar niyə kişilərdən çox yaşayır?
22.03.2019
Toyuğu bişirməzdən əvvəl yumayın
22.03.2019
Yeni Zelandiyanın Xarici İşlər naziri müğənni Haluk Leventə təşəkkür etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info