Rəsmi Kabul “Taliban”ı siyasi qüvvə kimi tanıyır
Tarix: 02.03.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Əfqanıstan prezidenti: “Hökumət “Taliban”ı siyasi qüvvə kimi tanımağa və Kabulda nümayəndəlik açmasına razıdır”

Əşrəf Qani taliblərə qarşı sanksiyaları ləğvini, onlara və ailə üzvlərinə pasport-viza verilməsini və həbsdə olanların azad olunması üçün siyahılar üzərində işə başlamağı vəd edib
Əfqanıstan dövlət başçısı Əşrəf Qani “Taliban” qruplaşması ilə danışıqlar prosesinə başlamağa hazır olduğunu elan edib. Əfqanıstan prezidenti “Taliban”ı siyasi qüvvə kimi tanıya biləcəklərini də açıqlayıb. Kabulda başlayan “Kabul prosesi” adlı beynəlxalq konfransda çıxış edən Qaninin bu açıqlamaları böyük rezonans doğurub. “Biz sülh prosesinə başlamalı və taliblərlə savaşı bitirməliyik. Hər hanı şərt irəli sürmədən sülh prosesinə başlamağı təklif edirik”- deyə Qani bildirib. Əfqanıstan dövlət başçısı bildirib ki, hökumət “Taliban”ı siyasi qüvvə kimi tanımağa və Kabulda nümayəndəlik açmasına razıdır. O, taliblərə qarşı sanksiyaları ləğv etmək istiqamətində çalışmağı vəd etməklə yanaşı, onlara və ailə üzvlərinə pasport-viza veriləcəyini də bildirib. Əşrəf Qaninin vədləri bununla bitməyib. O, həbsdə olan taliblərin azad olunması üçün siyahılar üzərində işə başlamağa hazır olduğunu da qeyd edib. Xatırladaq ki, “Kabul prosesi” ikinci dəfədir ki, təşkil edilir. Ötən il keçirilən təbirdə Pakistan da daxil olmaqla 25 ölkə təmsilçisi iştirak etmişdi. BMT və NATO də tədbirə təmsilçi göndərmişdi. Bu il iştirakçı dövlətlərin sayında artım olmayıb. “Kabul prosesi”nin əsas məqsədi silahlı münaqişənin sülh yolu ilə həllinin tapılması və Əfqanıstanda dialoqu təşkil edilməsidir. Ekspertlər hesab edir ki, Pakistan təmsilçisinin beynəlxalq konfransda iştirakı mühüm əhəmiyyət kəsb edir. Belə ki, bir çox dairələr hesab edir ki, taliblərin əsas dayağı Pakistandır. Elə bunu nəzərdə tutan Əfqanıstan dövlət başçısı Pakistanla birbaşa danışıqları bərpa etmək ideyasını dəstəklədiyini bildirib: “Keçmişdə olan problemləri geridə buraxmağa və Pakisitanla danışıqlarda yeni səhifə açmağa hazırıq. Hesab edirəm ki, hökumətlərarası danışıqlar üçün ən yaxşı yer Kabul ola bilər”. Əşrəf Qani bildirib ki, ölkəsi heç vaxt hansısa ölkəni təhdid etməyib və heç bir qüvvəyə də başqasına qarşı istifadə etmək üçün ərazisini verməyib. Ekspertlər hesab edir ki, rəsmi Kabulun və Ağ Evin taliblərlə bağlı konkret strategiyası yoxdur. Müasir Əfqanıstanı öyrənmə mərkəzinin direktoru Ömər Nassar “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, Kabul hökumətinin və Vaşinqton administrasiyasının dəqiq mövqeləri olmadığı üçün konkret irəliləyişdən danışmaq mümkün deyil: “Təxminən bir ay əvvəl Donald Tramp bildirdi ki, taliblərlə heç bir danışıqlardan söhbət gedə bilməz. Əşrəf Qani də o dəqiqə bu fikri təkrarladı. Bundan bir qədər sonra ABŞ-ın NATO-dakı nümayəndəsi bir qədər yumşaq mövqe açıqladı. Qaninin mövqeyi də bundan sonra dəyişdi. Belə nəticəyə gəlmək olar ki, dəqiq mövqe yoxdur və bu strategiya yox, arxasında başqa maraqların dayandığı taktikadır. Ümumiyyətlə, danışıqlarla bağlı çoxdan danışılsa da , konkret nəticə yoxdur. Danışıqlar- indi sadəcə şüardır. Fikrimcə, Əfqanıstan münaqişəsinin bütün iştirakçılarında danışıqlar üçün lazım olan siyasi iradə yoxdur”. Ekspert hesab edir ki, talibləri siyasi qüvvə kimi tanımaq vədi gələn il Əfqanıstanda keçiriləcək seçkiyə hesablanmış mesajdır: “Əfqanıstan ərazisinin böyük bir hissəsinə taliblər nəzarət etdiyindən seçkiyə təsir imkanları çoxdur. Buna görə də Qani milli kartdan geniş istifadə edərək son vaxtlar puştunyönlü bəyanatlar səsləndirir”. Onu da xatırladaq ki, BBC yayım korporasiyasının bu yaxınlarda dərc etdiyi hesabatda qeyd edib ki, “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstan ərazisinin 70 faizində açıq fəaliyyət göstərir. Tədqiqatın nəticəsinə əsasən, taliblər ölkənin 14 rayonuna tam nəzarət edir və 263 rayonda mütəmadi hücumlar həyata keçirir. Hücumların əksəriyyəti Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində qeydə alınır. Hökumətin nəzarətində olan 122 rayon da silahlıların hücumuna məruz qalır. BBC telekanalı qeyd edir ki, 2014-cü ildə Amerikanın başçılıq etdiyi beynəlxalq qüvvələrin hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkədə gərginlik xeyli artıb. Bunun ardından cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda “İŞİD” qruplaşması da aktiv fəaliyyət göstərir. Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatı sovet qoşunlarının Əfqanıstana daxil olmasından sonra ölkəsini tərk etməyə məcbur olmuş və Pakistan mədrəsələrində təhsil almış qaçqınlar tərəfindən yaradılıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info