İsa Cavadoğlu yaradıcılığında Vətən uğrunda mübarizənin təsviri və tərənnümü
Tarix: 13.02.2018 | Saat: 17:54:00 | E-mail | Çapa göndər
Doxsan yaşın astanasında olan şair-pedaqoq İsa Cavadoğlu ömrünün 62 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Bu prosesdə insanlara deyə bilmədiklərini mənəvi tərbiyənin əsas meyarı olan ədəbi əsərlərin dili ilə, xüsusən, poeziya vasitəsilə deməyə çalışmış və demək olar ki, bu sahədə böyük uğurlar qazanmışdır. Orta məktəb illərindən yaradıcılığa başlayan şairin şeirləri el arasında yayılmış, həm həmin janrda olan şeirləri, həm də müxtəlif elmi-publisistik yazıları dövri mətbuatda zaman-zaman dərc olunub, işıq üzü görmüş, radio-televiziya kanallarında, müxtəlif ictimai tədbirlərdə oxunmuş, göstərilmiş, kitablarının təqdimatları keçirilmişdir. Sənətə qiymət verən ziyalılar şair İsa Cavadoğlu haqqında təqdiredici fikirlər söyləmişlər.
Lakin, əyalətdə yaşayan bu ustad sənətkarın yaradıcılığı şəhərdə-mərkəzdə yaşayıb şöhrətlənən qələm sahibləri səviyyəsində tədqiq və təbliğ edilməmişdir. Yarım əsrdən artıq bir zamanda Hüseyn Bozalqanlı adına “Varislər” əbədi məclisinin rəhbəri olan, o vaxtdan bəri yetişən şair və bir çox ziyalıların özlərinin şərəflə ustadları saydıqları şair-pedaqoq İsa Cavadoğlunun çox şaxəli yaradıcılığı əsl mənada tədqiqata layiqdir.
Bu yazıda İsa Cavadoğlunun Azərbaycanın müstəqilliyi ərəfəsində olan yaradıcılığına nəzər salaq.
1989-cu ilin dekabr ayında yazdığı 18 bəndlik “Aldanmışıq” adlı şeirində şair bütün türk dünyası fonunda Azərbaycanın da zaman-zaman parçalandığını, bu gün yenə qara kabusun Azərbaycanı “yan”, “van” markalı viruslarla yoluxdurduğunu söyləməklə bir daha aldanmamaq üçün and içməyə haraylayır:
Gəl And içək uluların növrağına!
Məmmədəmin, Səttarxanlar torpağına!
Atatürkün yenilməyən bayrağına!
Üçrəngli bayrağımız olsun mayaq!
Aldanmayaq, aldanmayaq, aldanmayaq!
20 dekabr 1989
(Şeir şairin “Ya qismət” kitabından götürülüb)
Viruslar fəallaşanda ayağa qalxan qarşısıalınmaz coşqun Azərbaycan selini şair “Kərəmi çalındı, Cəngi çalınsa”, “Bircə Qarabağ var” şeirləri ilə alqışlayır:
...Yandırar əlini bu odlu torpaq!
Odlar ölkəsidir qədim Qarabağ!

...«Cəngi» yayıldımı bizim ellərə,
Eşqi qılınc olar ruhun, canın.
Axar dəliləri Çənlibellərə
Başına döndüyüm Azərbaycanın!

Yenə qara kabus yoluxdurduğu virusların məhvinə mane olur:
İyirmi yanvar doxsanıncı il,
Çəkdi imtahana Azərbaycanı.
Ölkə dalğalandı dənizlər kimi,
Atdı burulğana Azərbaycanı!

Azadlığın asanlıqla əldə edilmədiyini, özümüz qurban getsək də, Vətəni qurban verməyəcəyimizi və bu vuruşla Azərbaycanı bütün dünyada tanıtdığımızı bəyan edir:
Ağlama, od oğlu, aman günüdü!
Odlar ölkəsinin yaman günüdü,
Azadlıq yolunda qurban günüdü,
Vermərik qurbana Azərbaycanı!

Ey tanksız tank ilə döyüşən millət!
Sənin silahındır birlik və qeyrət!
Nazilər, üzülməz, bil ki, həqiqət
Tanıtdın cahana Azərbaycanı!

Yenə də doxsanıncı ildə yazdığı “İnam” şeirində, “Vətən bir qaladır, sinəmiz sipər” deyərək xalqına, millətinə təskinlik verir:
Qeyrət zamanıdır, deyil sonumuz,
Gər şəhid olsaq da bir milyonumuz,
Artıb törəyəcək birə onumuz,
Nəslimiz, soyumuz davam edəcək.
Haqq özü haqq işə iqdam edəcək!
Doxsanıncı ildə əli silahsız xalqın tankların altında əzildiyi vaxtdan Azadlıq vulkanı püskürərək ərşə bülənd oldu. Bakıda alovlanan atəş bütün rayonlarda, kəndlərdə parlayaraq oyanmış bütün Azərbaycan xalqını ayağa qaldırdı. Qara kabus bu alovları söndürə bilmədi, lakin öz bəd əməlindən də dönmədi, törətdiyi virusla Qarabağ düyününü yaratdı.
Müstəqillik əldə edilənə qədər çox gərgin və çətin tarixlər yaşandı, İsa Cavadoğlu da yazıb çap etdirdiyi çoxsaylı şeirləri ilə bu azadlığı qoruyub saxlamağa çağırırdı. Həmin şeirlərin hamısı olmasa da, bir neçəsinin adını və nümunə üçün bir-iki misal göstərmək istərdik. “Şəhidlər”, “Vətən oğullarına”, “Eşq olsun”, “Bu gün”, “Çəkir”, “Parçalanmışıq”, “M.Ə.Sabirə xitab”, “Qorxuram”, “Daşındı”, “Şəhid atası”, “Haraya aparır bizi bu yollar”, “Haray”, “Kür sahilində”...
Azadlıq birlik ilə qoşa gedər, tən gedər,
Bu vəhdətin nurundan qar əriyər, çən gedər!
Ey azad millətimiz, Azadlıq əldən gedər
Nəzarətçi olmasaq özümüzə özümüz!


Bir oğul istərəm çıxa meydana,
Xalqı arxasınca apara bilə.

İsa Cavadoğlu 12-18 avqust 1993-cü il tarixində 48 bəndən ibarət “Heydər baba” poemasını yazır. Azərbaycanın azadlıq hərəkatına, müstəqillik uğrunda mübarizəsinə həsr olunan şeirlərini bir sənədli əsər şəklində formalaşdırsaq, bu poema həmin əsərin epiloqu və Heydər Əliyev şəxsiyyətinə həsr edilən ilk qiymətli poeziya nümunəsi hesab oluna bilər. Yazıldığı tarixdən 10-15 gün sonra əsər “Tovuz” qəzetində çap olunur. Əsər çap olunan gündən əldən-ələ keçərək Bakıya qədər yayıldı.
İndi isə tanınmış söz sahiblərinin İsa Cavadoğlu yaradıcılığı haqqında söylədikləri fikirləri oxucularla paylaşaq.

... İsa müəllim uzun yaradıcılıq yolu boyunca öz gözündən düşəsi məzmun(dəyər) kəsb etməyən şeir yazmayıb: yaxud belə hadisəni (əslində, hadisəsizliyi) şeirləşdirməyib.
Qənirə Paşayeva
millət vəkili

İsa Cavadoğlu həm də vətəndaş bir şairdir. Doğma Azərbaycanımızın taleyi onu daim düşündürmüş, narahat etmişdir. Onun “Azərbaycanam”, “Heydər baba” şeirləri çox qısa bir vaxtda Azərbaycan oxucusunun qəlbinə yol tapdı, müəllifinə isə şöhrət qazandırdı.
Tofiq Zeynalov
Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı

İsa Cavadoğlunun yaradıcılığında müxtəlif janrlardan istifadə edilir və burada vətənpərvərlik motivləri xüsusi yer tutur.
Qəzənfər Paşayev
Filologiya elmləri doktoru, professor

Mən şair İsa Cavadoğlunu ilk dəfə bir şeiri ilə tanımışam. “Azərbaycanam” adlanan bu şeirin qısa müddətdə yaşlı nəslin də, gənc nəslin də dilində əzbər olduğunun şahidi olmuşam. Təkcə bu şeirə görə də onu çoxdan AYB-yə üzv qəbul etmək olardı.
Barat Vüsal
AYB Qazax filalının sədri

İsa müəllimin şeirlərinin çoxdan oxucusuyam. Hətta bir neçə şeirini əzbər bilirəm. Aşıq sənətinin inkişafında İsa Cavadoğlunun şeirlərinin müstəsna yeri var. Atam Mikayıl Azaflı ilə şeir məktublaşmaları olub və günümüzdə həmin şeirlər aşıqların dillərində əzbərdir.
Gülarə Azaflı
Əməkdar mədəniyyət işçisi

İsa müəllim hamını ağır zamanda, çətin gündə düşmən qarşısında birləşməyə, müstəqillik əldə etmək üçün bir amala xidmət etməyə səsləyirdi. Şairin uzaqgörənliyi özünü doğrultdu və Azərbaycan xalqı öz müstəqilliyini elan etdi.
Ramiz Çıraqlı
“Tovuz” qəzetinin müxbiri

Çox təəssüf edirəm ki, İsa Cavadoğlunun poeziyası indiyə kimi ətraflı tədqiq edilməyib. Onun poeziyasında bulaq suyu kimi duruluq, saflıq və sərinlik var. Bu keyfiyyət hər qələm əhlinə nəsib olmur.
Ağasəf İmran
ADNSU-nun dosenti

Mənim İsa müəllimlə şəxsi tanışlığım yoxdur. Amma onun şeirlərinə söz ola bilməz. Hələ mən o vaxtlar Tovuzda çıxan “Həqiqət” qəzetində onun şeirlərinin oxucusu olmuşam. İsa Cavadoğlu şeiriyyətdə danılmaz bir ustaddır və böyük şairdir.
Şahlar Qəribli
şair

İsa Cavadoğlu o şairlərdəndir ki, Vətənin dar günündə, bütün ümidlərin tükəndiyi vaxtda Ulu öndərin meydanda, demək olar ki, tək qılınc çaldığı vaxtda, hər adamın onun yanında səf tutmağına cürətinin çatmadığı zamanlarda 48 bəndlik şeir yazdı.
Mübariz Hüseynağalı
Əyyublu kənd sakini

İsa Cavadoğlu yaradıcılığı mövzu və janr məhdudiyyəti tanımır. Lakin onun təbiət mövzusunda yazdığı şeirlər özü təbiətin güzgüsü sayıla bilər.
Gülnar Səma
şairə

Həmin dövrdə “Heydər baba” poeması kimi cəsarətli, qorxmaz şeiri hər kəs yaza bilməzdi. Zaman sübut etdi ki, İsa müəllim haqlıymış. Azərbaycanın xoşbəxt, firavan həyatı, məhz Heydər Əliyevin əllərindədir. Ulu öndərimiz haqqında saysız-hesabsız əsərlər yazılıb və yazılacaqdır.
İsa Cavadoğlunun yazdığı poema isə, mən deyərdim ki, birincidir ki, birincidir. Həm zaman, vaxt baxımından, həm də səviyyəsinə görə. Təkcə bu əsərinə görə o, ən böyük fəxri adlara və mükafatlara layiqdir.
Humay Aslanzadə
Tovuz rayonu H. Əliyev Mərkəzinin böyük elmi işçisi

İsa Cavadoğlu Azərbaycan xalqının müstəqillik qazanacağını, üçrəngli bayrağımızın əbədi dolğalanacağını, bu xalqın nicat yolunun məhz Ulu öndər Heydər Əliyevlə bağlı olacağını uzaqgörənliklə çox-çox əvvəllər öz şeirlərində söyləmişdir.
Vidadi Əkbərov

Bu kiçik yazıda əyalətdə yaşayan şair-pedaqoq İsa Cavadoğlunun azadlıq ruhunda şeirlərinin bir qismi haqqında, az da olsa, məlumat verdik. Zənnimizcə, onun hərtərəfli yaradıcılığı geniş şəkildə təhlil və təbliğ edilməyə layiqdir.

Mahmud Əyyub,
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Gəncədə salınacaq bulvar müasir tikililəri ilə şəhərin simasını dəyişəcək
23.04.2018
Daşkənddə keçirilən bayram tədbirində Azərbaycan da təmsil olunub
23.04.2018
Stokholmda Azərbaycan musiqisi və mədəniyyəti nümayiş olunub
21.04.2018
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib
20.04.2018
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9080

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info