“Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
Tarix: 15.02.2018 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


İlham Məmmədov: “Bəzən ictimaiyyətlə əlaqələri media ilə əlaqələrlə məhdudlaşdırırıq ki, bu da düzgün yanaşma deyil”

“Veysəloğlu Şirkətlər Qrupunda çalışan 10 mindən çox işçinin 80 faizi yaşı 35-ə qədər olanlardır”


Müsahibimiz Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri İlham Məmmədovdur.

-İlham müəllim, sahibkarlığın inkişafı bütövlükdə ölkə iqtisadiyyatının inkişafı deməkdir. Son illərdə ölkədə sahibkarlara yaradılan əlverişli şərait, iqtisadi mühit və dövlət dəstəyi sizi qane edirmi?

-Ölkədə biznes mühitinin daha da yaxşılaşması istiqamətində dövlət dəstəyinin artırılması, ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək sahibkarların fəaliyyəti üçün bir stimul verir. İş adamlarına göstərilən dövlət qayğısı, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif dövlət proqramları və tətbiq olunan güzəştlər özəl sektora ölkə rəhbərinin xüsusi diqqətindən xəbər verir. Prezidentin bu istiqamətdə 01 mart 2016-cı il tarixli “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı iş adamlarına da rəqabətqabliyyətli ixracyönümlü məhsul istehsalına daha da stimul yaradıb. Bunun isə yerli istehsalatın güclənməsinə, ixracatın artmasına bir təkan verəcəyi danılmazdır.
Ümumiyyətlə, respublikada qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən diqqətin olması, bu sahədə sahibkarlara olan müsbət münasibət, təbii ki, sahibkarlara da müsbət təsir edir. Bu günlərdə vergilər naziri Mikayıl Cabbarov “Vergilər, Şəffaflıq, İnkişaf” mövzusunda konfransda çıxışında bir daha dövlətin sahibkarların yanında olmasını və daim özəl sektorun inkişafına dəstək olaraq ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraitin təmin ediləcəyini vurğuladı.

- Veysəloğlu Şirkətlər Qrupu müasir ticarət holdinqinə çevrilib. Rəqabətə davam gətirmək asan olmaz.

-Bilirsiniz ki, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətinin əsas fəaliyyəti ilk illərdə xarici ölkələrdən idxal edilərək gətirilən, o cümlədən yerli istehsal olan məhsulların ölkə bazarında mövcud olan bütün satış nöqtələrinə yüksəkkeyfiyyətli satış xidmətini göstərmək olub. İdxalını həyata keçirdiyimiz məhsulların istehsalçı tərəfindən verilmiş uyğunluq və keyfiyyət sertifikatları ilə yanaşı, həm də yerli müvafiq orqanlar tərəfindən yoxlanması həyata keçirilir. İdxal etdiyimiz məhsullar, o cümlədən qida məhsullarının təhlükəsiz və vaxtında mənzil başına çatdırılması işimizin əsas amillərindən biridir.
Ötən 24 il ərzində şirkətlər qrupumuz daha da inkişaf edərək özünün ən müasir avadanlıqlarla təmin olunmuş istehsalatçı qənnadı fabrikini, idxalatçı şirkətini və pərakəndəçi olaraq şəbəkə marketlərini qurub. 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki olaraq dünyanın 20-dən artıq ölkəsinə ixracatımız var və ümumi istehsalımızın təqribən 25 faizi xarici ölkələrə ixrac təşkil edir. Bu rəqəmi yaxın gələcəkdə 50 faizə çatdırmaq hədəfimiz var. Bu istiqamətdə yeni istehsal xətlərinin, çeşidlərin istehsalı nəzərdə tutulur ki, bu da yeni iş yerlərinin açılması deməkdir. Ölkədə hazırkı mövcud şəffaf iqtisadi mühit sağlam rəqabət üçün münbit şəraitdir.

-Veysəloğlunun ötənilki fəaliyyətini uğurlu saymaq olarmı? Sirr deyilsə 2018-ci il üçün nələri planlaşdırırsınız? Şirkətin əhatə dairəsi, fəaliyyəti daha da genişlənəcəkmi?

-Veysəloğlu Şirkətlər Qrupu istər idxal və dağıtımda, istərsə də özünün istehsal və pərakəndə ticarət sahələrində daim şəffaflıq, dürüstlük və ədalət prinsiplərindən, dəyərlərindən çıxış edərək fəaliyyətini qurub. Məhz bu prinsip və yanaşmalar şirkətimizin uğurunun başlanğıc sirridir. Biznesin uğurunun və davamlılığın sirri dürüstlük və ədalətli münasibətlərdən keçir. Şirkət rəhbəri yalnız sahib olduğu şirkətin idarəedicisi deyil, ən başlıcası o komandanın lideri olmalıdır. O zaman birlikdə çətinlikləri aşaraq uğurlara imza atmaq olar. Veysəloğlu da bu yolu birgə komanda olaraq keçib. Bir kiçik statistikanı deyim, bəlkə də Veysəloğlu bu göstəricilərinə görə ilin gənclər şirkətidir. Qrupumuzda çalışan 10 mindən çox işçinin 80 faizi yaşı 35-ə qədər olanlardı. Yaşı 29-a qədər olan işçilər isə 64 faiz təşkil edir. Bu, həqiqətən də, qürurverici amildir, deyilmi?
Şirkətlər qrupumuza daxil olan, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş “Ulduz” şokolad fabriki qida sektorunda hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil edir.  
Fabrikimiz 7 ildən artıqdır ki, İSO 9001:2008 (Keyfiyyət İdarəetmə Sistemi Standartı), BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı), İFS (İnternational Food Standart-Beynəlxalq Qida Standartı), İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı) və HALAL sertifikatlarına da layiq görülüb. Qeyd etmək istərdim ki, “Ulduz” şokolad fabriki BRC, İFS standartlarını alan ilk Azərbaycan müəssisəsidir.
“Ulduz” şokolad fabriki Beynəlxalq Qida sərgilərində ölkəmizi “Made in Azerbaijan” brendi altında uğurla təmsil edərək keyfiyyətdə fərqlənmə mükafatlarına layiq görülüb.

2018-ci il üçün də Veysəloğlu Qrup həm dağıtımda, həm də istehsalat və pərakəndə sektorunda özünün yeni layihələrini həyata keçirməyi planlaşdırır. Bütün bu layihələr isə ölkə iqtisadiyyatının inkişafına və xalqın güzəranının yaxşılaşmasına xidmət edəcək. Veysəloğlu bir yerli xalq şirkətidir və daim özünün inkişafında xalqına, dövlətinə xidmət etməkdədir. Həyata keçirəcəyimiz layihələr və görüləcək işlər barəsində öncədən danışmaq istəməzdim. Onu deyə bilərəm ki, 2018-ci ildə yüzlərlə yeni daimi iş yerləri yaradılacaq.

-Şirkətiniz son bir neçə ildə ölkədə geniş ticarət şəbəkəsi qurmaqla öz adından söz açdıra bildi. Bu mənada ötən il Cocuq Mərcanlını da unutmadınız. Daha bir qürur yerimiz olan Cocuq Mərcanlıda olduğu kimi, digər cəbhəyanı bölgələrə də diqqət ayırırsınızmı?

-Bəli, öncə qeyd etdiyim kimi, ölkədə iş adamlarına göstərilən dövlət qayğısı, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif dövlət proqramları və tətbiq olunan güzəştlər, ümumilikdə münbit iqtisadi mühit özəl sektorun bütün sahələrinə özünün müsbət təsirini göstərməkdədir. Şirkətlər qrupumuz da qeyd olunanları nəzərə alaraq idxal, istehsal və pərakəndə ticarət sektorunda özünün inkişaf mərhələsindədir. Artıq ötən ildən başlayaraq “Topdansatış qiymətinə pərakəndə satış” şüarı ilə Hard Discount olan “OBA” marketlər şəbəkəsi ilə regionlarda da sürətlə açılmağa başladıq. Vətənimizin bir parçası olan, işğaldan azad olunan Cocuq Mərcanlıda da “OBA” marketin açılması hamı kimi bizi də qürurlandırdı. Ölkəmizin digər rayonları, o cümlədən cəbhəyanı bölgələr də daim diqqətimizdədir.

-Şirkətin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərisiniz. Həm məsuliyyətli, həm də çətin işdir. Hansı çətinliklər olur və bu sahədə təcrübəsi olan biri kimi həmkarlarınıza hansı məsləhətlər verərdiniz?

-Bir şirkətlər qrupunun ictimaiyyətlə əlaqələrinə məsul olan bir struktur bölməyə rəhbərlik etmək olduqca məsuliyyətli bir işdir. Bu vəzifədə olunca anlayırsan və məsuliyyətini başa düşürsən ki, şirkətin ictimaiyyət ilə arasında olan münasibətlərinə, PR və kommunikasiyasına cavabdehsən. Şirkətin sözçüsü, şirkət rəhbərliyinin danışmanı və PR strategiyasının cavabdehi kimi işinin peşəkarı olmadıqca bu işi yaxşı qura bilməzsən. Bu işin qurulması isə tamam başqa bir prosesdir. Şirkətin PR işlərinə məsul şəxs şirkətini yaxşı tanımadıqca, onun fəaliyyətini yaxından izləmədikcə bu işini uğurla qura bilməz. Hesab edirəm ki, qısa müddətdə bu işi uğurla icra edə bilmişik. İşimizin tam uğurlu olması üçün isə fəaliyyətimizi genişləndirərək daha da səy ilə çalışırıq.
İctimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən həmkarlarımız ilə mütəmadi sıx əlaqəmiz var, daim bir-birimizlə fikir və təcrübələrimizi bölüşürük. Bilirsiniz, hər fəaliyyət sahəsinin özünün spesifik xüsusiyyətləri və yanaşmaları var. Bu səbəbdən də ictimaiyyətlə əlaqələr mütəxəssislərinin də fəaliyyətini eyniləşdirmək olmaz. Lakin bu fəaliyyətin baza hissəsi var ki, bu qaçılmazdır. Daim həmkarlarımızla söhbətlərdə istədiyimiz və tövsiyə etdiyimiz onların işlərini dərindən bilməsi, təmsil etdikləri təşkilat haqqında maksimum bilgili olması olub. İş prosesi və hər hansı bir hadisə barəsində mediaya, ictimaiyyətə düzgün məlumat verməlisən. Əks təqdirdə sənə və təmsil etdiyin təşkilata inamı itirəcəksən. Sonda isə bu sənin təmsil etdiyin qurumun korporativ imicinin zədələnməsinə səbəb olacaq. Bir sözlə, ictimaiyyətlə əlaqələrdə daim ayıq, fəaliyyətində dürüst və aktiv olmalısan.

-Siz həm də Azərbaycan “İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası”nın (APRA) sədrisiniz. APRA-nın fəaliyyəti haqqında da məlumat verərdiniz.

-Bəli, ölkədə dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilatların ictimaiyyətlə əlaqələrinə məsul şəxsləri, PR mütəxəssisləri və PR xidmətləri göstərən şəxslər ilə birləşərək “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyini (APRA) təsis etdik. Əminik ki, ictimaiyyətlə əlaqələr sahəsinin mütəxəssislərini, PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirə, inkişaf etdirə biləcək assosiasiyanın yaradılması ölkəmizdə bu sahənin inkişafına dəstək olacaq. Eyni zamanda assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək, ictimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün şərait yaradacaq. Hazırda təşkilatın sənədləri dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Ümid edirik ki, yaxın günlərdə təşkilatımız dövlət qeydiyyatına alınacaqdır.


-Bu günlərdə APRA-nın tədbirində qeyd etdiniz ki, ictimaiyyətlə əlaqələr  sahəsində akademik təhsil mövcud deyil. Bununla bağlı hansı təklifləriniz var?

-Ölkəmiz müstəqillik qazandıqdan sonra İctimaiyyətlə Əlaqələr (Public Relations-PR) termini leksikonumuzla yanaşı, fəaliyyətimizin də bir hissəsinə çevrildi. İlk olaraq beynəlxalq xarici və transmilli şirkətlərdə, təşkilatlarda yaranan PR strukturu qısa bir zamanda bir sıra dövlət qurumlarında da yaradılmağa başladı. Artıq ölkəmizdə, demək olar ki, bütün dövlət və özəl sahənin təşkilatlarında PR fəaliyyəti ilə məşğul olan struktur bölmə var. Buna nə dərəcədə və necə riayət olunması isə tam başqa bir mövzudur. Bəzən ictimaiyyətlə əlaqələri media ilə əlaqələr ilə məhdudlaşdırırıq ki, bu da düzgün yanaşma deyil. Media ictimaiyyətlə əlaqələrin qurulmasında əsas bir alət olaraq yer tutur. Bu da çox önəmli bir faktordur. Bəli, bu gün ölkəmizdə PR fəaliyyəti ilə məşğul olan, işini bilən və sevən insanlar var. Lakin bu sahənin akademik tədrisi, demək olar ki, yoxdur. Bu sahəyə maraq göstərən gənclərimiz, bu sahədə bilik və təcrübəsini artırmaq istəyən insanlar ölkə xaricində gedib tədris alıb gəlirlər. Bu isə PR sahəsinin inkişafına yetərli deyil. Düşünürəm ki, Azərbaycanda da ali təhsil müəssisələrində geniş şəkildə bu sahənin akademik tədrisinin həyata keçirilməsi lazımdır və vacibdir. Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə ölkənin aparıcı ali təhsil müəssisələrində PR və Kommunikasiya ilə bağlı akademik tədris həyata keçiriləcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Cənubi Koreyada Azərbaycanı təmsil edənlər...
20.10.2018
Saç əkimi cərrahı: İnsan başından gün ərzində 100-150 tükün tökülməsi normaldır
18.10.2018
Rza Xəlilov: “Folklorşünaslarımızın fəaliyyət sahələrindən biri də şifahi xalq yaradıcılığımızın təbliği idi”
18.10.2018
Şəkər xəstələri üçün milli brendli dərman istehsal olunub
18.10.2018
Fransa prezidentinin tərcüməçisi: “Azərbaycanda yaşadığım tələbəlik illərini Fransada yaşaya bilmədim”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info