“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
Tarix: 17.02.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Ayhan Dəmirçi:
“Qarabağ məsələsinə Belçika hökumətinin yanaşması digər Avropa ölkələrinin yanaşmasından fərqli deyil”

Uzun illərdir ki, Belçikada fəaliyyət göstərən Azərbaycan Belçika Dostluq Cəmiyyəti (ABDC) Qarabağ həqiqətlərinin təbliği istiqamətində əhəmiyyətli işlər görür. ABDC-nin sədri, aktiv şəkildə diaspor fəaliyyəti ilə məşğul olan Ayhan Dəmirçi bu mövzuda qəzetimizə müsahibə verib.

-Qarabağ həqiqətlərini Belçikada effektiv şəkildə necə yaymaq olar?
-Bizim məqsədimiz bir təşkilat olaraq Azərbaycanı Avropada tanıtmaqdır və bu məqsədimiz istiqamətində işlər görməkdəyik. Vaxtaşırı avropalı siyasət adamları ilə görüşlər keçirir, Avropa Parlamentində, Belçikanın nüfuzlu universitetlərində tədbirlər təşkil edirik. Keçirdiyimiz tədbirlərə yerli insanların qatılmasında maraqlıyıq. Bütün bunlar Azərbaycan, eləcə də Qarabağ həqiqətlərini Belçikada tanıtmaq üçündür.
-Ümumiyyətlə, belçikalılar Qarabağ münaqişəsi haqqında nə dərəcədə məlumatlıdırlar?
-Belçikalıların bütövlükdə bu münaqişə ilə bağlı nə dərəcədə məlumatlı olmasını demək bir qədər çətindir. Biz, sadəcə, çalışmalıyıq və çalışırıq ki, daha çox məlumatlı olsunlar. Sadə belçikalının buna marağı varmı? Yaxud da sadə bir belçikalının bunu bilməsi bizə nə verər? Bütün bunlar başqa mövzunun söhbətidir. Qeyd etdiyim kimi, biz bacardığımız qədər bu məlumatları verməyə çalışırıq. Bunun üçün imkan daxilində yerli mətbuatın xidmətlərindən də istifadə edirik.
-Təbliğat işində birgə fəaliyyətin nə kimi önəmi var?
-Avropadakı Azərbaycan diaspor təşkilatlarının ümumilikdə fəaliyyətində aktivlik yüksək səviyyədədir. Ancaq bu təşkilatlarımız ayrı-ayrılıqda çalışdıqları üçün fəaliyyətləri ictimaiyyətdə çox da səs-səda yaratmır. Bu səbəbdən də diaspor işində birgə fəaliyyət əsasdır. Artıq biz bu birliyi yaratmaq üçün bir sıra maraqlı layihələr icra edirik. Sevindirici hal odur ki, bu gün ətrafımızda dəyərli dost və qardaşlarımız var. Diasporumuzun güclənməsi üçün ilk görəcəyimiz iş aradakı bütün ayrılıqları, bölünmələri aradan qaldıraraq birliyimizi hər zaman qoruyub saxlamaqdır. Hamımız həmrəy olaraq Azərbaycan üçün çalışmalıyıq. Dövlət qurumları, diaspor təşkilatları olaraq daha aktiv çalışmalı, daima qarşılıqlı dialoq qurulmalı və güclü azərbaycanlı diasporu yaradılmalıdır. Bir məsələni də xüsusi olaraq vurğulayım ki, diaspor təşkilatlarının Azərbaycanın təbliği istiqamətində həyata keçirəcəyi beynəlxalq layihələri də iş adamları dəstəkləməlidir.
-Rəsmi Belçika hökumətinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir? Siz, yəqin ki, Belçika rəsmiləri ilə görüşdə Qarabağ haqqında da danışırsınız. Onların bu məsələyə reaksiyaları necə olur?
-Belçika Azərbaycanın müstəqilliyini 1991-ci ilin sonlarında tanıyıb və 1992-ci ildən isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1995-ci ildə Azərbaycanın Belçikada, 2007-ci ildə isə Belçikanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.
Bilirsiniz ki, Brüsseli həm də Avropanın paytaxtı hesab edirlər. Belçika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən isə Ermənistanın Qarabağı işğal etdiyini açıq deməyib. Hətta buna işarə etdiklərini də eşitməmişəm. Bu məsələyə Belçika hökumətinin yanaşması digər Avropa ölkələrinin yanaşmasından fərqli deyil. Görüşlərimizdəki söhbətlərdə isə, sadəcə, bir diplomat kimi yanaşmaları olur.
-Azərbaycanla Belçika arasında iqtisadi, siyasi və mədəni əlaqələr hansı səviyyədədir?
- Mən bu məsələyə bir müşahidəçi olaraq cavab verə bilərəm. Azərbaycan dövləti və onun müvafiq təşkilatları iki ölkə arasındakı əlaqələrin dərinləşməsi üçün lazımi tədbirlər icra edirlər. Son illərdə bu sahədə irəliləyişlərin də olduğu müşahidə edilir.
-Tariximizin və mədəniyyətimizin təbliği istiqamətində hansı işləri görürsünüz?
- Təbii ki, biz hər il Azərbaycanın Brüsseldəki səfirliyi ilə birlikdə 20 Yanvar faciəsinin anım mərasimini keçiririk. Bundan başqa, Xocalı soyqırımı və 31 Mart soyqırımı ilə bağlı Belçikada müxtəlif adda tədbirlər keçiririk. Reallaşdırdığımız mitinq və konfranslarda belçikalılara və Belçikada yaşayan xalqlara broşür və bu faciələrlə bağlı olaraq müxtəlif məlumatların yer aldığı kitabçalar paylayırıq. Belçikadakı erməni səfirliyinə, Avropa Parlamentinin rəhbərlərinə və İnsan Haqları Məhkəməsinə Qarabağın işğalı ilə bağlı məktublar göndərilib. Bundan başqa, Avropada ayrıca yayımlanan Avropa televiziyasında cəmiyyət rəhbəri olaraq Qarabağın işğalı ilə bağlı proqramların yayımlanmasına nail olmuşuq. Həmçinin təntənəli şəkildə Novruz bayramını qeyd etmişik. Belçikada Azərbaycanın bir sıra şəhər və regionlarının icra hakimiyyətlərinin iştirakı ilə toplantı keçirmişik. 28 May-Respublika Günü ilə bağlı futbol turniri təşkil etmişik. Belçikadakı səfirliyimizin dəstəyi ilə burada Azərbaycanın “Qartallar” folklor qrupunun çıxışını təşkil etmişik. Bundan başqa, səfirliyimizin dəstəyi ilə Azərbaycan poeziyasını Belçikada tanıtmaq məqsədilə poeziya axşamı keçirmişik.
Hər il olduğu kimi, bu ildə Xocalı soyqırımının anım gününü qeyd edəcəyik. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin və 31 Mart soyqırımının 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşuq.
-Bilirik ki, sizin təşəbbüs və təşkilatçılığınızla ötən il Belçikada "Qarabağ atı" abidəsi qurulub.
-Bəli, 2017-ci ilin mart ayında Belçikanın Ham şəhərində “Qarabağ atı” abidəsinin açılışı oldu. Bundan təxminən bir il öncə, 2016-cı ilin fevral ayında da Belçikanın Vaterloo şəhərində Azərbaycan şairəsi, Qarabağda anadan olmuş Natəvanın abidəsinin açılışı oldu. Qeyri-təvazökarlıq kimi səslənsə də, qeyd etməliyəm ki, bütün bunlar bizim təşkilatın təşəbbüs və təşkilatçılığı ilə baş tutdu. Ermənilərin maneçilik törətmək istəklərinə gəlincə, ola bilsin ki, belə bir istəkləri olub. Biz bunlara fikir verməməyə çalışırıq. Təbii ki, hər an onların ata biləcəkləri addımlara qarşı hazır olmalıyıq. Belə bir təşəbbüsləri olubsa da, nəticə əldə edə bilmədikləri aşkar görünməkdədir.
-Ümumiyyətlə, Belçikada erməni diasporunun gücü hansı səviyyədədir?
- Dünyanın bir çox yerlərində olduğu kimi, Belçikada da erməni diasporu var və güclü fəaliyyət göstərir. Bunun da əsas səbəbi, məlum olduğu kimi, onların ABŞ-a və Avropaya daha əvvəlcədən gəlməsidir. Onlar artıq bu cəmiyyətə inteqrasiya olunub və müəyyən mövqe tutublar. Bu səbəbdən də xüsusi olaraq vurğulayım ki, Azərbaycan diasporu gənc olsa da, son illərdə erməni diasporuna və onların uydurduğu yalanlara qarşı gücünü ortaya qoya bilər və hətta daha güclü addımlar ata bilər.
-Ermənilər əksər ölkələri öz yalanlarına inandırıblar.Belçikada yerli xalq onları necə tanıyır?
-Qeyd etdiyiniz ki, ermənilər əksər ölkələri öz yalanlarına inandıra biliblər. Bəzi ölkələr də var ki, bu yalanlara inanmış kimi görünnməkdə maraqlıdırlar. Belçikada da onları əksər ölkələrin tanıdığı kimi, yazıq və əzilmiş bir xalq olaraq tanıyanlar çoxdur. Xüsusən, illərdir apardıqları sözdə soyqırımı məsələlərinə görə. Burada, təbii ki, dini amilləri də nəzərdən qaçırmaq lazım deyil.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib
10.07.2019
“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib
09.07.2019
Azərbaycan dövləti öz milli mənafeyi uğrunda sona qədər mübarizə aparacaq
08.07.2019
“Qafqazda ikinci erməni dövləti yaradılması mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info