Yaşadılan el sənəti: xalçaçılıq
Tarix: 16.02.2018 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı vəsait ayrılıb. Bu vəsaitlə tikiləcək xalça istehsalı emalatxanasında Naxçıvan xalçaçıları üçün əlverişli şərait yaradılacaq, keçmişdən günümüzə gələn bu ənənəyə uzunömürlülük bəxş ediləcək. Belə bir emalatxananın istifadəyə verilməsi qadınların məşğulluğunun təmin olunması ilə yanaşı, həm də yeni xalçaçılar nəslinin formalaşmasına rəvac verəcək. Ən əsası, evlərimizi keyfiyyətli, nəfis Naxçıvan xalçaları bəzəyəcək.
Ta qədim zamanlardan Naxçıvanda gəlinin cehizliyini ana-nənələrimizin toxuduğu qalın, milli ornamentli xalçalar bəzəyib. Bu gün də Naxçıvan kəndlərində evlərdə kifayət qədər belə xalçalara rast gəlmək olar. Rəngini itirməyən bu xalçalar elə yaşını da gözəl rəng çalarlarında gizləyib. Nənələrimizin barmaqlarının sığalı, gözlərinin nuru, ürəklərinin hərarəti ilə toxunan bu xalçalar həm də adət-ənənələrimizin keçikçisi rolunu oynayıb. Evdən-evə daşınıb, əzizlənib, qorunub. Azərbaycan qadınının həm də zəhmətkeşliyinin bir nümunəsinə çevrilən xalçalar adətən təsərrüfat işlərindən sonra, gecələr lampa işığında toxunardı. Elə olardı ki, bəzən səhərə qədər yatmazdılar. Əsasən də uzun qış gecələrində hasilə gələn belə xalçalara azyaşlı qız uşaqları da böyük maraq göstərərdilər. Naxçıvanda qızlar çox erkən yaşlarından xalça toxumağa alışdırılırdı. Məhz bu səbəbdəndir ki, bu gün də muxtar respublikanın istənilən bölgəsində xalça toxumağı bilən qadınlar, qızlar az deyil.
"İtə ataram, yada satmaram". Orta məktəbdən yadımda qalan bu fikir yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərində yoxsul, çörək puluna ehtiyacı olan Sona xanımın dili ilə deyilir. Bu fikir xalqımızın xalçaçılığa olan sevgisinin möhürü kimi səslənir sanki. 90-cı illərin ağır zamanlarında sənətkarlığın digər sahələrində olduğu kimi, xalçaçılıq sahəsində də durğunluq yaşandı. Evlərdəki cəhrələr, daraqlar, hanalar, kirkid və digər toxuculuq alətləri zirzəmilərə daşındı. Belə bir zamanda xalçaçılıq sənətini, xalçaçılıq məmulatlarımızı, ümumilikdə Naxçıvanın nəfis xalçalarını qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə müstəqilliyin ilk illərində yaradılan muzeylərdən biri Naxçıvan Dövlət Xalça Muzeyi oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 1998-ci ildə yaradılan və ildən-ilə eksponatlarının sayı artan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni binaya köçürüldü. Muzeyin üç dildə internet saytı istifadəyə verildi. Bu da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almağa, həmçinin tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Bu gün muzeyi ziyarət edən hər kəs Naxçıvan xalçaçılıq məktəbinə aid nəfis xalçalarla tanış olur. Xalçanın ibtidai forması olan həsirdən başlamış keçə, kilim, palaz, cecim, vərni şəddə, zili və digər xovlu və xovsuz xalça nümunələri, keçmişdə məişətdə geniş şəkildə istifadə olunmuş xurcun, məfrəş, çuval, heybə kimi xalçaçılıq, kirkid, həvə, cəhrə, daraq, qayçı, hana kimi toxuculuq alətləri Naxçıvanda xalçaçılığın zəngin tarixindən xəbər verir. Muzeydə mövcud 3429 eksponatın 246 ədədini Naxçıvan qrupuna aid xalçalar, 180-ədədini isə xalçaçılıq məmulatları təşkil edir.

Xalçaçılığın tarixinə nəzər
“Kültəpə” adlı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində neolit və eneolit dövrlərinə aid iy və cəhrənin, tunc dövrünə aid sadə toxuculuq dəzgahının tapılması Naxçıvan diyarında yaşayan əhalinin toxuculuqla hələ ibtidai icma quruluşunun son dövrlərindən məşğul olmasını sübut edir. Erkən orta əsrlər dövründən müstəqil fəaliyyət sahəsinə çevrilən xalçaçılıq sonrakı dövrlərdə Azərbaycan qadınlarının əsas məşğuliyyət sahələrindən birinə çevrilmşdir. X-XIII əsrlərə aid mənbələr Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir.
Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarmışdı. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və xovsuz xalça məmulatları istehsal edilmişdi. Belə ki, 1845-ci ilə aid statistik məlumatda göstərilir ki, həmin il burada 1050 ədəd xalça, 3000 ədəd at çulu, 2500 ədəd keçə, 5000 ədəd çuval, 460 ədəd məfrəş toxunmuşdur. Naxçıvan diyarında XVIII-XIX əsrin əvvəllərində toxunmuş xeyli sayda xalça məmulatları nümunəsi dövrümüzə qədər gəlib çatmışdır. Həmin nümunələrin bəziləri bu gün Naxçıvan Dövlət Xalça muzeyi ilə yanaşı, Naxçıvan Dövlət Tarix muzeyinin və bölgələrdəki tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarını bəzəyir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun rəhbərliyi ilə aparılan çöl tədqiqatları zamanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Sədərək, Ordubad, Şahbuz və Şərur rayonlarında toxunmuş şəxsi kolleksiyalarda saxlanılan yun xovlu xalçalar, “Namazlıqlar”, yun xovsuz zililər, duz torbaları, xurcunlar, məfrəş üzü, şəddə və kilim aşkar edilərək elmi ictimaiyyətə təqdim edilmişdir. Tədqiqat zamanı aydın olmuşdur ki, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan qrupuna aid olan ən qədim xovlu xalça 1800-cü ildə Şərur rayonunun Maxta kəndində toxunmuşdur. Belə faktları kifayət qədər sadalamaq olar ki, bütün bunlar da Naxçıvanda xalçaçılığın tarixən uzun bir inkişaf yolu keçdiyini göstərir.
Müstəqillik illərində muxtar respublikada xalçaçılıq sənətinin qorunması, yaşadılması naminə görülən işlər Xalça muzeyinin istifadəyə verilməsi ilə məhdudlaşmamış, Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində bir sıra təşkilati işlər görülmüşdür. Belə ki, peşə məktəblərində “Xalçaçılıq” kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılmış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunmuşdur. Xalq yaradıcılığı emalatxanasında, dərnəklərdə toxunan xalçalar neçə illərdir ki, keçirilən festivalları, milli bayramlarımızla əlaqədar təşkil olunan şənlikləri bəzəyir. Həm də bu illər ərzində öz sənətini sevən xalçaçılar yetişib. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında evlərdə xalçaların toxunması işi həyata keçirilir. Bu qadınların məşğulluğunu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan ən mühüm addımlardan biri olub.
Ötən dövr ərzində Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları - Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması Naxçıvan xalçalarının hazırlanması texnikalarının öyrənilməsində, Naxçıvan xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. 2018-ci ilin yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilib. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Kitabdakı məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbinin daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi, xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılıb. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı, nəinki muxtar respublika, ümumilikdə, Azərbaycan tarixi və mədəniyyətinə dəyərli töhfədir. Kitabda diqqəti çəkən 254 xalçaçının fotosu və onlar haqqında məlumatların verilməsidir. Naxçıvan xalçaçılığına dair bu dəyərli mənbədən oxuyuruq: “Naxçıvan diyarının müxtəlif bölgələrində istehsal edilmiş xalça məmulatları öz sənətlərinin kamil ustası olan azərbaycanlı qadınlar tərəfindən toxunurdu. Onlardan XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Naxçıvan qəzasının Cəhri kəndində yaşamış İsmayılova Fərəc Darçın qızının, Piriyeva Qumru Cəfər qızının, Kükü kəndində yaşamış Məmmədova Qönçə Heydər qızının. Kolanı kəndində yaşamış Əsmər Hüseynəli qızının, Ordubadın Nüsnüs kəndində yaşamış Ramazanova Xanpəri Musa qızının adları dövrümüzədək gəlib çatmışdır.” Kitabda adları qeyd olunan 254 xalçaçı qadın öz zəhmətkeşlikləri ilə, milli dəyərlərimizə bağlılıqları ilə bu qədim el sənətini sevərək günümüzə qədər çatdıra biliblər. Muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı bu günədək görülən işlər, xüsusilə də ölkə başçısının 15 fevral 2018-ci il tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı xalçaçılığın bu qədim Nuh yurdunda yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmanət verir.
Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info