Sarayevoda Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş konfrans
Tarix: 23.02.2018 | Saat: 09:33:00 | E-mail | Çapa göndər


Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycanın bu ölkədə, Serbiya və Monteneqrodakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş konfrans, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən “Böyüməyən uşaqlar” kitabının boşnak dilində təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan və Bosniya və Herseqovinadan deputatlar, nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe, kitabın müəllifi Elşad Eyvazlı, Azərbaycan – Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Çingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoru Sabahudin Hadjialiç, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, Xocalıda hər iki valideynini itirmiş Səbinə Məhərrəmova və Murad Hüseynov tədbirdə çıxış ediblər.
Natiqlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladaraq, Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsini təşkil etdiyi, cinayətin kökündə azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı olduğunu, beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin törətdikləri cinayətlərə görə məsuliyyət daşıdığını bildiriblər.
Azərbaycanın Serbiya, Bosniya və Herseqovinada və Monteneqrodakı səfiri E.Həsənov “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının 10-cü ildönümü çərçivəsində təşkil edilmiş konfransın iştirakçılarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin məhv edilməsi barədə məlumat verib. Diplomat Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü il fevralın 26-da - Xocalı soyqırımının törədildiyi gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbul edildiyini minnətdarlıqla xatırlayıb.
Səfir Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən “Böyüməyən uşaqlar” kitabı haqqında da danışıb. E. Həsənov kitabın müəllifinin həmin uşaqların yaşadıqları acı taleləri peşəkarlıqla qələmə almasını, erməni vandalizminin, eləcə də ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətlərin soyqırımı qurbanlarının öz dili ilə oxuculara çatdırmaq bacarığını xüsusi qeyd edib.
Sonra çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib. Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası münasibətlərinə diqqət yetirən Ç.Qənizadə bu ölkənin Parlament Assambleyasının Xalqlar Palatası tərəfindən Xocalı soyqırımına ədalətli, hüquqi, siyasi qiymət verilməsi barədə qətnamənin qəbul olunmasını Xocalıda törədilən kütləvi qırğının beynəlxalq arenada tanıdılmasına əhəmiyyətli töhfə və bu faciənin dünya birliyi tərəfindən soyqırımı kimi tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndirdi.
Professor Tahsin Erkan Türe Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdikləri cinayətləri pisləyərək, bu etnik təmizləmə aktından 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarların indiyədək Ermənistanda diplomatik immunitet arxasında gizləndiyini bildirib. Xocalı soyqırımının bir sıra ölkənin qanunverici orqanı, habelə ABŞ-ın çox sayda ştatları tərəfindən tanındığını deyən professor T.E.Türe, Azərbaycan xalqına və hökumətinə dəstək göstərilməsinə çağırış edib.
Elşad Eyvazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir iştirakçılarının əlində olan “Böyüməyən uşaqlar” kitabının ingilis, alman, türk, gürcü, Ukrayna dillərinə tərcümə olunduğunu və dünyanın bir çox ölkəsində təqdimatının keçirildiyini, indi isə soyqırımının nə olduğunu bizim kimi bilən, bizim kimi dadan bosniyalılara boşnak dilində təqdim edildiyini bildirib.
Daha sonra çıxış edən Sabahudin Hadjialiç Azərbaycan xalqının yaşadığı acı hadisələrə diqqəti çəkərək, Xocalıda yüzlərlə insanın qətlə yetirildiyi vaxtda sivil dünyanın harada olduğu ilə bağlı sual verdi. “Böyüməyən uşaqlar” kitabını oxuyarkən hər iki valideynlərini itirmiş uşaqların etirafları ilə tanış olduğunu deyən professor həmin uşaqların sanki böyümək şansının olmadığını, hər bir acı xatirənin cana ağrı verdiyini bildirdi. Sonra, S.Hadjialiç kitabdan sitat gətirərək deyib: “Ata yox, ana yox. Biz uşaq ola bilmədik... Uşaq o kəsə deyirlər ki, valideyn nəvazişi görsün. Nə isə... Doğrusunu söyləyəcəyəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq ki... Ədalətlə dərdləşirdik. Deyirik, kaş atamız, anamız sağ olaydı, biz dilənib onları saxlayaydıq”.
Tədbirdə öz fikirlərini bölüşən Edin Halapiç erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhalinin qətlə yetirilməsi barədə şahid-sübutlar əks olunmuş bu kitabın faciənin soyqırımı kimi qəbul olunması üçün dəlil olduğunu bildirib, müəllifin bu istiqamətdə səylərini yüksək qiymətləndirib.
Səbinə Məhərrəmova və Murad Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həmin dəhşətli gecədə yaşadıqları acı xatirələri bölüşüblər.
Tədbirin sonunda Srebrenitsa və Xocalı soyqırımları zamanı hər iki valideyni qətlə yetirilən uşaqların dünya xalqlarına müraciəti oxunub.
Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini anıblar.
Həmçinin Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil edilib, “J-Connect” təşkilatı tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” və Elşad Eyvazlının "Böyüməyən uşaqlar" adlı sənədli filmləri nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır
01.03.2018
Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Jamanak“: “Paşinyan istefa verəcək”
5 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info