Sumqayıt hadisələri Ermənistan tərəfindən törədilmiş təxribat idi
Tarix: 23.02.2018 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyi və Baş Prokurorluq 1988-ci il Sumqayıt iğtişaşları ilə əlaqədar birgə bəyanat yayıblar

“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi”. Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə keçirilən mətbuat konfransında söyləyib. “Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Ötən əsrin 80-ci illərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı və bu, hərbi təcavüz və Azərbaycanın dinc əhalisinə qarşı insanlığa qarşı cinayətlərlə yekunlaşdı. Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı terror aktları törədib. Bu təxribatların kulminasiya nöqtəsi isə Sumqayıt hadisələri oldu”, - deyə XİN-in sözçüsü bildirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, hazırkı istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. O bildirib ki, hazırda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev qeyd edib ki, Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti “Krunk” cəmiyyətinə maddi vəsait köçürməkdən imtina edənlər olub. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrdə fəal iştirak edənlərdən biri dəfələrlə məhkum edilmiş, milliyyətcə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub. Eduard Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “Ermənilərə ölüm”, “Ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib.

“Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi”

Qeyd edək ki, Xarici İşlər Nazirliyi və Baş Prokurorluq 1988-ci il Sumqayıt iğtişaşları ilə əlaqədar birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, 1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq əməllərinə, terrora, etnik zəmində təxribatlara və hərbi gücdən istifadəyə əl adıb. Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlara başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qalması, işğal olunmuş ərazilərin talan edilməsi ilə nəticələnib. Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif regionlarında etnik zəmində qarşıdurma planlaşdırır və həyata keçiririblər. 1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutulub. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edilib. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradılıb. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edilib, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olunub. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırılıb, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmayıb, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilməyib.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilib.
Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilib
Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar. Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyillərini dayandırmaq, sərt repressiya metodlarına əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olub. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu. Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib. Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilib, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli “Krunk” və “Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olublar.
İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilib, zorlamaya məruz qoyduğu erməni Məjlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınıb. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir. Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib. SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib. Bəyanatda bildirilir ki, hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info