Bəşəriyyətin lal yuxusu - Xocalı
Tarix: 23.02.2018 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


20-ci əsr bəşər tarixinin, bəlkə də, ən təlatümlü, qanlı-qadalı hadisələrinə şahidlik etmişdir. Bir əsrdə iki dəfə dünya müharibəsi, siyasi çaxnaşmalar, yaranan və dağılan ittifaqlar, dəyişən, yaxud zorla dəyişdirilən sərhədlər, repressiyalar, deportasiyalar, soyqırımları... Bu hadisələri dünya üzrə paylasaq, hərənin payına biri, yaxud ikisi düşər, bircə soyqırımından başqa... Çətin ki, Azərbaycandan başqa, taleyinə bir əsrdə iki dəfə soyqırımı yazılmış ölkə tapıla...
200 il ərzində Azərbaycan xalqı erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız öz dədə-baba yurdlarından, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında "dənizdən dənizə Ermənistan" ideyasını reallaşdırmaq cəhdləri kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Lakin hadisələrin sonrakı axarı göstərdi ki, bütün bunlar hələ başlanğıc imiş...
Getdikcə daha aqressiv, həris və genişmiqyaslı xarakter alan erməni qaniçənliyi və xisləti 1992-ci ilin əvvəllərində pik həddinə çatdı. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən soyqırımı törədildi. Bu qanlı hadisə nəticəsində kəndin hər 10 sakinindən biri şəhid oldu. Qaradağlıda törədilən soyqırımında 117 sakin qətlə yetirildi, onlardan 10-u qadın, 8-i uşaq idi, iki ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı, 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürüldü. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkünə düşüb.
Bu faciənin cəzasızlığından ilhamlanan erməni quldurları və onların havadarları 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar. Şəhər mühasirəyə alınmış, artilleriya və ağır hərbi texnikadan güclü atəşə tutularaq tamamilə alova bürünmüş və bir gecənin içərisində yerlə yeksan edilmişdir. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.
Qondarma “Dağlıq Qarabağ” “rəsmiləri”nin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri şəhəri təhlükəsiz tərk etmək üçün “azad dəhliz”in mövcudluğu barədə məlumatlandırılmışdır. Qondarma rejim rəsmiləri, həmçinin bildirirlər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlərlə əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır. Lakin bunun sübutu kimi nə bircə dənə bu cür vərəqənin nümunəsi təqdim edilmiş, nə də beynəlxəlq müşahidəçilər Xocalıda bu cür vərəqələrin izinə rast gəlmişdir. Dindirilən Xocalı qaçqınları da bu cür vərəqələr barədə heç nə eşitmədiklərini söyləmişdilər.
Ağdam və Bakıda “Memorial” müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişdilər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, “azad dəhliz” barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun "hərbçi"si onu xəbərdar etmişdir). “Memorial” müşahidəçilərinin Xankəndidə təcridxana mərkəzində deputat Paruyr Hayrikyanın iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri “azad dəhliz” barədə heç nə eşitməmişdilər.
Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərmişdilər. Əhali ən vacib əşyalarını belə, götürməyə imkan tapa bilmədiyindən soyuq, şaxtalı gecədə donvurmanın qurbanına çevrildi. Ağdam rayonunun yaxınlığında “azad dəhliz”lə hərəkət edərkən də insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postlarının atəşinə məruz qaldılar. Yalnız qaçqınların az bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən, qadın və uşaqlar dağlarda hərəkət edərkən donaraq öldü, bir qismi isə əsir götürüldü.
Bütün bunlar, əslində, “azad dəhliz”in olmadığı, hansı yolu və istiqaməti seçməsindən asılı olaraq Xocalı sakinlərinin faciədən qurtuluşu olmadığının, yəni soyqırımının göstəricisidir.
Mənbələrə əsasən şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 nəfər dinc əhali, o cümlədən, 86 axıska türkü qalmışdı. Sakinlərin, hücumun iştirakçılarının, "DQR" rəsmilərinin və həmin ərəfədə Xocalı rayonunda olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin ifadələrinə görə qalan sakinlərin hamısı əsir götürüldü və üç gün ərzində Xankəndiyə (təcridxana mərkəzi və nəqliyyat dəstəsinin binasına), Krasniy kəndində saxlama yerinə və Əsgəran rayonunda təcridxanaya aparıldı.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən, beləcə, 1200 meyitin üstündən keçdim… Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.
Yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Xocalı hadisələri Ermənistan prezidenti Serj Sarkisyanın qanunsuz separatçı rejimin “özünümüdafiə qüvvələri komitəsi”nin rəhbəri olan dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə ən vacib sübut mənbələrindən biridir. Sarkisyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik. Və budur baş verənlər. Və biz, həmçinin nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olmuşdur”. Minlərlə dinc adamın öldürülməsindən təəssüf hissi keçirib-keçirməməsi haqqında suala isə o belə cavab vermişdi: “Mən heç bir təəssüf hissi keçirmirəm...hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir”.
Göründüyü kimi, əslində, ermənilər törətdikləri vəhşilikləri, cinayətləri danmırlar və bununla fəxr etdiklərini açıq-aşkar bəyan edirlər. Xocalı əməliyyatlarında Azərbaycanın 7 Milli Qəhrəmanı: Əlif Hacıyev, Ələsgər Novruzov, Allahverdi Bağırov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov və Füzuli Rüstəmov iştirak etmiş və misilsiz qəhrəmanlıqlar göstərmişdilər.
Xocalı faciəsi milli səviyyədə ilk dəfə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qiymətləndirilməyə başladı. 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. Heydər Əliyevin 25 fevral 1997-ci ildə verdiyi N 498 qərarı nəticəsində, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Ümummilli lider qeyd edirdi ki, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
2012-ci il fevralın 2-də Meksika senatı Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş qırğının soyqırımı kimi tanınmasına qərar verib. Elə həmin il Pakistan Senatının Xarici Əlaqələr Komitəsi də Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib. Ən maraqlısı isə budur ki, 2012-ci il aprelin 24-ü tarixində – qondarma erməni soyqırımının ildönümü günündə Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb. Bundan sonrakı müddətdə, məsələn, 2013-cü il fevralın 19-da Çexiya parlamenti, Bosniya və Herseqovina parlamenti fevralın 26-da Xocalı soyqırımının tanınmasına dair qərar qəbul edib. 2013-cü il iyunun 14-də Peru parlamenti Xocalı faciəsini soyqırımı aktı kimi təsdiqləyib. 2014-cü il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333 saylı qərar qəbul edib, 2016-cı ildə İordaniya, 2017-ci ildə isə Cibuti parlamenti Xocalı soyqırımını qətliam kimi tanıyan aktlar qəbul edib. Beləliklə, 2012-2017-ci illər ərzində cəmi 9 müstəqil dövlət Xocalıda baş verənlərə soyqırımı deməyə özündə cürət tapıb.
Dünyanın nəhəngi, “demokratiya etalonu” və sözdə “insan haqlarının beşiyi” və müdafiəçisi olan ABŞ isə nəinki bu məsələyə qərar verməyib, heç müzakirəyə də çıxarmayıb. Amma ölkənin ayrı-ayrı ştatlarında qətliama münasibət bildirilməkdədir. 2011-ci ildə Texas və Nyu-Cersi, 2012-ci ildə Corciya və Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, Qərbi Virciniya, Connektikut və Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona və Yuta, Nyu-Meksiko (ikinci dəfə) ştatları, 2016-ci ildə isə Nebrasko, Havay, Montano və Aydaho ştatları olmaqla, ümumilikdə 21 ştat Xocalı soyqırımını rəsmən tanıyıb.
Halbuki Xocalı soyqırımı elə də uzaq keçmişdə baş verməmişdir, onun səbəbkarları və qurbanları dünyanın gözü qarşısındadır, cinayətkar əməlləri sübut edən kifayət qədər sübutlar vardır. Ancaq görünən odur ki, ikili yanaşma, dini, milli və etnik ayrı-seçkilik bu boyda faciədən, insanlığın utanc yeri olan qətliamdan da yan keçmir. Lakin niyəsə “erməni soyqırımı” bu taleyi yaşamır və ABŞ-ın 50 ştatından 41-i (2015-ci il məlumatına əsasən) “erməni soyqırımı”nın olduğunu rəsmən qəbul edib. Maraqlısı odur ki, həmin ştatlardan bəziləri həm də Xocalı soyqırımını tanıyıb. Bu, artıq “demokratiya” və “insan haqları” anlayışının səmimilik indikatorudur. 26 il əvvəl müasir bəşəriyyətin canlı şahidi olduğu Xocalı soyqırımını, detalları kifayət qədər araşdırılmamış və ya araşdırılmasını istəmədikləri, varlığına əsaslı şübhələr və hətta təkzibolunmaz faktlar olan, 103 il əvvəl törədildiyi iddia olunan qondarma soyqırımı ilə eyniləşdirən və üstünlüyü qondarma soyqırımına verən “demokratiya”nın... O “demokratiya”nın ki, insan haqları, humanizm deyə hər gün bar-bar bağırılan bir zəmanədə azərbaycanlıların başına gətirilənlərin müqabilində seçimi lal, kar və kor olmaqdır. Üstəlik də belə genişmiqyaslı qətliamın bir xalqın həyatında bir əsrdə iki dəfə eyni xalq və havadarları tərəfindən təkrar törədildiyi təqdirdə...
Bir haray yuxumuza güllə boşaltdı... Xocalı harayı... Bəşəriyyətin şirin yuxusu və səssiz oyanışlarıysa hələ də davam etməkdədir...
Fərqanə Həsənova
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə ekspertizası mərkəzinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
İnanılmaz kampaniyanın bitməsinə 15 gün qaldı
11.12.2018
Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda seminar-təlim keçirilib
11.12.2018
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb
11.12.2018
“Gömrük xidməti əməkdaşları iqtisadi təhlükəsizliyin qorunmasına məsul şəxslərdir”
11.12.2018
Kiyevdə Ümumilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info