Martin Herrenknext: “Bakı regionda fəaliyyət göstərən alman şirkətləri üçün mərkəz ola bilər”
Tarix: 14.02.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Tobias Baumann: “Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddət ərzində artıq uğurlu nəticəsini verib”
Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident deyib ki, indiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib: “Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var. Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabətqabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin bizim əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur”.
Volfqanq Büxele: “Biz həqiqətən də ölkənizdə çoxlu potensial görürük”
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele çıxış edərək deyib: “Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Çünki biz həqiqətən də ölkənizdə çoxlu potensial görürük. Bizim Sizin ölkənizə olan marağımızı göstərən bu böyük nümayəndə heyəti, sadəcə, Azərbaycana səfər etmək üçün yox, ölkənizdə daha da fəal olmaq, qeyri-neft sektorunda alman müəssisələri üçün imkanları müəyyənləşdirmək məqsədilə gəlib. Çünki biz hesab edirik ki, uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, əlbəttə, hər iki tərəf üçün faydalıdır. Bizim üçün ona görə ki, biz ən azından bu işə töhfəmizi verə biləcəyimizə ümid edirik. Azərbaycan isə uzunmüddətli perspektivdə iqtisadiyyatını daha da tarazlaşdıra bilər”.

“Qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir”
Almaniyanın tikinti sahəsində ixtisaslaşan “GP Günter Papenburg“ şirkətinin İdarə Heyətinin sədri Günter Papenburg təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq şirkət tərəfindən ölkəmizdə ixtisaslı kadrlar üçün təlimlərin keçirildiyini bildirib, ölkəmizlə əməkdaşlığın gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Günter Papenburg rəhbərlik etdiyi şirkətin Azərbaycan bazarında müxtəlif layihələrdə, o cümlədən tikinti materialları, tullantıların emalı sahələrində iştirak etməkdə maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğulayıb, Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini bildirib. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlət başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirib. Prezident vurğulayıb ki, qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir.

Martin Herrenknext: “Biz Bakıda özümüzü həqiqətən təhlükəsizlik şəraitində hiss edirik”
Almaniyanın tunelqazma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Herrenknext” şirkətinin İdarə Heyətinin sədri Martin Herrenknext Azərbaycanda fəaliyyətə başladıqlarını qeyd edərək bu istiqamətdə görülən işlərdən danışıb. O, ölkəmizdə metro tikintisi sektorunda təmsil etdiyi şirkətin iştirak etməkdə maraqlı olduğunu bildirib: “Biz Bakıda özümüzü həqiqətən təhlükəsizlik şəraitində hiss edirik. Bakı regionda fəaliyyət göstərən alman şirkətləri üçün bir mərkəz ola bilər. Bununla bağlı təbriklərimi çatdırıram. Mən Bakıya kifayət qədər hörmət hissi bəsləyirəm. Bura yaşamaq üçün yaxşı yerdir. Əla mehmanxanalar var”. Martin Herrenknext Azərbaycanın regionlarına səfərinin də çox maraqlı keçdiyini qeyd edərək bir daha ölkəmizin regionda iqtisadi mərkəzə çevrilməsi üçün hər cür imkanın olduğunu vurğulayıb. Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən Prezident ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirib. Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. Bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.

“Azərbaycan vasitəsilə digər ölkələrlə iqtisadi əlaqələr qurmaq imkanları ola bilər”
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele Azərbaycanla ticarət imkanlarının daha çox öyrənilməsinin vacibliyini qeyd edib. O, gələcəkdə Azərbaycan vasitəsilə digər ölkələrlə də iqtisadi əlaqələr qurmaq imkanlarının ola biləcəyini vurğulayıb. Almaniyanın nüfuzlu enerji şirkəti olan “Uniper Global Commodities” şirkətinin qaz təchizatı üzrə vitse-prezidenti Uve Fip təmsil etdiyi şirkətin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakından qürur duyduğunu deyib. O, artıq 10 ildir ki, “Şahdəniz-2” layihəsi ilə bağlı danışıqlarda iştirak etməkdən məmnunluğunu bildirib. SOCAR və digər qurumlarla uğurlu əməkdaşlıq etdiklərini, idarəetmə, menecment, texniki, uşaq proqramları mübadiləsi, “Azərikimya” şirkəti ilə birgə kimya zavodunun, buxar turbinlərinin inşası sahələrində uğurlu layihələr həyata keçirdiklərini deyən Uve Fip 2016-cı ildə ölkəmizdə birgə müəssisənin yaradıldığını vurğulayıb, gələcəkdə də bir sıra layihələr, o cümlədən enerji səmərəliliyi layihələri ilə bağlı əməkdaşlıq planlarının olduğunu diqqətə çatdırıb.

İslahatlar davam etdiriləcək
Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer iqtisadiyyatın, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsinin ixtisaslı kadrların hazırlanmasını tələb etdiyini, Almaniyada bu sahənin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığa dair konsepsiyasının işlənməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən olduğunu deyərək ümumilikdə təhsil sisteminin ölkədə ən mühüm prioritetlərdən birinə çevrildiyini vurğulayıb. Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olan “AIRBUS Group International” şirkətinin Avropa üzrə vitse-prezidenti Marko Miklis “Azərkosmos”la məhsuldar əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. “Azərsky-1” peykinin çox yüksək səviyyədə fəaliyyət göstərdiyini deyən qonaq Azərbaycanda Yer səthini müşahidə edən yüksək həssaslığa malik yeni peykin perspektivlərinin onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi şirkətin bu işə öz töhfəsini verməyə hazır olduğunu bildirib. Almaniyanın kənd təsərrüfatı maşınqayırması sahəsində ixtisaslaşan “CLAAS Global Sales” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan şirkətin regional prezidenti Nils Roitş artıq ölkəmizdə texniki xidmət üzrə şəbəkənin yaradılması və ixtisaslı kadrların hazırlanması ilə bağlı səylərin artırıldığını, Azərbaycan fermerlərinin müasir texnikadan rahat istifadəsi üçün təlimlərin keçirildiyini bildirib. Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddət ərzində artıq uğurlu nəticəsini verib. Bu, özünü qanunvericilik, gömrük, inzibati və digər sahələrdə göstərib. O, Almaniya-Azərbaycan Ticarət Palatasının bu ilin iyununda keçiriləcək Azərbaycan-Avropa İttifaqı biznes-forumuna təqdim etmək üçün biznes mühiti ilə bağlı tədqiqat üzərində fəal iş apardığını bildirib. Tobias Baumann həmkarları ilə birlikdə peşə hazırlığı sahəsində əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlərdən danışıb və sonda Ticarət Palatasının üzvlərinin sayının artdığını məmnunluq hissi ilə diqqətə çatdırıb. Prezident ölkəmizin bu islahatların bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə edib. Bildirib ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. “Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən Prezident bildirib ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir və biz buna nail olacağıq.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Doqquz ayda əhalinin gəlirləri 9,5 faiz artıb
18.10.2018
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
18.10.2018
“İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”
18.10.2018
Xarici casus həbs edildi – Dövlət Təhlükəsizliyi Xidmətindən əməliyyat
18.10.2018
Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10272

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info