Bir daha şeir haqqında...
Tarix: 12.02.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Müasir ədəbiyyatımızda yazılan şeirləri çap məhsulları və sosial şəbəkələrdən mütəmadi olaraq izləyirəm. İndiki dövrdə yazılan bir çox şeirlərdə təkrarçılıq məzmum və mahiyyətcə hiss olunur. Bunun səbəbləri haqqında şairlərlə yanaşı, ədəbiyyatşünaslıqla məşğul olan ədəbi-tənqidçilər də ciddi şəkildə maraqlanırlar. Şübhəsiz ki, bu zaman ədəbi-tənqidçilər bir-birindən fərqli səbəblər nümayiş etdirirlər. Bu və digər səbəblərdən asılı olaraq hal-hazırda ədəbiyyatımıza modernizm və postmodernizm kimi yeni anlayışlar daxil olub.
Maraqlıdır ki, niyə klassik ənənədən üz çeviririk? Ədəbiyyatımız klassik ənənə üzərində neçə minillik inkişaf yolu keçib. Günümüzün dahiləri klassik ənənə üzərində yazıb-yaradıblar. Şübhəsiz ki, ədəbiyyat yeniliyin tərəfdarıdır və bu səbəblə məqsədəuyğun yeniliyi qəbul etmək lazımdır. Məgər bizi modernizm və postmodernizmə keçməyə vadar edən nədir? Bu sual isə hər bir ədəbiyyat insanını düşündürür.
Günümüzdə artıq ədəbiyyat nəzəriyyəçiləri də bunu qəbul edirlər ki, dilin söz imkanları tükənir. Yəni indiyə kimi yaradıcılıqla məşğul olan şairlər dilin zəngin imkanlarından geniş şəkildə istifadə ediblər. Bu problem nə qədər müzakirə obyekti olsa da, həqiqətə daha yaxındır. Şairlərin yaradıcılığına müraciət etdikdə onların söz ehtiyatlarının, həqiqətən, az olduğunu görürük. Yaradıcılıqlarında istifadə olunan söz və qafiyələr digər şeirlərdə çox zaman təkrarlanır. Məncə, peşəkar şairlər bu problemi hər zaman qorumalıdırlar.
Dilin söz imkanları tükənən bir dövrdə necə yaradıcılıqla məşğul olmaq olar? Ədəbiyyat hansı istiqamət üzrə davam etməlidir? Təkrarçılığın qarşısı necə alınmalıdır? Bu suallar ədəbiyyat insanını ciddi şəkildə narahat edir. Problemin həllinə yönələn bir çox təkliflər var. Buna dünya ədəbiyyatında da rast gəlinir. Həqiqətən, belə bir zamanda hansı ədəbiyyatçıların ədəbiyyat tarixində qalacağı maraqlıdır.
Yuxarıda qeyd olunan və olunmayan bir sıra səbəbə görə ədəbiyyat insanları modernizm və postmodernizm istiqamətində yaradıcılıqlarını davam etdirirlər. Şübhəsiz ki, bu istiqamətin də nəzəri sahələri tərtib edilməli və ədəbiyyat nəzəriyyəsinə əlavə olunmalıdır.
Bu gün ədəbiyyatda olan narazılığın bir çoxu modernizm və postmodernizmin vahid nəzəriyyəsinin olmamasından irəli gəlir. Ədəbiyyat nəzəriyyəçiləri bu istiqamətdə ciddi araşdırmalar aparmalıdırlar. Bu zaman xarici ədəbiyyat nəzəriyyələrinin tam ədəbiyyatımıza tətbiqinin əleyhinəyəm. Həmin nəzəri qaydaların tərtibi prosesində ədəbiyyat nəzəriyyəçiləri ilə yanaşı, ədəbi-tənqidçilər, şairlər və yazıçıların da iştirakı mütləqdir. Günümüzdə modernizm və postmodernizmlə bağlı nəzəri qaydalar pərakəndə şəklindədir. Biz burada daha çox xarici ədəbiyyatda olan nəzəri qaydaları ədəbiyyatımıza gətirməyə çalışırıq ki, bu da bır sıra haqlı narazılıqlara səbəb olur.
Bəzən sərbəst şeir formasında yazılan şeirlərlə modernizm və postmodernizm istiqamətində yazılan şeirləri eyniləşdirirlər. Bu cür yalnışlığa yol vermək olmaz. Bunlar bir-birlərinə nə qədər yaxın olsalar da, fərqlilik hiss olunur. Öncə qeyd edim ki, sərbəst şeirin nəzəri qaydaları ədəbiyyat nəzəriyyəmizə tam oturmuşdur. Bu istiqamətdə ciddi yaradıcılıqla məşğul olan şairlərimiz yetişmiş və əsərlər yazılmışdır. Sərbəst şeirlərimizdə Şərqin qədim ədəbi mühiti hiss olunur. Müasir modernizm və postmodernizm şeirlərində isə Qərbin ədəbi mühiti özünü daha çox büruzə verir.
Günümüzdə şairlər dilin söz ehtiyatından zəngin istifadə etmirlər. Əksər yaradıcı insanlar qədim və unudulan sözləri ədəbiyyata gətirmir, dilin söz yaratmaq qabiliyyətindən bəhrələnə bilmir və dil lüğətlərindən kasad dərəcədə istifadə edirlər. Bir sözlə, müasir şairlərin dil bilikləri ürəkaçan deyildir. Belə olduqda isə ədəbiyyatın inkişaf sürəti zəifləyir. Çünki ədəbiyyat köklü sürətdə dildən asılıdır. Dilsiz ədəbiyyat yoxdur.
Yuxarıda sadalanan səbəblər şairlərin klassik şeir formalarından uzaqlaşmasına səbəb olur. Modernizm və postmodernizm kimi klassik şeirə baxdıqda asan yazılan şeir formalarına daha çox üz tuturlar. Bu isə öz növbəsində ədəbiyyatın inkişaf xəttinin dəyişməsinə səbəb olur. Maraqlıdır ki, bu sahədə daha çox gənc nəsil yazır. Həmin gənclərin bir çoxu isə ədəbiyyatın yeni sahəsi olan modernizm və postmodernizmin bədii fəlsəfəsini dərindən bilmirlər.
“Palitra” qəzetinin 6 fevral 2018-ci il tarixli nüsxəsində filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov ədəbiyyatımıza yeni daxil olan modernizm və postmodernizm şeirləri ilə sərbəst şeirləri paralel şəkildə müqayisə edərək vurğulayır: “Son vaxtlar modernizm və postmodernizm kimi yeni terminlər yaranıb. Bunların mahiyyəti nədir? Bunlar indiyə kimi klassik şeirin qızıl qanunlarına etinasızlıqdır. Belə şairlər klassik şeirlərdə fikirlərini qafiyədə verə bilmirlər. Belə olduqda həmin şairlər çalışırlar ki, fikirlərini sərbəst şeirlərdə versinlər”.
Klassik şeirlərin modernizm və postmodernizm şeirlərindən bir sıra üstün cəhətləri var. Klassik şeirlərdə vahid məzmun və forma olur. Belə şeirlər oxucuya konkret bir fikir çatdıra bilir, oxucu həmin əsərin yazılma səbəbi haqqında müfəssəl məlumat əldə edir. Şübhəsiz ki, həmin şeirlər daha çox oxunaqlı olur. Ancaq modernizm və postmodernizm şeirlərində biz konkret forma və məzmuna dağınıq şəkildə rast gəlirik.
Yuxarıda şairlərin yaradıcılıqları ilə bağlı bir sıra problemləri qeyd etdik. İndi isə ədəbiyyatda olan cərəyanların bir-birini əvəzləməsindən söhbət açağın. Əlbəttə, hər bir elm kimi ədəbiyyatda da yenilikdən qaçmaq labüddür. Amma bu yeniliklər bir-birini kor-koranə əvəz etməməlidir. Hər bir cərəyanın sanballı elmi nəzəriyyəsi olmalıdır. Yeni yaranan cərəyanlar isə o demək deyildir ki, mütləq qəbul edilməlidir. Hər bir cərəyanın yaşama ömrü var və bununla razılaşmaq şərtdir. Bəzən də elə cərəyanlar var ki, hər əsr yenidən doğulur. Ədəbiyyat tariximiz bunu bizə aydın şəkildə göstərir.
Klassizm ədəbiyyatımızda uzunömürlü olan cərəyandır. Dahi ədəbiyyat insanlarımız bu cərəyanda daha çox yazıblar. Şairlərimiz nümunəvi əsərlərini klassizmdə təqdim ediblər. Elxan Nəcəfov “Senet.az” saytında bu haqda yazır: “Klassik (ənənəvi) əsər xarici dünyaya, ətrafa və ictimai olana əhəmiyyət verir. Ənənəvi əsərlər məzmuna, hadisənin danışılmasına əhəmiyyət verir”.
Bu gün klassizmi əvəz edəsi modernizm ədəbiyyatı yaranıb. Modernizm ədəbiyyatının da öz xüsusiyyətləri var. “Modernist yazıçı həqiqətin xarici dünyada deyil, insanın daxili dünyasında gizli olduğuna inanır və ictimai olana deyil, psixoloji olana üstünlük verir. Modernist yazıçı təhkiyədə dialoq və nağıletmə yerinə, psixoloji düşüncənin açılmasına üstünlük verir, şüur axışını oxucuya açmağa çalışır. Dolaşıq və kompleks izahat üsullarından istifadə edir. İşarələrə, mifologiyaya, əfsanələrə, mistisizmə, nihilizmə və fantaziyalara inam göstərir. Süjetdəki hadisələrin açılmasında kənar ünsürlərdən köməkçi vasitə kimi istfadə edir. Hadisələrin qurulması estetik qayğı ilə və insana xas bir həqiqəti ifadə etmək üzrə tənzimlənir”(E.N). Göründüyü kimi, ədəbiyyatımızda modernizm də müfəssəl inkişaf edə bilmir. Çünki bu cərəyanın daşıyıcıları Qərbdə formalaşıb. Modernizm Qərbdə yaranaraq Şərqə axın edir. Bəzən isə tədqiqatçılar əksinə, bu cərəyanın vaxtilə Şərqdən Qərbə keçdiyini vurğulayırlar.
“Postmodernizm hər kəs tərəfindən qəbul edilmiş milli-mənəvi (həmçinin beynəlmiləl) dəyərləri rədd edir. Postmodernizmdə həqiqət ünsüründən daha çox xəyalpərəstlik ön plandadır”(E.N). Bu istiqamətdə isə ədəbiyyatımızda poetik əsərlər hələ ürəkaçan səviyyədə deyildir. Günümüzdə də əsərlərin bir çoxu klassik üslubda yazılır. Nəzəriyyəçilər modernizm və posmodernizmi çox zaman qəbul etmirlər. Ədəbiyyat nəzəriyyətçiləri klassizmə üstünlük verirlər.



Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsində
09.08.2018
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
08.08.2018
“Kitabi-türki” yenidən nəşr olunub
08.08.2018
Alban kilsəsində arxeoloji tədqiqatlar aparılır
08.08.2018
“Aşıq Şəmşir” Mədəniyyət Ocağının layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9860

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info