“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır
Tarix: 12.02.2018 | Saat: 20:58:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilib, cinayətkarlar şəhəri tərk etmək məcburiyyətində qalan dinc azərbaycanlıları amansızcasına qətlə yetirib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb.
Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq edib, məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və əzəli Azərbaycan ərazilərində “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu hadisələr sırasında 100 illiyini qeyd etdiyimiz, 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən, dünya tarixində özünün ağır nəticələri ilə seçilən soyqırımı da xüsusi yer tutur.
Xocalı soyqırımını törətməklə hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalıb, 20 min soydaşımızın həyatına son qoyulub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törədiblər.
Bəyanatda deyilir ki, Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciəti olub, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib.
İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi bir daha sübut edir. Lakin erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir.
Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir.
Azərbaycan tərəfi 30 ilə yaxın davam edən bu təcavüzə son qoyulmasına, sülhün bərqərar edilməsinə mütəmadi olaraq səylər göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyi ilə bağlı ədalətli mövqeyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib.
Hər il olduğu kimi, bu il də həmin soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib və icra olunur.
Bəyanatda vurğulanır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.
Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıyıblar.
ABŞ-ın 22 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub.
Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.
Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almayıb, bu beynəlxalq cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, onlara layiq olduqları cəzalar verilməyib və bu məqsədlə hər hansı bir tədbir görülməyib.
“Həmin faciə zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda qeyd olunanları, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, bildirirəm ki, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı cəza tədbirləri tətbiq edilməlidir. Hər bir dövləti, beynəlxalq təşkilatları bir daha bu soyqırımını ədalət naminə tanımağa, onu törədənlərin cəzalandırılması üçün həmrəyliyə və səyləri artırmağa çağırıram.
26 il əvvəl törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”, - deyə ombudsman bəyanatda qeyd edir.
Hacı




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9303

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info