Hüquqşünas hüququ bilməyəndə...
Tarix: 14.02.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
Seçkidən- seçkiyə fəallaşan müxalif qüvvələr, bəzi radikal siyasətçilər və müxalifət partiyalarına yaxın şəxslər öz siyasi maraqları naminə Azərbaycan haqqında xaricdə mənfi rəyin formalaşması üçün hər cür yola əl atırlar. Buna misal olaraq “ipetition.com” saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılmasını göstərmək olar. Qeyd edək ki, petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədovdur. Petisiya AŞPA-ya, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Maraqlısı odur ki, bu petisiyanı yaradanlar necə tələm-tələsik hərəkət ediblərsə, burada irəli sürülən iddiaları ilə ortaya “çürük fəlsəfə”dən başqa, bir şey qoya bilməyiblər. Elə petisiya tərtibçilərinin tərkibi də gülüş doğurur. Ümumiyyətlə, seçkilərin vaxtının dəyişdirilməsində qanundan kənar heç bir halın olmadığını nəzərə alsaq, deyə bilərik ki, petisiya və bu kimi digər aqressiv, anormal addımların yalnız bir məqsədi var, o da ölkənin adına ləkə yaxmaq... Birmənalı şəkildə demək olar ki, seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına tam uyğundur, ona qarşı çıxmaq, yaxud bunu qanundankənar hesab etmək özü belə, petisiya təşkilatçılarının hüquqi savadlarının və dünyagörüşlərinin məhdudluğunu aydın göstərir.
Ən maraqlısı isə odur ki, petisiya müəlliflərindən biri hüquqşünas Qurban Məmmədovdur. Bu adam özünü ölkədə tanınan güclü, təcrübəli hüquqşünas kimi təqdim edir, amma bilmir ki, seçkinin vaxtının aprelin 11-ə salınmasında heç bir hüquq pozuntusu yoxdur. Avropa və müasir dünya dəyərlərindən danışan bu şəxslərin bu cür addımları təkcə ölkəmizin əleyhinə qara kampaniya deyil, həm də ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, eləcə də sivil yaşam qaydalarına zidd olan bir hərəkətdir. Belə əməllərlə tez-tez gündəmə gəlməyə çalışan bu cür şəxslərlə bağlı dəfələrlə silsilə yazılar hazırlayıb bildirmişik ki, siyasi fəaliyyətlərində səmimi, düzgün siyasi kurs seçərək fəaliyyət göstərən və əməllərində sapmalar olmayan şəxslər heç vaxt başqa ölkələrə sığınmazlar. Necə deyərlər, onlar “Gəldikləri (təlimatlandırıldıqları) yerə qayıdırlar!”. İndiki halda da xarici ölkələrdə oturub, özünü xalqa canıyanan kimi göstərərək qanuni bir addımın əleyhinə kampaniya aparmağın bir adı var, o da satqınlıqdır.... Yuxarıda da qeyd etdiyimiz kimi, öz şəxsi maraqlarına görə Avropa ölkələrinə yaşamağa getmiş bu insanlar, guya “təqib və təhlükə altında yaşamaqdan qaçaraq Avropa ailəsinə sığınmağı” iddia etsələr də, məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır.
Bir daha qeyd edirik ki, Azərbaycan müstəqil, hüquqi dövlətdir və burada bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun qəbul edilir və həyata keçirilir. Oxşar hallar bir çox inkişaf etmiş Avropa və dünya ölkələrində, o cümlədən qardaş Türkiyədə də dəfələrlə baş verib. Amma seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı özlərini demokratik qüvvə kimi göstərənlər buna nəinki etiraz etməyiblər, heç fikir də bildirməyiblər. İndiki halda onların belə canfəşanlığının arxasında başqa maraqlar var.
Seçkilərin necə keçirilməsi ilə bağlı məsələyə gəldikdə isə, ümumiyyətlə, Azərbaycanda əvvəllki dönəmlərdə olduğu kimi, indi də əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik var. Əksinə, seçki mədəniyyəti nümayiş etdirə bilməyənlər Avropada yaşayan bəzi müxalifət nümayəndələridir.
Azərbaycan xalqı, cəmiyyətimiz prezident seçkilərinə kölgə salmaq cəhdlərini pisləyir, belə cəhdlərə ən yaxşı cavab isə onun təşəbbüsçülərinin xalq tərəfindən bütün dəstəkdən məhrum olmasıdır. Məsələnin digər mahiyyəti isə odur ki, xalq arasında dayaqlarının olmadığını görən müxalif qüvvələr bu qərara qara yaxmaq yolunu-boykot, petisiyalar yolunu seçirlər. Onsuz da müxalifət partiyaları daim öz şəxsi ambisiyalarından çıxış edərək, nə həmrəy olub birləşə biliblər, nə də ötən seçkidən bu yana olan uzun müddətdə hazırlıq işlərini qaydaya sala biliblər. Bu mənada, ölkədə xalqın bu qüvvələrə inamının və etimadının itdiyini görən bəzi şəxslər də radikal müxalifət partiyalarının seçkidən imtina qərarlarına dəstək üçün bu addımı atıblar. İstənilən halda, xalq belə petisiya və s. kimi kampaniyaları dəfələrlə çox görüb və xalqın gözü, doğrudan da, tərəzidir. Kimin kim olduğunu, hansı “məzhəbə” xidmət etdiyini gözəl ayırd edə bilir. Bu kampaniya da digərləri kimi uğursuz olacaq...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Bu il Samuxda 1700 hektar sahədə çuğundur əkiləcək
19.02.2018
Novruzun ilk çərşənbəsi - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək
19.02.2018
Zərdabda yem emalı müəssisəsi fəaliyyətə başlayıb
16.02.2018
Hindistan səfiri Biləsuvar rayonuna səfər edib
16.02.2018
Yaşadılan el sənəti: xalçaçılıq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8445

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info