“İcbari tibbi sığorta hər bir vətəndaş üçün dövlət təminatlı tibbi yardım növüdür”
Tarix: 28.02.2018 | Saat: 11:23:00 | E-mail | Çapa göndər


Rozaliya Sadıqova: “Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, tələbatlarının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır”

Bu gün hər bir cəmiyyətin həyatında, insanların sağlamlığının qorunmasında və təmin edilməsində tibbi sığortanın müstəsna əhəmiyyəti var. O cümlədən, Azərbaycan cəmiyyəti üçün də tibbi sığorta amili olduqca aktualdır. Bu barədə suallarımızı “AtaSığorta” ASC-nin Tibbi və Səyahət sığortası departamentinin direktoru Rozaliya Sadıqova cavablandırır. 12 ildən artıqdır ki, tibbi sığorta ilə məşğul olan, ixtisasca kardioloq Rozaliya xanım, təmsil etdiyi qurumun bu sahədə göstərdiyi xidmətlər, həmçinin tibbi sığortanın bir sıra vacib məqamları və incəlikləri ilə bağlı fikirlərini bildirdi.
- Rozaliya xanım, tibbi sığorta nədir və onun əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Sağlamlığın insan üçün ən mühüm amil olduğunu nəzərə alsaq, tibbi sığortanın çox əhəmiyyətli bir sığorta növü olduğu üzə çıxır. İnsan qəfil bir xəstəliklə üzləşəndə, həm maddi, həm mənəvi cəhətdən yardıma, gözlənilməz tibbi məsrəflərin qarşılanmasına, keyfiyyətli tibbi yardımın alınmasına və qayğısını çəkə bilən təşkilata çox ehtiyac duyur. Sığorta şirkəti məhz bu ehtiyacların ödənməsini öz üzərinə götürür. Ümumiyyətlə, sığorta - risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü bir mexanizmdir. Sığorta hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir. Tibbi sığorta sığortanın bir növü olmaqla, sığorta olunan şəxsin aldığı tibbi yardımın ödənişinə təminat verən, sağlamlığının qorunmasının təminatlı bir formasıdır
- Tibbi sığortanın tətbiqi formaları və növləri barədə nələri bildirmək olar?
- Tibbi sığorta icbari və könüllü olur. Könüllü tibbi sığorta korporativ və fiziki şəxslərin sığortasına bölünür. Hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesi üzərində işlər aparılır. Şirkətimiz 12 ildir ki, korporativ könüllü tibbi sığorta ilə məşğuldur. Bu sahədə öncül şirkət olaraq sərfəli və keyfiyyətli xidmət təklif edirik. Öncə bildirim ki, korporativ tibbi sığorta işəgötürənin işçilərinin tibbi xərclərinin qarşılanmasını nəzərdə tutan sosial paketdir. Korporativ tibbi sığorta işəgötürənin işçilərini motivasiya etmək üçün effektiv vasitə olaraq şirkətin rəhbərliyinin işçilərinə qarşı bir qayğı göstəricisi sayılır. Korporativ sosial paketin tərkib hissələrindən biri olan işçilərin tibbi sığortası iş yerinin nüfuzuna təsir göstərir və hər bir işçinin şirkət üçün əhəmiyyətini vurğulayır. Belə qayğının məntiqi nəticəsi kimi xəstələnmə hallarının azalması, əmək məhsuldarlığının artması və çalışdığı şirkətə sadiq münasibətin formalaşması kimi müsbət göstəricilər əldə edilir.
Bağladığımız hər bir müqavilə unikaldır. Hər bir şirkət üçün müştərinin fəaliyyət xüsusiyyətlərinin, işçilərinin sayının, onun tələbatlarının, arzularının və büdcə imkanlarının nəzərə alınması ilə fərdi proqram hazırlanır. Müştərimız təqdim etdiyimiz xidmətlər siyahısından istifadə edərək, özünə uyğun tibbi sığorta proqramını tərtib edə bilər. Məsələn, xidmətlərdən təcili yardım, ambulator yardım, stasionar yardım, stomatoloji yardım, dərman təminatı, hamiləliyin təqibi, peyvənd və s. göstərmək olar.
- Tibbi sığorta təklif edən şirkət olaraq hansı klinikalarla işləyirsiniz?
- Hazırda 70-dən çox klinika, o cümlədən 15-dən çox stomatoloji klinika, və 30-dan çox apteklə müqavilələrimiz var. Klinikalarımız tək Bakı şəhəri ilə məhdudlaşmır, regionlardakı özəl klinikalarla da müqavilələrimiz var. Müqavilə bağladığımız klinikalar müəyyən bir qiymətləndirmə göstəricilərinə uyğun olmalıdır. Bu qiymətləndirmə prosesi ildə bir dəfə təkrarlanır, tələblərimizə cavab verməyən klinikalarla müqavilələrimiz dayandırılır və yeni klinikalarla müqavilələr bağlanılır.
- Sizcə, ölkəmizdə tibbi sığortanın rahat, əlçatan və kütləvi olması üçün hansı məsələlər öz həllini tapmalıdır?
- Bildiyiniz kimi, təbabət əksər ölkələrdə çox bahalı bir xidmət növüdür və bu, normal haldır. Çünki tibbi xidmət zamanı bahalı avadanlıqlardan, reaktivlərdən, ən əsası uzun illər təhsil almış, bu işə ömür vermiş həkimlərin xidmətindən istifadə olunur. Yəni xidmətin maya dəyəri çox qiymətlidir, buna görə tibbi sığorta xidməti ucuz ola bilməz. Dünyanın bir çox ölkələrində bu problem icbari tibbi sığortanın tətbiqi yolu ilə öz həllini tapır. Bizim ölkədə də bu proses başlayıb və gözləyirik ki, dünyanın digər inkişaf etmiş ölkələrindəki kimi, bizdə də kütləvi icbari tibbi sığorta tətbiq edilməyə başladıqdan sonra könüllü tibbi sığorta bazarı daha da inkişaf edəcək, həmvətənlərimiz bu sığorta növünə önəm verəcək və sığorta şirkətləri fiziki şəxslərin könüllü tibbi sığortasını geniş tətbiq etməyə başlayacaqlar.
- Bu iki tibbi sığorta növünü bir-biri ilə nə bağlayır? Sizcə, icbari tibbi sığortanın tətbiqi Azərbaycanda özəl sığorta şirkətlərinin inkişafına necə təsir göstərəcək?
- İcbari tibbi sığorta hər bir vətəndaş üçün dövlət təminatlı tibbi yardım növüdür. İnkişaf etmiş ölkələrdə həmrəylik prinsipi üzərində qurulmuş icbari tibbi sığorta modeli geniş yayılıb. Bu prinsipə əsasən, hər işləyən vətəndaşın əmək haqqından müəyyən məbləğ tutulur, lakin tutulan məbləğdən asılı olmayaraq, tibb müəssisəsinə müraciət etdikdə hər bir vətəndaş müəyyən həcmdə və keyfiyyətdə tibbi yardım alır. Əhali arasında dispanserizasiya, müəyyən olunmuş vaxtlarda məcburi tibbi müayinələr aparılır ki, bu da xəstəliklərin azalmasına gətirib çıxarır. Beləliklə, heç bir vətəndaş maddi imkansızlığa görə tibbi yardımdan məhrum olaraq xəstəliklərdən əziyyət cəkmir.
Könüllü tibbi sığorta isə müxtəlif xidmət növləri, lüks palata, şəxsi həkim, evdə yardım, fərdi post, sığorta olunanın seçimindən asılı olaraq klinikanın, həkimin, mütəxəssisin seçimi, geniş stomatoloji yardım (məsələn, ortodontiyanın, implantalogiyanın tətbiqi), növbəsiz və seçimə uyğun aparılan müayinələr deməkdir. Burda sığorta olunan ödədiyi sığorta haqqından asılı olaraq müxtəlif xidmət növləri olan paketlər ala bilir. Bu o demək deyil ki, icbari tibbi sığorta üzrə alınan tibbi yardım keyfiyyətsiz olur, bu o deməkdir ki, könüllü tibbi sığorta ilə sığorta olunan özəl xəstəxanalarda daha komfortlu yardım ala bilir.
Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə bunlar bir-biri ilə rəqabət aparan deyil, bir-birini tamamlayan iki ayrı tibbi sığorta növü olacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“Babamızın şeirlərinə sahib çıxanlar var”
10.07.2018
“Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
02.07.2018
“Amerikalı musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərinə böyük maraq göstərirlər”
02.07.2018
“KİV-də intihar xəbərlərinə geniş səkildə yer verilməməlidir”
27.06.2018
“Ədəbiyyat yaradılışdan mənim içimdə, ruhumda olub”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9639

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 “Babamızın şeirlərinə sahib çıxanlar var”
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info