“Diaspor fəaliyyətinə kənardan təsirlər olmamalıdır”
Tarix: 26.02.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər
Vüqar Abbasov: “Bütün diaspor təşkilatlarımız lobbiçilik etmək gücündə deyil…”
Hazırda diasporun inkişaf sürətinin artırılması vacib amil hesab olunur. Lakin bunun üçün yeni taktiki yollardan istifadə edilməlidir. Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov bu mövzuda öz fikirlərini bizimlə bölüşüb.
- Xaricdəki azərbaycanlıların birinci nəsli öz hədəflərinə tam çata bilibmi?
-Hesab edirəm ki, diaspor fəaliyyətinə kənardan təsirlər olmalı deyil. Diasporun inkişafı təbii qaydada getməlidir. Xaricdə yaşayanlar həm də hiss etməlidirlər ki, Vətəndə yaşayan soydaşları da onlara qarşı biganə deyil, isti münasibətdədir. Bəlkə, bunu çoxları deməz, yaxud da mən yanılıram, ancaq hesab edirəm ki, əgər xaricdə yaşayan biri öz ölkəsindən, xalqından inciyərsə, ruhdan düşər və fəaliyyəti də effektiv olmaz. Hətta bir çox hallarda heç bir fəaliyyət göstərmək istəməz. Böyük şairimiz Məmməd Arazın sözlərini xatırladım: “Qohum da soyuyur, dost da soyuyur, Gedən unudulur, gedən unutmur. Qərib ürəyində bir səs uyuyur, Vətən unudulmur, Vətən unutmur”. Bəli, həqiqətən də ölkədən gedən unutmur. Unudulduğunu hiss edəndə isə heç bir fəaliyyətə həvəs də qalmaz. Yenə də M.Arazın dili ilə desək, qərib (indiki dildə desək, diaspor üzvü) Vətənini unutmur və Vətənin də onu unutmadığını düşünür. Diaspor üzvləri qürbətdə yaşayanlar deməkdir, yəni qəriblər. Qəriblərin qəlbinə dəyməzlər (gülümsəyir). Ədəbiyyatdan uzaqlaşaraq sualınıza bir qədər fərqli cavab verim. Diasporun inkişafı üçün gərəkənlərdən biri yerli dili, adət-ənənəni bilməkdir. Bizim nəsil bunları bacardığımız qədər öyrənib, bizdən sonrakı nəsil isə, bu baxımdan daha irəli getmiş olacaq. İlk olaraq bilməyimiz lazımdır ki, hədəfimiz nədir? Hansı hədəfə çatmaqdan söhbət gedir? Bizim təşkilatın hədəflərinə gəlincə, hədəfimizə çatdığımızı iddia edə bilmərəm. Bunun üçün çox iş görülməlidir. Şəxsi anlamda da onu demək istəyirəm ki, hədəflərim böyük idi və yenə də elədir. Bu hədəflərə çatmaq üçün, təvazökarlıqdan kənar səslənsə də, bir çox imkanlarım, əlaqələrim var idi və bu gün də var. Ancaq hələlik maddi imkanlarımız o səviyyədə deyil.Bunu da öz hesabımıza, kimsədən asılı olmadan düzəltməyə çalışırıq. Dediklərim başqa cür anlaşılmasın deyə, bir daha qeyd edirəm ki, kimsədən bir gözləntim yoxdur.
-Bəs estafeti verəcək ikinci nəsil formalaşıbmı? Birinci nəsil Vətəndən gedib deyə, Azərbaycanın səsini eşidir. İkinci nəsil isə xaricdə böyüyüb. Onların Vətənin səsini eşitməmək təhlükəsi varmı?
-İkinci nəsil biz istəsək də, istəməsək də formalaşır. Ancaq onlarda estafeti bizdən almaq həvəsi olacaqmı, bunu bilmirəm. Bəli, bizim nəsil Azərbaycanda dünyaya göz açdı, orda böyüdü, oranın çörəyini yeyib, suyunu içdi. Damağımızdan oranın yeməklərinin dadı hələ də getməyib. Oradakı bir çox, son dövrün tarixi hadisələrinə şahidlik etmişik. 20 yanvar 1990-cı il, Xocalı soyqırımı hadisələrini Azərbaycanda hiss etmişik. Biz onları unuda bilmərik və əlbəttə ki, bunları yaşadığımız ölkələrdə yerli əhaliyə çatdırmaqdan öncə övladlarımıza çatdırmalıyıq, mən belə düşünürəm. Biz özümüzü Vətənin bir parçası hesab edirik, gələcək nəsillər də bunu belə hiss etsələr, narahat olmağına dəyməz. Bir qədər öncə də qeyd etdiyim kimi, gərək vətən də bunu istəsin. Məsələn, xaricdə yaşayanları vətəndaşlıqdan çıxardarlarsa, getdikcə onların vətənlə bağları qırılacaq, buna inanın. Təbii ki, mən müşahidələrimə əsaslanaraq bunları deyirəm. Örnək olaraq qan qardaşlarımızı, Avropada yaşayan Türkiyə türklərini göstərə bilərəm. Artıq neçənci nəsildir ki, öz soyuna, Vətəninə bağlıdırlar və inanıram ki, belə də qalacaqlar. Ancaq burda olan digər xalqlar var ki, onlar özlərini ancaq niderlandlı hesab edirlər və ancaq bura bağlıdırlar. Bildikləri isə, ən yaxşı halda, soylarının hansı ölkəyə bağlı olduğudur. Biz, bizdən sonrakı nəsilə tariximizi, mədəniyyətimizi və ən başlıcası isə dilimizi öyrətməliyik. Bunun üçün internet məktəblər yaradılması məqsədəuyğun olar. Bəlkə də var, mənim xəbərim yoxdur. Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərimiz də var. Ancaq kağız üzərində olan məktəblərin hamısı reallıqda olsa, bu sarıdan da narahatçılığımıza əsas olmazdı (gülümsəyir). Ümumilikdə götürəndə isə, inanmıram ki, belə bir təhlükə olsun. Düşünürəm ki, ən azı bizdən sonrakı nəsildə belə bir təhlükə olmaz. Təkrar qeyd edirəm ki, bunun olmaması həm bizlərdən, həm də Vətəndəbizimlə bağlı verilmiş, veriləcək qərarlardan, göstəriləcək münasibətlərdən asılıdır.
-Diasporumuzun inkişafından, təşkilatlanmasından danışarkən, adətən, belə bir fikir səsləndirilir ki, artıq diaspordan lobbiçiliyə keçmək lazımdır. Sizcə, bu keçidin strateji planlaması olmalıdırmı?
-Məncə, bunlar tamamilə ayrı-ayrı mənalar daşıyır. Bilirsiniz ki, lobbiçilik Amerikada yaranıb. Əgər nəzəriyyəyə müraciət etsək, görərik ki, “lobbi” ingilis dilindədir və dilimizdə mənası “dəhliz,” “vestibül” deməkdir. Diaspor isə yunan sözüdür və bir xalqın öz ölkəsindən kənarda yaşayanlarına deyilir. Əlbəttə ki, diaspor nümayəndələri həm də lobbiçiliklə məşğul ola bilərlər. Ancaq bu o demək deyil ki, biz diaspor fəaliyyətinə son qoyub lobbiçiliklə məşğul olmalıyıq. Obrazlı desək, bütün diasporu bir “dəhlizə” sığışdırmaq mümkün deyil. Əvvəla, onu qeyd edim ki, heç də bütün diaspor təşkilatlarımız lobbiçilik etmək gücündə deyil və buna ehtiyac olduğunu da düşünmürəm. Diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar, fəaliyyətdə olduğu ölkədəki soydaşlarının da xidmətlərindən istifadə edərək, soy-kökünün bağlı olduğu ölkəni təbliğ edə, tanıtdıra, müxtəlif tədbirlər təşkil edərək soydaşları bir yerə yığa, adət-ənənənin qorunmasına çalışa bilər ki, bura Novruz bayramı, Həmrəylik günü vəs. aiddir. Diaspor fəaliyyəti geniş anlayışdır; bura, həmçinin doğma dilində məktəblərin təşkili, musiqimizin təbliği vəs. daxildir. Lobbiçilik isə tam fərqli fəaliyyətdir. Qısa desək, lobbiçilik dövlət və qanunverici orqanların qəbul edəcəyi qərarlara təsir etmək deməkdir. Əsas məqsəd isə hansısa qrupların, dövlətin maraqlarına xidmət etməkdir. Doğrudur, bu gün lobbiçilik fəaliyyəti tam normal hesab olunur, ancaq bu fəaliyyət heç də həmişə yaxşı qarşılanmır. Sirr deyil ki, lobbiçilik fəaliyyəti bəzən xoşa gəlməyən formalarda da həyata keçirilir ki, bunu da müxtəlif cür anlamaq olar. Odur ki, hesab edirəm ki, “lobbiçiliyə keçmək lazımdır” fikrinin sahibləri, fikirlərini bir qədər daha aydın izah etsələr daha yaxşı olar.
-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi adı altında xaricdəki soydaşlarımız öz potensialını nə dərəcədə ortaya qoya bilər?
-Sizin də qeyd etdiyiniz kimi, bu il AXC-nin yaranmasının 100 illiyidir. Sevindirici haldır ki, ölkə Prezidenti bu ili “Azərbaycan Xalq Cümhuriyyətiİli” elan edib. Fürsətdən istifadə edərək, düz bir əsr öncə, müsəlman dünyasında ilk demokratik respublikanı quranları- Məhəmməd Əmin Rəsulzadəni, Əlimardan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini və digərlərini böyük hörmətlə yad edirəm. Mənə elə gəlir ki, 100 il öncə AXC qurulmasaydı, bugünkü Azərbaycan da olmazdı. Bu mənada, hesab edirəm ki, hər birimiz AXC-nin 100 illiyinin ən yüksək səviyyədə keçirilməsinə öz töhfəmizi verməliyik. Bu, həmçinin bizlərə - xaricdə yaşayanlara da aiddir. Ümid edirəm ki, ayrı-ayrı diaspor təşkilatları, diasporumuzun aktiv üzvləri bu istiqamətdə əllərindən gələni edəcəklər. Bizim “Connect” təşkilatı bu məqsədlə çoxsaylı broşürlər sifariş edib. Əslində, bu broşürləri biz artıq neçənci dəfədir ki, yüksək tirajla çap etdiririk. Burda Azərbaycanla bağlı ümumi məlumatlar, tarixindən tutmuş turizm imkanlarına qədər yer alıb. Eləcədə AXC barədə də qısa məlumat verilib. Yazıların fonunda isə ölkəmizin müxtəlif yerlərindən şəkillər verilib. Sözügedən broşürləri yaşadığımız ərazidə kitabxanalara, ümumiyyətlə, insanların çox getdikləri yerlərdə, idarələrdə paylamaq fikrindəyik. Əlbəttə ki, bundan başqa da planlarımız var ki, imkanımız yol verərsə, onları da həyata keçirəcəyik.
-Siz uzun müddət Vətəndə televiziyada çalışmısınız. Hazırda Niderlandda həm də aktiv diaspor jurnalisti olaraq fəaliyyət gösrərirsiniz. Sizcə, KİV, xüsusən də televiziya cəmiyyətin inkişafında hansı rolu oynamalıdır?
-Hesab edirəm ki, televiziyalar, ümumiyyətlə, KİV cəmiyyətin maariflənməsində önəmli rol oynamalıdır. Əgər biz belə düşünürüksə, demək ki, televiziyalar, mətbuat bir addım öndə olmalıdır. Mətbuat, televiziya həm də cəmiyyətin güzgüsü heab edilir. Hər təbəqənin zövqünü oxşayan verilişlər hazırlamaq mümkündür. Bu yaxınlarda “Facebook” səhifəmdə buna bənzər status yazmışdım ki, televiziyalar tamaşaçıların zövqünə görə verilişlər hazırlamalı deyil. Əksinə, verilişlər tamaşaçıların zövqünü formalaşdırılmalıdır. Çox dəyər verdiyim bəzi dostlarım (televiziya sahəsində çox təcrübəli olduqları fikrindəyəm) bildirdilər ki, verilişlər reytinq cədvəlinə görə hazırlanır. Belə anlaşıldı ki, keçirilən rəy sorğusuna görə tamaşaçılar məhz şou səpkili, çal-çağır verilişlərini istəyirlər. Reklam verən şirkətlər də məhz bu sorğunun nəticəsinə görə reklamlarını yerləşdirmək istəyirlər. Bu sorğunu da hanısa şirkət aparır. Ancaq mənə maraqlı olan odur ki, sorğu kimlərin arasında aparılır və sorğu aparılan qrup real tamaşaçıların neçə faizini özündə əks etdirir? Suallar çoxdur və imkan olduqca cavablarını da almağa çalışacağıq. Hesab edirəm ki, nə demək istədiyim aydın oldu. Cəmiyyət, insanlarımız televiziyalardan çox şeylər öyrənə bilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Günay Reyhan: “Şeir mənim ruhumun səsidir və ruhu dindirən də Tanrıdır”
14.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
12.05.2018
“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək”
10.05.2018
“Düşmənlərimizi susdurmaq üçün milli birliyimizi daim gücləndirməliyik”
10.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9301

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info