“Azərbaycan mediası peşəkar kollektivlərdən ibarətdir”
Tarix: 01.03.2018 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI qurultayı panel iclaslarla işini davam etdirib.
Qurultayın ilk panel iclası Azərbaycan Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının layihəsinin müzakirəsinə həsr edilib.
Panelin moderatoru Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, AAK-ın İdarə Heyətinin üzvü Samira Patzer-İsmayilova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin müasir dövrümüzün ən önəmli nailiyyətlərindən biri olduğunu qeyd edib. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan S.İsmayilova dövlətimizin tarixinin və zəngin mədəni irsinin Avropa ölkələrində geniş tanıdılmasının zəruriliyini diqqətə çatdırıb.
İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib ki, İSTAD Türkiyə və Azərbaycanın ortaq problemlərini, “erməni soyqırımı” iddialarının əsassız olduğunu, Dağlıq Qarabağ məsələsi və XXI əsrin əvvəlində Xocalı şəhərində törədilmiş soyqırımının insanlığa qarşı cinayət olduğunu dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışır. S.Qaraqoyunlu Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Türkiyədə də qeyd edilməsi ilə bağlı geniş proqramın olduğunu diqqətə çatdırıb.
Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə əlaqədar Serbiyada keçiriləcək tədbirləri diqqətə çatdıraraq bu ölkədə müasir yazıçıların antologiyasının nəşr olunacağını qeyd edib. O, Serbiyada Azərbaycan mədəniyyətinə böyük marağın olduğunu qeyd edərək, mayın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə əlaqədar simfonik orkestrin iştirakı ilə Belqrad Opera və Balet Teatrında böyük tədbirin keçiriləcəyini bildirib. Serb dilinə tərcümə olunacaq əsərlərin Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro oxucuları üçün maraqlı olacağını söyləyən Mərkəzin sədri, eyni zamanda, may ayında yüzilliklə bağlı Azərbaycan günlərinin təşkil ediləcəyini də vurğulayıb. Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Oqtay çıxışında qeyd edib ki, mayın 24-də Finlandiyada Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinə həsr edilmiş tədbir təşkil olunacaq. A.Oqtay Baltikyanı ölkələr, Türkiyə, Almaniya, İsveç və digər ölkələrdə də AAK-ın təşkilatçılığı ilə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Qurultayın ikinci panel iclası “1918-ci il azərbaycanlıların soyqırımının yüzilliyi haqqında” Prezidentin sərəncamına uyğun olaraq Avropa ölkələrində 31 Mart - azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının müzakirəsinə həsr edilib.
Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva çıxışında bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı aktları həyata keçiriblər. O, 31 Mart soyqırımının yüzilliyi ilə əlaqədar Avropanın bütün ölkələrində tədbirlərin təşkil edilməsinin, təbliğat kampaniyalarının aparılmasının zəruriliyini diqqətə çatdırıb.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, AAK-ın fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür
çıxışında tarixən türklərə qarşı edilən haqsızlıqlardan bəhs edib. O, Azərbaycana dost münasibəti bəsləyən şəxsləri 31 Mart soyqırımının beynəlxalq aləmdə tanıdılması məqsədilə iş görməyə çağırıb, Quba Memorial Soyqırımı Kompleksinə ziyarətin təşkilinin zəruriliyini vurğulayıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında Azərbaycan diasporunun informasiya müharibəsində daha mütəşəkkil şəkildə işləməsinin zəruriliyini bildirib. O, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında vahid proqram əsasında fəaliyyət göstərməyin zəruriliyini vurğulayıb. R.Tağıyev, həmçinin təmsil etdiyi təşkilat tərəfindən son günlərdə Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə gənclər tərəfindən mütəmadi şəkildə ölkəmizlə bağlı həqiqətlərin Polşa ictimaiyyətinə çatdırıldığını və bu istiqamətdə ən yeni üsul və vasitələrin tətbiq edildiyini söyləyib. O, Polşada Azərbaycanlı Gənclər Şurasının 31 Mart soyqırımı ilə bağlı həyata keçirəcəyi tədbirləri diqqətə çatdıraraq, tədbir çərçivəsində Polşanın 10-a yaxın aparıcı media rəhbərinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.
Qurultayın üçüncü paneli “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları”na həsr edilib. Paneldə “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Report” agentliyinin baş redaktoru Murad Əliyev, “Yeniçağ” media qrupunun rəhbəri Aqil Ələsgər, “Haqqın.az” və “Virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev və “İnterpress” saytının rəhbəri Toğrul Allahverdili diasporla birgə fəaliyyətdən danışaraq təkliflərini səsləndiriblər. Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq “sosial media qəhrəmanları” da peyda olub. “Heç bir praktik fəaliyyəti yoxdur, ancaq sosial şəbəkədə hər gün nə isə yazıb diqqət çəkir, hətta şikayət də edir ki, biz ona diqqət göstərmirik. Ona görə, mən mediamızdan xahiş edərdim diaspordan yazarkən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki, fəaliyyətlərini işıqlandırdıqları diaspor adından danışan kimdir”, - deyə o bildirib. Dövlət Komitəsinin sədri, eyni zamanda, media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də dəstəkləyib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyətinin son dərəcə mühüm olduğunu qeyd edib. Əli Həsənov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tədbirlərində Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən belə bir panelin təşkil olunması təqdirəlayiqidir: “Gələcəkdə digər tədbirlərdə də media ilə bağlı oxşar panellərin təşkil olunması vacibdir. Vaxtilə Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə yeni müstəqilləşmiş medianın peşəkarlardan ibarət olmaması idi. İndi Azərbaycan mediası peşəkar kollektivlərdən ibarətdir. Bu gün bizim mediamız regionun və dünyanın öndə gedən media qurumları ilə yarışa bilir, Azərbaycanın milli maraqlarının qorunması və eyni zamanda, informasiya bolluğunun təşkil olunmasında müstəsna xidmət göstərir”. Qurultayın sonunda Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibi təsdiq edilib, Sahil Qasımov səs çoxluğu ilə yenidən Konqresin prezidenti seçilib.
Avropa Azərbaycanlıları Konqresinin 2018-20121-ci illər üçün fəaliyyət proqramı, Avropa Azərbaycanlıları Konqresinin VI (növbədənkənar) qurultayının qətnaməsi qəbul edilib. Qurultay iştirakçıları adından Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. Bundan başqa, Metsamor Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət və ünvanlanıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info