El sənətkarları unudulmur
Tarix: 28.02.2018 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Hanı dostam deyib qəlbi yananlar,
Tanınmaz dünyada belə insanlar,
Kəsilib etibar, yoxdur inamlar,
Yalandan can deyib, gülənlərdə var.
(Aşıq Məcid Qasımov)

El yükünü çəkən, el üçün çalışan sənətkarları el-oba yaddaşından silmir və zaman-zaman onlar xatırlanır. Həmin sənətkarlar günlərini hədərə vermir və tarix yazaraq özlərini də tarixləşdirirlər. Belə sənət insanları dildən-dilə keçərək gələcək nəsillərə çatdırılacaq. Xalqımız ədəbiyyatsevər xalq olduğu üçün sözə, sənətə bağlı sənətkarlar hər zaman yetişmiş və bu ənənə hələ də davam edir.
Saz, xalqımızın taleyində mühüm rol oynayan, əsrlərin xeyir-şərini öz danışan simlərində bizlərə çatdıran, qədimdən bu günə xəbər verən, ulu babalarımızın ən əziz ərməğanı kimi musiqi dünyamızın əvəzsiz simvoludur. Bəli, haqlı olaraq saz türklərə bağlı musiqi aləti kimi dünyada tanınır. Harada saz varsa, orada türk və harada türk varsa, orada saz var. Sevindirici haldır ki, əcdadlarımızın mirası olan saz bu gün qonşu xalqlara da bizlərdən keçib. Biz buna görə, həqiqətən, xoşbəxt xalqıq. Mənfur erməni aşıqları əcdadlarımızın yadigarı olan saz üzərində öz ədəbiyyatlarını zənginləşdirməyə çalışırlar və hətta vaxtilə Azərbaycan dilində şeir yazan çoxlu erməni aşıqları olub. Bu, bir daha onların məkrli siyasətinin təsdiqidir. Həqiqətən, sazsız türkü təsəvvür etmək olmaz.
Sazın cənnətməkan diyarlarından biri olan Tovuz rayonunu (keçmiş Şəmşəddil mahalı) sazsız-sözsüz təsəvvür etmək olmur. Bu insanlar sanki sazla-sözlə dünyaya göz açırlar. Tovuz rayonunun sakinləri saz səsini müqəddəs hesab edir və saza hər zaman böyük məhəbbət bəsləyirlər. Sazı evlərində yuxarı yerlərdən asarlar və bu, saza olan hörmətin göstəricisidir. Həmçinin qədim babaların ərməğanı kimi saza bu insanlar bağlıdırlar. Saz səsi gələrkən ruhları xoşhal olar, sevincləri, kədərləri ilə söhbətləşərlər. Saz bu insanların güvənc yeri, təsəlli tapdığı yeganə alətlərdir. Bu deyilənlərin təsdiqidir ki, Səməd Öysüzlü, Mikayıl Bozalqanlı, Aşıq Əkbər, Aşıq Mikayıl Azaflı, Aşıq Xanlar, Aşıq Aydın Çobanoğlu, Çopur Ələsgər və digər tanınmış el sənətkarları yetişib.
Bu yazımızda Tovuzun Əyyublu kəndində ulularımızın ən müqəddəs sənəti olan aşıq sənətini yaşadan el sənətkarı Aşıq Məcid Qasımovdan söhbət açacayıq. Ümumiyyətlə, Əyyublu kəndində tanınan bir sıra el aşığı yetişmiş və sənətin yaşadılması, təbliği istiqamətində böyük əmək sərf etmişlər. Bunlardan İbrahimov Bayram Mansır oğlu, Qasımov Xanoğlan, Aşıq Dəmir Həsən oğlu, Aşıq Nəsrəddir Ələsgər oğlu (el arasında Nəsiqağa kimi tanınıb), Sarıyev Əvəz, Məmmədov Əsgər Musa oğlu, Nəsibov Süleyman Qədim oğlu, Qarayev İlyas, Məmmədov Yəhya Məcidəli oğlu (sazbənd) kimi el sənətkarları yetişib. Əyyublu kəndinin sakinləri hər zaman öz xeyir işlərini sazsız yola verməzlər. Burada tanınmış şair İsa Cavadoğlu və Kamran Əyyublu yetişib.
Aşıq Məcid Mehdi oğlu Qasımov 1925-ci ildə sadə kəndli ailəsində anadan olub. Aşıq cəmi üç il təhsil alıb. Buna baxmayaraq, şifahi xalq ədəbiyyatına – aşıq sənətinə meyli olub. II Dünya müharibəsinin çətin illərində kolxozda fəhləlik etməklə yanaşı, Aşıq Nağıdan sənətin incəliklərini öyrənməyə başlayıb. 1948-ci ildən ömrünün sonuna kimi (1998-ci ilə qədər) yəni 50 il aşıq sənəti ilə məşğul olub. Aşıq 8 övlad (3 oğul, 5 qız) atasıdır.
Həmişə aşıqların sinələri şirin qoşmalarla, gəraylılarla, müxəmməslərlə və s. aşıq yaradıcılığının şeir formaları ilə zəngin olub. Aşıqlar adi insanlar deyillər. Onlar sözlərlə ədəbi əsərlər yaradırlar. Aşıq Məcidin vaxtilə yazdığı qoşma və gəraylılar bu gün də poetik ecazkarlığı ilə seçilir. Aşığın öz üslubu onun şeirlərində müfəssəl təsvir olunur. Şeirlərində işlətdiyi bədii-fəlsəfi yüklü sözlər aşığın zəngin dərrakəsindən və mütaliəsindən xəbər verir. Aşıq Məcidin “Çal, ay sazım” gəraylısı diqqəti cəlb edir. Gəraylı böyük ustalıqla yazılıb və sənətkarın dərin fəlsəfəsinin məhsuludur. Şeirdəki poetik yük oxucuya ciddi təsir edir.
Çal, ay sazım
Nə batırsan dərdə-qəmə,
Götür mizrab çal, ay sazım.
Mənəm sənin qabağında
Həmişəlik qul, ay sazım.

Nə bəlalar çəkib başım,
Üz döndərib dost-qardaşım,
Otuzuna çatıb yaşım,
Sağlığına çal, ay sazım.

Neçə illər keçirmisən,
Qız-gəlinlər köçürmüsən,
Atlını da düşürmüsən,
Daha tutmur xal, ay sazım.

Aşıq Məcid gülmür üzüm,
Daha yoxdur sənə sözüm,
Sənə qurban iki gözüm,
Mənə yaxşı yol, ay sazım.
Aşıq 1996-cı ildə ömür-gün yoldaşı Minayə xanımı itirir. Bu itki aşığa ciddi təsir edir. Aşağıdakı gəraylını Aşıq Məcid bu münasibətlə yazır.
Məndən
(həyat yoldaşım Minayə xanıma)
Çox yalvardım bir Allaha,
Ayırmaynan yarı məndən!
Qoy doyunca bir də baxım,
İnciməsin barı məndən!

Üzdün əlin oğul-qızdan,
Ayrı düşdün bahar, yazdan,
Qan ağlaram telli sazdan,
Namus məndən, arı məndən!

Getdin əldən nazlı yarım,
Canda qaldı intizarım,
Yol gözləyir, vəfadarım,
Bəlkə, istir tarı məndən!

Sən Məcidi qoydun ağlar,
Viran qaldı güllü bağlar,
Yada düşür keçən çağlar,
İstəyirmi barı məndən!
Aşığın aşağıdakı qoşması da öz fərdi üslubu ilə seçilir.
Olaydım
Bu fani dünyanın hər bir sirrini,
Əzəldən düşünüb qanan olaydım.
Qeyrətli gözəlin, bir şux dilbərin,
Alışıb oduna yanan olaydım.

Olmayaydı xain, nə ikiüzlü,
Arxanla danışan dodağı sözlü,
Qeydimə qalaydı bir ala gözlü,
Dediyi sözlərə inam olaydım.

Çıxartma yadından ötən illəri,
Unutma heç zaman xoş fəsilləri,
Bu Aşıq Məcidin keçən günləri,
Hər zaman yadına salan olaydım.
Aşıq Məcid xalq dastanlarının vurğunu idi. “Abbas və Gülgəz”, “Koroğlu”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi” və bu kimi çoxlu dastanlar el şənliklərində aşığın dilindən düşməzdi. “Baş sarıtel”, “Naxçıvani”, “Cəlili” və s. havaları gözəl ifa edər və oxuyardı. Bu havaların üstündə, bəzən öz yazdığı şeirləri də səsləndirərdi. Gözəl el aşıqları Aşıq Ədalət Nəsibovla, Həsən Pərvanə və digərləri ilə çoxlu el şənlikləri aparıb. Aşıq Məcid bir sıra şəyirdlər də yetirib. Aşıqla birlikdə el şənlikləri yola verən balabançı Əli, Vəli, Bayram və Qərib artıq dünyalarını dəyişiblər. Yalnız balabançı Əhməd hal-hazırda ömrünün ahıl çağlarını yaşayır.
Respublikamızın bir sıra rayonlarında Aşıq Məcid Qasımov el şənlikləri aparıb. Şəmkir, Qazax, Daşkəsən, Goranboy və s. rayonlarda el şəkliklərində iştirak edib. Hətta qonşu Gürcüstan dövlətinin Qaraçöp mahalında, Bolnisidə, Marneulidə, Dmanisidə çoxlu el şənlikləri edib.
Aşıq Məcid Qasımovun oğlu Qasimi Mehdiyev 45 ildir ki, Eyvaz Bayramov adına Əyyublu kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Elmi ixtira müəllifidir. 2017-ci ildə Tovuz rayonu üzrə Azərbaycan Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Uca Allahdan el sənətkarı Aşıq Məcid Qasımova rəhmət diləyirik. Ruhu şad olsun!

Mahmud Əyyub,
AAB-nin üzvü





 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Bakıda Yoqa festivalına start verib
24.06.2018
Xaçmazda Qara Qarayevin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
24.06.2018
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək
23.06.2018
İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək
22.06.2018
Milli irsimizin yorulmaz tədqiqatçısı

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info