İspaniya Deputatlar Konqresinin üzvü Xose Mariya Çikiyo: “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir”
Tarix: 20.02.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı xarici ölkələrdə müxtəlif tədbirlər keçirilir, mətbuatda yazılar dərc edilir


“Jerusalem Post”:
“Azərbaycanın Qaradağlı kəndində törədilmiş qanlı qırğın müasir erməni terrorizminə əsl sübutdur”

İsrailin “Jerusalem Post” qəzeti siyasi şərhçi Arye Qutun “Azərbaycanın Qaradağlı kəndində törədilmiş qanlı qırğın müasir erməni terrorizminə əsl sübutdur” sərlövhəli məqaləsini dərc edib. Məqalədə müxtəlif məqamlara toxunan müəllif yazır ki, 1992-ci ilin fevral ayında Monte Melkonyanın rəhbərliyi altında erməni silahlı qüvvələri və Livanın “Arabo” və “Aramo” terror qruplarında məşq keçmiş erməni dəstələri eyni vaxtda hücum edərək Xocavənd rayonunun Qaradağlı kəndini hər tərəfdən mühasirəyə alır. Sonradan məlum olur ki, 366-cı rus alayının əsgər və zabitləri də işğalda iştirak ediblər.
Aramo, Arabo və Avonun (Monte Melkonyan) muzdluları Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməyi ilə 1992-ci il fevral ayının 17-də mühüm strateji əhəmiyyəti olan Qaradağlı kəndini işğal edib. Ermənilər ondan bir həftə sonra Xocalı genosidini törədiblər.Qaradağlı uğrunda döyüşlərdə 145 nəfər öldürülüb, onlardan 54-ü bir gündə qətlə yetirilib. Ümumiyyətlə isə, erməni muzdlularına qarşı döyüşdə Xocavənddə 154 nəfər öldürülüb, onlardan 15-i qadın, 13-ü uşaqdır. Yerli müdafiə batalyonunun döyüşçüləri son nəfəsə qədər vuruşub, böyük igidlik nümayiş etdirib, amma kömək gəlmədiyinə görə mühasirədən çıxa bilməyiblər.
Doqquz gündən sonra “Arabo” erməni dəstələri Xocalının günahsız əhalisinə qarşı genosid törədib. Bu genosid aktında Monte Melkonyan, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər erməni başkəsənləri iştirak ediblər. Bu canilər orada 613 nəfəri qətlə yetiriblər. Onların arasında uşaqlar, qadınlar, qocalar və mülkü əhali də var. Min nəfərə qədər insan ömürlük şikəst olub. Həmin faciə gecəsi 1275 nəfər insan əsir götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil.
İndiyə qədər qəbul edilmiş beynəlxalq konvensiyalar da Qaradağlı və Xocalı faciəsi kimi soyqırımı aktlarını qətiyyətlə pisləyir, onların qəbuledilməz olduğunu bəyan edir.Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilib. Ermənistanda müxtəlif dövrlərdə yüksək vəzifələr tutan Seyran Ohanyan, hazırkı prezident Serj Sarkisyan, həmçinin Robert Köçəryan və başqaları həmin soyqırımının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Məqalənin sonunda qeyd edilir ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi Qaradağlı və Xocalı soyqırımlarına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməli və “əsl soyqırımı” kimi qiymətləndirməlidir.

İspaniyada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib

İspaniyanın paytaxtı Madriddə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib. Ölkəmizin İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, parlament üzvləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, bu faciənin təkcə azərbaycanlılara deyil, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz zülm və təhqirlərə məruz qaldığını bildirib.
Səfir Xocalı soyqırımının XX əsr tarixinin ən qanlı səhifələrindən biri olduğunu, Ermənistanın apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğal olunduğunu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Səfir Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, hələ də səbəbkarların cəzalandırılmamasını, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirib, Xocalı soyqırımı qurbanları və onların ailə üzvlərinin beynəlxalq təşkilatlardan qətliama ədalətli qiymət verilməsini gözlədiklərini vurğulayıb.
A.Məhərrəmov ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu, lakin Ermənistan tərəfinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin və apardığı təcavüzkar siyasətin sülh danışıqları prosesinə ciddi xələl gətirdiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdəki çıxışına istinad edərək, ölkəmizin Ermənistanın hərbi təxribatlarına layiqli şəkildə cavab vermək, münaqişəni hərbi yolla da həll etmək iqtidarında olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışıb, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd edib. Ö.Önhon Xocalı faciəsinin insanlıq tarixində qara bir ləkə olduğunu, beynəlxalq ictimaiyyət tərəfindən bu qətliama siyasi-hüquqi qiymətin verilməsinin və cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən İspaniya Deputatlar Konqresinin üzvü Xose Mariya Çikiyo Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, BMT-nin əsas prinsip və normalarının, insan hüquqlarının kobudcasına pozulduğunu qeyd edib. Xocalı soyqırımının dəhşətli nəticələri barədə danışan deputat, dünya birliyinin bu faciəyə biganə qalmasının yolverilməz olduğunu vurğulayıb, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olunacağına ümidvar olduğunu bildirib.
ATƏT-in Parlament Assambleyasının insan hüquqları, demokratiya və humanitar yardım komissiyasının keçmiş prezidenti, İspaniyanın dövlət vəkili, akademik Xesus Lopes Medel çıxış edərək Xocalıda həmin gün baş verənləri “vəhşilik” adlandırıb, Xocalı soyqırımının heç vaxt unudulmayacağını qeyd edib. Bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağın vacibliyinə diqqət çəkən akademik tezliklə cinayətkarların layiqli cəzalarını alacağına, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olacağına ümid etdiyini bildirib.
Çıxışlardan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” adlı videoçarx nümayiş etdirilib.
Daha sonra dahi bəstəkar Qara Qarayevin seçmə əsərləri “Soyqırıma yox” foto kompozisiyasının müşayiəti ilə həmyerlilərimiz Nigar Əskərovanın pianoda və Kamran Ömərlinin skripkada ifasında mərasim iştirakçılarına təqdim edilib.
Sonda qonaqlar “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm əsərlərinin sərgisi ilə tanış olublar.
Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyasının buklet və posterləri paylanıb.
Qeyd edək ki,İspaniyanın nüfuzlu “La Vanguardia” qəzeti Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbir haqqında məqalə yayıb.Məqalədə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun tədbirdəki çıxışından fikirlərə yer verilib. Məqalənin sonunda Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyasının bir hissəsi olduğu vurğulanır.

İstanbulda “Xocalıya ədalət!” fotosərgisi açılıb
İstanbulda fəaliyyət göstərən Yıldız Texnik Universitetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində fotosərgi açılıb.Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan “Xocalıya ədalət!” fotosərgisi iki gün davam edəcək.
Sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Yıldız Texnik Universitetinin rektoru, professor Bahri Şahin və digər rəsmi şəxslər, eləcə də yerli ictimaiyyətin tanınmış nümayəndələri, universitetin müəllim və tələbələri iştirak ediblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
07.06.2018
Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info