XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları
Tarix: 15.02.2018 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Aysel İbrahimova |

ADPU İnsan resursları şöbəsinin
kadrlar üzrə mütəxəssisi


Müasir dövrdə cəmiyyətlərin üzləşdiyi ən böyük bəlalardan biri, hətta ən birincisi terrorizmdir. Terrorizm bu gün dünyanı narahat edən ən ağır problemə çevrilib. Son illərin dəhşətli terror aktları göstərir ki, bu bəla bütün ölkələr və xalqlar üçün, hətta ən böyük və güclü dövlətlərdən ötrü də eyni dərəcədə təhlükəlidir. Azərbaycanın bu bəlaya münasibəti birmənalı və qətidir: hər cür zorakılıq aktının-terrorun, soyqırımların, seperatçı ekstremizmin, etnik toqquşmaların əleyhinədir. Ölkəmiz antiterror alyansına qoşulan ilk ölkələrdəndir. Təəssüflər olsun ki, terrorun, soyqırımların doğurduğu ağır, dəhşətli faciələr bizim xalqımıza yaxşı tanışdır. Çünki Azərbaycan terrora, seperatizmə məruz qalmış bir xalqdır.
Azərbaycan ərazisində tarixən müxtəlif millətlərin nümayəndələri yaşamışlar. Ölkəmizdə müxtəlif sivilizasiyaların, etnosların, dillərin, dinlərin qarşılıqlı təsiri nəticəsində qədim və zəngin mədəniyyət yaranmışdır. Xalqımız tolerantlıq, başqa xalqlara, mədəniyyətlərə dözümlülük və humanistliyə sadiq qalaraq gəlmə ermənilərə də öz torpaqlarında yer verdi. Lakin Azərbaycan torpaqlarında yaşayan digər etnoslardan fərqli olaraq ermənilər gəldikləri bu torpaqlarda özlərinə dövlət yaratmaq iddiasına düşdülər. “Dənizdən dənizə böyük Ermənistan” xülyasına düşmüş erməni millətçi-terrorçu dairələri xarici havadarlarına arxalanaraq terrora və soyqırımlara əl atdılar.
Ermənilər tarixin bu və ya digər məqamlarında, fürsət düşdükcə xarici dövlətlərin birbaşa himayəsi ilə azərbaycanlıların yaşadığı qədim dədə-baba torpaqlarında məskunlaşmağa, özlərinə dövlət qurmağa çalışmış və bu zaman dinc insanlara qarşı dəhşətli və kütləvi qırğınlar, talanlar törətmişlər. XX əsrin əvvəllərindən başlayaraq, ermənilərin terrorist Daşnaksütyun partiyası mübarizə meydanını Türkiyədən Cənubi Qafqaza, xüsusilə Azərbaycan ərazisinə keçirdi. 1905-1907-ci illər rus inqilabı dövründə çarizmin öz hökmranlığını qoruyub saxlamaq məqsədilə həyata keçirdiyi tədbirlərdən biri də millətlər arasinda nifaq salmaq idi. Çar mütləqiyyəti yaxşı bilirdi ki, Cənubi Qafqazda azərbaycanlılarla ermənilər arasında dərin ziddiyyətlər var. Son tədqiqatlara görə, Çar Rusiyasını zəiflətməyə çalışan bəzi Qərb dövlətləri də onun daxilində milli münaqişələrin qızışmasında maraqlı idilər.
Hələ XIX ərsin II yarısında “Böyük Ermənistan” xülyasına düşən, millətçi-şovinist ideyalarını həyata keçirmək istəyində olan ermənilər təşkilati sturukturlar yaratmağa başladılar. Əsasən xaricdə-1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə Tiflisdə Daşnaksütyun partiyalarını təsis etmiş, 1895-ci ildə Nyu-Yorkda Erməni Vətənpərvərlər İttifaqı təşkilatlarını yaratmışdılar. Həmin təşkilatların fəaliyyət proqramında azərbaycanlılara və türklərə qarşı ardıcıl olaraq terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tutmuşdu.
Ermənilər Bakıya XIX əsrin 20-ci illərindən gəlməyə başlamışdılar. Bu elə bir dövr idi ki, şəhərin iqtisadiyyatı sürətlə inkişaf edirdi. Məhz belə bir dövrdə Bakıya axın edən ermənilər neft sənayesi, ticarət və bank sahələrində üstünlüyü ələ keçirmiş, qısa vaxtda iri kapitalistlərə çevrilmişdilər. Bu illərə qədər isə Bakı və onun ətraf kəndlərində ermənilər barmaqla sayılacaq qədər azlıq təşkil edirdilər.
Beləliklə, Qərb ölkələrinin və Çar Rusiyasının xüsusi köməyinə böyük ümidlər bəsləyən erməni millətçiləri XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə törətdikləri cinayətləri Azərbaycana keçirdilər. “Böyük Ermənistan” yaratmaq naminə Azərbaycan xalqına qarşı mübarizələrini müharibə həddinə çatdırıb dəhşətli faciələr törətdilər.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları Birinci rus inqilabı dövründə, 1905-1906-cı illərdə yaranmış vəziyyətdən istifadə edərək azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalara başladılar. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanın bütün ərazisini və indiki Ermənistan ərazisindəki yaşayış mənrtəqələrimizi əhatə etmişdi.
1905-ci il Bakı qırğınına daşnaklar ciddi hazırlaşmışdılar. V.F.Mayevski yazır ki, münaqişə ərəfəsində polis Bakıda daşnakların silah anbarlarını aşkar etmişdi. 1905-ci ilin fevralında Bakıda erməni kilsəsinin yaxınlığında Sabunçu kənd sakini Ağarza Babayev ermənilər tərəfindən öldürüldü. Hadisə yerinə gələn azərbaycanlılar atəşlərlə qarşılandı. Fevralın 7-də vəziyyət daha da gərginləşdi. Daşnaklar tərəfindən 100-dək dinc vətəndaşın həyatına son qoyuldu və bir o qədər də insan yaralandı. Ermənilər evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlıları gülləbaran edirdilər. Evlər, mağazalar qarət edilir, yandırılırdı. Bakıda bir çox fabriklər və müəssisələr yandırılıb, dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında bilərəkdən acizlik göstərirdilər. Beləliklə, 1905-ci ilin 6-10 fevral hadisələri tarixə “Bakı şəhərində qanlı qətliam” kimi daxil olub. Həmin günlərdə mal və əmlaka, mülklərə dəyən zərər milyonları keçdi. Ermənilər o qədər azğınlaşmışdılar ki, hətta məsələni həll etməyə müəyyən dərəcədə çalışanlara da acımırdılar. Belə ki, 1905-ci il fevral hadisələri zamanı Qafqaz xalqları arasında dostluq mövqeyindən çıxış edən knyaz M.A.Nakaşidze mayın 11-də Bakıda beş nəfər erməni terrorçusu tərəfindən qətlə yetirildi.
Fervral hadisələrindən çox keçmədən 1905-ci il avqustun 20-də Bakıda qəflətən ikinci dəfə erməni-müsəlman davası başladı. Şahidlərin dediklərinə görə, sentyabrın ortalarına qədər davam edən bu qırğın qəddarlığı, dəhşətləri və kütləviliyinə görə fevral hadisələrini kölgədə qoymuşdu. M.S.Ordubadi 1905-1906-cı illərdə olan qırğına həstr etdiyi “Qanlı illər” əsərində yazırdı: “Çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladı və bütün Qafqaz aləmi bu bombanın təsirli şiddətindən yanıb yıxıldı..... bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı. Bununla da təxminən iki il davam edən erməni-müsəlman qırğını başladı.”
1905-1906-cı illərdə Bakıda başlanan qırğınlar İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və digər bölgələrdə davam etmiş, erməni seperatçıları tərəfindən kütləvi şəkildə azərbaycanlılara divan tutulmuş, uşaqlar, qadınlar, qocalar xüsusi qəddarlıq və vəhşiliklə öldürülümüşdü. Ermənilərin 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XX əsrdə soydaşlarımızın məruz qoyulduğu soyqırımı və deportasioyalar silsiləsinin ilk mərhələsi idi.
Təbii ki, azərbaycan xalqı erməni vəhşiliklərinə qarşı mübarizə aparırdı. Məhz belə bir dövrdə erməni terrorunu dəf etmək üçün azərbaycanlıların “Difai” (Dəf edən) partiyasının böyük rolu oldu. Bu partiya 1905-ci ilin yazında Gəncədə yaradılmışdı. Təşkilatın əhali arasında böyük nüfuzu olmaqla bərabər, öz komitələri, proqram və kassaları var idi. Bu təşkilat erməni terrorunun qarşısını almaq üçün qabaqcıl ziyalıları, milli qüvvələri özünə cəlb etmişdi. “Difai”nin təşkilatçısı Əhməd bəy Ağayev və A.Rəfibəyov idi. Onun Gəncədə, Şuşada, Qarabağda yerli komitələri fəaliyyət göstərirdi. “Difai” partiyasının ermənilərin törətdikləri terrorçuluqla əlaqədar olaraq Qafqaz canişinininə göndərdiyi bəyannamədə deyilirdi: “Daşnak firqəsi əmin olsun ki, heç bir vaxt öz millətimizin xarabazarlığı və külü üzərində erməni millətinin səadət və xoş güzaran qurmasına yol vermərik.” 1907-ci ilin mayında İsmayıl Ziyadxanovun başçılığı ilə “Müdafiə” adlı digər bir milli Azərbaycan təşkilatı da yaradılmışdı. Bu təşkilat da daşnaklara qarşı fəaliyyət göstərirdi.
Erməni vəhşiyi 1918-ci ildə yenidən özünü göstərdi. 1918-ci ilin mart ayından etibarən “əks-inqilabçı ünsürlərlə” mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdi.
1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri soyqırımlardan nəinki yalnız Bakı şəhəri, eləcə də digər şəhərlər ziyan çəkmişdi. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərdə azərbaycanlılara məxsus bütün evləri yandıraraq, məhv etmişdilər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan “Cümə məscidi” yandırılmışdı. Ermənilərin 1918-ci ildə Azərbaycanın demək olar ki, bütün bölgələrində azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəstəsilə aşkarlayıb üzə çıxaran Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası oldu.
S.Şaumyanın başçılıq etdiyi bolşevik-sovet hökumətinin xalqımızın başına gətirdiyi dəhşətli faciələri yazmaqla bitməz. Əslində, S.Şaumyan gələcəkdə qurulacaq erməni dövləti üçün azərbaycanlıların doğma yurdlarından təmizlənməsi işlərini həyata keçirməyə başlamışdı. Kütləvi qətliamlara yalnız 1918-ci ilin sentyabrında Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını xilas etməsindən sonra son qoyuldu. Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini isə Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasından sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə-1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu.
Ermənilərin soyqırımı siyasətinin növbəti mərhələsi 1948-1953-cü illəri əhatə edir. İndiki Ermənistan ərazisindən azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyasını həyata keçirmək məqsədi ilə daşnaklar tükürpədici vəhşiliyə, terrora və şantajlara əl atdılar.1918-ci ildə Bakıda dinc əhaliyə qarşı törədilən cinayətlərə başçılıq etmiş yüksək vəzifəli “kommunist” A.Mikoyan 1947-ci ilin dekabrında “Ermənistan SSRİ-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” sənədin layihəsini hazırlayıb Stalinə təqdim etdi. Stalin isə həmin bədnam sənədi sözsüz ki, təsdiq etdi. Sənəddə qeyd edilirdi ki, guya azərbaycanlılar öz ata-baba yurdlarından “könüllülük”əsasında Kür-Araz ovalığına köçürülürlər. Ömrü boyu dağ şəraitində, gözəl təbiətdə, səfalı yerlərdə yaşayan insanları qəfildən düzənliyə tökdükdə, alışmadığı iqlim şəraitində yaşamağa məhkum edildiyindən, bura köçürülənlərin bir qismi buna dözməyərək, gülləsiz-filansız kütləvi surətdə dünyalarını dəyişdilər. Bir faktı da qeyd edək ki, 1948-1953-cü illərdə həyata keçirilən bu dəhşətli aksiya elə bir zamanda baş vermişdi ki, İkinci Dünya müharibəsindən sonra dolanışıq çox ağır idi. Ailə başçılarının əksəriyyəti qanlı müharibədə həlak olmuş, ya da əlil və xəstə vəziyyətdə geri qayıtmışdı. Belə bir şəraitdə Azərbaycan xalqına qarşı həyata keçirilən bu siyasət əsl düşmənçilik idi. Faktlar təsdiqləyir ki, 1948-ci ildə Ermənistan SSR-də başlanan növbəti vəhşilik –azərbaycanlıların köçürülmə əməliyyatı, qərara görə 1950-ci ilədək davam etdirilməli idi. Amma ermənilər onu 1953-cü ilədək, hətta ondan sonra da apardılar. Ona görə də bu,sadəcə köçürülmə əməliyyatı yox, əsl soyqırımı idi.
XX əsrin 80-ci illərindən ermənilərin işğalçılıq siyasəti yenidən başlandı və bu günə qədər də davam etməkdədir. 80-ci illərdən başlayaraq, ermənilər hər vəclə Azərbaycan dilində çıxan qəzetləri, institutların Azərbaycan dili fakültələrini bağlamaqla, soydaşlarımızın sıxışdırılmasına başladılar. Eləcə də şəhər, rayon, kənd, qəsəbə, hətta çayların, dağların adları da erməniləşdirilirdi. Süni surətdə azərbaycanlıların beyninə yeritməyə çalışırdılar ki, “sizin vətəniniz Azərbaycandır, köçüb ora gedin. Bura bizimdir”. Artıq ermənilərin hər cür təzyiqlərindən cana doymuş əliyalın azərbaycanlılar doğma yurdlarını tərk etmək məcburiyyətində idilər. 1988-ci ilin iyulunda 23 min azərbaycanlı Qarabağa-Şuşaya pənah gətirdilər. Lakin avqustun 30-da Azərbaycan KP MK-nın qərarı ilə həmin insanlar Qarabağdan çıxarılaraq, başqa ərazilərdə yerləşdirildi. Beləliklə, 1988-ci il noyabrın sonu, dekabrın əvvəllərində, cəmi iki həftə ərzində 300 mindən çox azərbaycanlı ermənilər tərəfindən, silah gücünə öz doğma yurdlarından çıxarıldılar. 1988-ci il xalqımızın həyatında çox dəhşətli il oldu. Soydaşlarımız indiki Ermənistandan-əbədi və əzəli torpaqlarından kütləvi surətdə min bir işgəncə ilə çıxarıldılar.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına həmin dövrdə hakimiyyət tərəfindən düzgün siyasi qiymət verilmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv edildi, şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldular. Beləliklə Azərbaycan xalqının 20 Yanvar faciəsini yaşaması da, ermənilərin məkrli siyasətinin nəticəsi idi.
Ermənilər deportasiya siyasətini tədricən Azərbaycanın mövcud sərhədləri çərçivəsinə keçirtdilər.Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda qəsdən milli münaqişəni alovlandıran ermənilər yerli əhalini öz yurdlarından qovmağa başladılar. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Lakin təəssüflər olsun ki, Azərbaycan xalqına qarşı qanlı terror və genosid siyasətini həyata keçirmiş Ermənistan dövlətinin terrorçu fəaliyyətinə qarşı dünya dövlətləri etiraz səslərini çıxarmamışlar. Dünyanın susmasından və laqeyidliyindən güc alan erməni terrorçuları daha da fəallaşmış, Azərbaycana qarşı elan edilmədən, 1988-ci ildən başladıqları işğalçılıq müharibəsində çoxsaylı qanlı terror aktları törətmiş, terrorçuluğu Azərbaycan xalqına qarşı işğalçılıq vasitəsinə çevirmiş, onu Ermənistan Respublikasının dövlət siyasəti səviyyəsinə yüksəltmişlər. Beynəlxalq aləmdə erməni terroruna qarşı yenə də etiraz bildirilməmiş, Ermənistan işğalçı dövlət kimi pislənməmiş, əksinə, Azərbaycan, guya Ermənistanı blokadada saxlamaqda gunahlandırılmışdır.
Ermənilər dünya dövlətlərini, xüsusilə xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra bilmiş və nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək, orada yaşayan minlərlə azərbaycanlını qətlə yetirmiş, sağ qalanları deportasiya etmiş, onların əmlakını qarət etmiş, həmin yerlərin tarixi abidələrini məhv etmişdi. Bu gün də həmin siyasət Qərb dövlətlərinin köməyi ilə Azərbaycana və onun xalqına qarşı davam etdirilməkdədir.
Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyondan artıq qaçqının və məcburi köçkünün olması faktına ABŞ və Qərb dövlətlərinin göz yummaları davam edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822,853,874,884 saylı) ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada ədalətsizlik hələ də qalmaqda və Cənubi Qafqazda Ermənistan dövləti haqsız olaraq müdafiə olunmaqdadır.
Lakin Azərbaycanda xalq-hakimiyyət həmrəyliyi nəticəsində əminik ki, gec-tez həqiqət öz yerini tapacaq. Azərbaycan torpaqları işğaldan tam xilas olacaq, qaçqınlar öz yurd-yuvalarına qayıdacaqlar. Dövlətimizin iqtisadi və hərbi qüdrətinin artması, beynəlxalq aləmdə mövqeyinin güclənməsi bu əminliyi daha da möhkəmləndirir.




 
Müəllifin son yazıları

29.03.2017 Tolerantlıq məkanı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info