Qızları küsdürməyin!
Tarix: 07.03.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər



Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Hüseyn Cavid

Maşına minib həyətdən çıxanda mənə elə gəldi ki, bir böyük dünyanı arxada qoydum... O dünyanı ki, ömrümün iki ayını – Bakının bürkülü iyul, avqust aylarını doğmalarımla bir yerdə acılı-şirinli ovqatda yaşamışdım... O dünya ki, orada evini ata ocağı, özünü ata sandığımız əziz qardaşım və onun böyük ailəsi, bacılarım var idi... Xəstə bacımın çarpayısı ətrafında heç vaxt məni tək qoymayan ağbirçək xalam və onun balaları, dayıuşaqlarım, xalauşaqlarım, qohum-qudalar var idi bu dünyada!.. Hava limanına gedirdik, bir neçə saatdan sonra ayaqlarım yerdən üzüləcək, dünya boyda hər şey, dünya içində dünya hesab etdiyim bala dünya da məndən uzaqlarda qalacaq! Böyük dünyanın doğub törətdiyi bala dünya! Körpələrim! Fidanlarım! Bar ağaclarım! Nəsil ardıcıllarım! Leyla, Sevinc, Musa, Nərmin, Əsma, Murad. Uca Tanrının insanlığa bəxş etdiyi böyük nemətə şükür! Dünya qısır deyil! Doğub törəyir! Nə yaxşı ki, bala dünyanın sakinləri, siz varsınız! Yoxsa biz ölümün həyatla döyüşdüyü səhnələrinə baxa-baxa, özümüz də ölərdik. Birazdan təyyarəyə qalxıb uçanda bunlardan uzaqlaşaraq məni intizarla gözləyən doğma ailəmə, övladlarıma, nəvələrimə qovuşacağımı düşünərək içimdə bir rahatlıq, qayğısızlıq hiss etdim. Hər şey Bakıda qalırdı! Gözləmə salonunda 2 saatdan artıq gözləyəsi idik. Hansı səbəbdənsə uçuş yubanırdı. Sərnişinlər sakit-sakit oturub gözləyirdilər. Mənim kimi yola tək çıxanı da var idi, ailə uşaqla gedəni də, ana-bala da. Dostu ilə, bəlkə, sevdiyi ilə uçuşu gözləyən də var idi. Körpə uşaqlısı da. Dərhal müşahidə etdim ki, sərnişinlərin əksəiyyəti içindəki “mən”i ilə danışır, götür-qoy edir. Nə isə fikirləşdim ki, ancaq yol üstə olan sərnişinlər belə edə bilərlər: Arxada qoyub uzaqlaşdıqlarını düşünərək! Elə bu hava limanındaca bir reallıqla barışdım ki, insan kosmosa da uçsa, okeanın o tayına getsə də, qoyub getdiyi cismanidir: duyğu və düşüncələrini, arzu, istək, nifrət, məhəbbət hislərini özü ilə daşıyır. Əgər manqurt deyilsə. Mən də o sərnişinlərdən biri idim.
***
Bacımın ağır xəstəliyə düçar olduğu xəbərini alanda özümün səhhətimdə çox ciddi problem var idi. Ağır əməliyyatdan iki-üç ay keçməsinə baxmayaraq, əsa ilə yeridiyim halda, Bakıya çatmışdım. Tibbi müayinə və təhlillərdən sonra ən ağır xəstə kimi ona müalicə və qulluq tələb olunurdu: heç birimiz qayğı və məhəbbətimizi əsirgəmirdik, bacım nisgilli idi...
Əməyi keçən hər kəs sağ olsun. Ancaq əsas ağırlıq böyük qardaşım, onun ailəsi və uşaqlarının üstünə düşmüşdü. Ən ağır günlərdə, gecələrdə baş-başa qalırdıq gəlinimzlə – o böyük hərflə gözəl insan dediyim xanımla. Ağrılar, yuxusuzluq, xəstə şıltaqlığı! İnsan üçün ən məşəqqətli an ölümlə həyatın savaşını izləməkdir. Ölümün də nazını çəkmək olarmış, ilahi!
Xəstə bir az sakitləşib yatanda tarıma çəkilmiş əsəblərimi sakitləşdirmək üçün özümü həyətə atır, alçaq divara dirsəklənərək qarşıdan görünən bayraq meydanına, jurnalistlər üçün tikilmiş yaraşıqlı binaya və gah aydın sakit havada mavi görünən, gah da küləkdən əhvalı pozulmuş adamlar kimi bomboz görünən dənizə baxanda dincəlirdim. Alçaq divarla mavi dəniz arasındaki baxış dairəmdə mənə daha maraqlı, munis olan görünüş bizdən 3-4 həyət aşağıda yerləşən qardaşım qızı Xatirəgilin – Leyla, Sevinc, Əsma və Muradgilin evi idi ki, sizə qəribə görünməsin – oradan mənə təsvir edə bilməyəcəyim təmiz aura gəlirdi.
“Guya qoyub gəldiyim dünya!” Dünya içindəki bala dünya! Hara qoyub gəlirəm?! Təyyarə qalxanda bu dünyanı da içimdə uçurdub aparacam!
Dar ayaqda xəstə bacım da, mən də istəyirdik ki, doğmalarımız, istəklilərimiz tez-tez gəlsinlər. İllah da uşaqlar. Qardaşımın oğlu, gəlini və balaca Musa ilə Nərmin Qubada idilər. Və çox şükür ki, tətil zamanı olduğundan Leyla ilə Sevinc evdə idilər və onların gəlişi şəxsən mənə dağ havası, çöl çiçəkləri kimi faydalı və xoş idi.
Gənc olmasına baxmayaraq, Xatirəyə öz aramızda qəhrəman ana deyirdik. Zarafat-zarafat, o buna layiq idi. Təkcə ona görə yox ki, o, üç qız, bir oğlan doğmuşdu. Bilik və bacarığı, dünyagörüşü, mədəniyyəti ilə həm ailəsində, həm də cəmiyyətdə hörmət qazanmışdı. Böyük bir layihə institutunda da tərcüməçi mütəxəssis kimi çalışmaq onun müasir zamanda 4 uşaq böyüdüb təlim-tərbiyə verməsinə mane olmurdu. Özü də, maşallah olsun, Leyla, Sevinc, Əsma, Murad kimi gül balalar!
Leyla ilə Sevinc lisey şagirdidirlər. Yaşlarına uyğun zəngin bilik və dünyagörüşü ilə yanaşı, həddən artıq mehriban, səmimi, coşqun uşaqdırlar. Məni çox sevirdilər. Qarşılıqlıdır.
Hər dəfə görüşəndə coşqu və məhəbbətlə mənə sarılar, xəsislik etmədən həvəslə nələri varsa, mənimlə paylaşırdılar. Onların sərvəti uşaq təxəyyülündəki fantaziyaları oxuduqları nağıl qəhrəmanları, təbiətdən topladıqları herbariləri, rəngbərəng boyalarla işlədikləri uşaq rəsmləri! Varını verən utanmaz! Mənim də qarşılığında onlarla paylaşdığım ürəyimin sevgi və məhəbbətidir. Canımı da əsirgəmərəm, çox sevirəm onları! Hələ Əsma! Üç bacının biri Əsma! İki yaş yarımlıq bu tifil qızcığaz necə sevimlidir, Allah! Uşaqdan-böyüyə hamımız bu gözlərindən gülən göyçək çiyələk qızı çox, lap çox sevirik.
Əsma üçüncü qızdır: Leylanın şirinliyi, dəcəlliyi, Sevincin gözəlliyi, dadı-duzu, şıltaqlığı hopub ona.
İnsafsız qızcığaz hamımızı özünə həsrət qoyurdu: Qapıdan içəri girən kimi Leyla ilə Sevinc qaçıb qucağımıza atıldığı halda, Əsma arxada durub uzaqdan bizə mənalı-mənalı baxır, yavaş-yavaş, ürkə-ürkə, bir az da incik-incik evdəkilərə yaxınlaşırdı. Heç kimin qucağına atılmadan başlayırdı öz aləmi ilə məşğul olmağa! Heç kimə məhəl qoymadan dodağaltı “oxuyur”, bir yaylıq atıb çiyninə, başına da çətir tutan kimi edib, nə bilim kimi yamsılayırdı. “Undum, qoğal olmuşam!” deyə-deyə (“Qoğal” nağılından fraqmentlər) o baş-bu başa qaçırdı. Birdən də Nərminin bağça çantasını səliqəli geyirdi çiyninə, hamıya əl eləyib guya məktəbə gedirdi.
Və sinifdədir! Üzüstə uzanıb nəsə yazır, rəsm karandaşları ilə nəsə rəngləyir, sonra da çantasını yığıb qoyurdı kənara, başlayırdı idman eləməyə. Gözünuz olsun, görməsin! Quruda – döşəmənin üzərində uzanıb bütün su idmanlarını yerinə yetirirdi. Gözün səni elə aldadardı ki, elə bilərdin Əsma hovuzda, dənizdə üzür. Sonda ayağa qalxıb bir şpakat da açardı. Ləzzəti burasındadır ki, bütün bu şouları yerinə yetirəndə çiyninin üzərindən qanrılıb bizə baxırdı. Sanki: “baxın, nələr bacarıram”,- deyirdi. Yenə də evdəkiləri görmürmüş kimi oyuncaq telefonla var-gəl edə-edə danışırdi: “Şalam, Aynuş... Bəli!.. Oldu, oldu. Şağ ol!” Nəhayət, “solo konsert”i başa çatandan sonra intizarda qoyduğu fanatlarının, tamarzısını çəkən tamaşaçılarının üstünə atılıb mehribancasına onları qucaqlayırdı. Allah, mənə ölüm ver! Bu qız bizi öldürəcək!
Böyük nənəsi, nənəsi, babası, bibi nənəsi bağrına basardı Əsmanı. O biri qızlar bədahətən qucağımıza atıldığı halda, Əsma istedadını, varını-yoxunu ortaya qoyaraq: “bax, mən buyam”,- deyib özünü təqdim edirdi.
Körpə qəhrəmanımın çay içməyinə bax hələ sən! Arxası üstə uzanıb ayağının birini çəpinə aşıraraq içində ikicə dənə zoğalı olan mürəbbəli suyu butulkadan əmziklə xəyala dalaraq içər və yuxulayardı.
Əsmanın başını başlara, daşını daşlara qoşmağı da vardı. Atası qızları üzməyə aparanda Əsma da maşında oturub gözləyərdi. İmkanı olsa, deyərdi: “mən də hovuza düşürəm”.
Ev süpürər, yer salar, Əsma kimin qızından geri qalar? Dənizə gedəndə soyunub suya düşmüş, atası onu gün altında qıpqırmızı yandırmışdı. Heç “uff!” da demirdi. “Bax, qara qız olmuşam”, – deyib sevinirdi.
Əsmanın öz dairəsi var idi. Fikir vermişdim. O uşaqları – özündən kiçik və özündən böyük uşaqları böyüklərdən daha çox istəyirdi və onlarla münasibət qururdu. Bir dəfə həyətə girəndə astanada Nərminin ayaqqabılarını görən kimi:
– Aaa..! Nəmiş cəlib, deyə sevincək içəri cumdu. Ad günlərində asta-asta özünə qulluq edə-edə deyib-gülürdi.
Məni yola salanda çantalarımı bağlayırdılar, baxıb-baxıb soruşurdu:
–Baban cəlib aparacaq səni?
Mən də cavab verdim:
–Mənim babam yoxdu. Sənin baban məni aparacaq.
Əsmadan danışmaqla qurtarmır ki... Bir dəfə baxdıq ki, zaldan mətbəxə doğru bir şeydən yapışıb arxasınca sürüyə-sürüyə gətirir. Demə ki, qardaşı Muradın ayağından tutub, yaşına bir ay qalmış uşağı sürüyüb gətirir. Murad da heç ağlamırdı. Nə desin, özündən böyük bacısına?!

Əsma qaçır, tullanır,
Gah gülür, gah oxuyur.
Başmaqları tərs geyir,
Düşüb qolunu qırır!

Əsma nabatdı, baldı,
Yeməlidi, yeməli.
Yayda zirvədə qardı,
Əlçatmazdı, deməli,
Əsma əsmadı, bəli!

***

Təyyarəyə minik basladı. Qarşımızda dayanan stüardessanın uçuş təhlükəsizliyi qaydalarını izah edən yeknəsək səsi məni ani olaraq şirin xatirələrdən ayıranda elə bildim neçə vaxtın yuxusuzluğundan sonra dərin yatmışdım və çox şirin yuxu görürdüm, ayıldım... Yuxuların yozumu da şirin olur. Az qalırdım gözümü yumub təzədən canlandırım ki, o şirin bəyaz dünya yadımdan çıxmasın.

***

Anası Əsmaya hamilə olanda hamı Leyla ilə Sevincə qardaş gözləyirdi, lakin ultrasəs müayinəsindən sonra 3-cü qız xəbəri bu gənc ailənin aydın atmosferini qınaq buludlarına bürüdü: İndi uşaq saxlamaq çətindir, 3-cü qız nəyinə lazımdır? Ərki çatan qohum-qardaş özünə deməsə də, gənc anaya uşağı aldırmaq məsləhəti verirdi. Ən çox Xatirənin anası israrlı idi. O heç cür 3-cü qızın doğulmağı ilə barışmırdı. 100 adam yığıla, güc doğanındır, deyiblər. Ətrafdakıların bu qədər narahat olmalarına baxmayaraq, gənc ana, ata narahat deyildilər. Və heç təmkinlərini pozmadan 3-cü qızlarının yolunu gözləyirdilər. Əhsən balacanlı, cəfakeş ataya, anaya. Millətimin, nəslimin şükürlü, imanlı biri idilər. Valideynlik məhəbbəti ilə yanası, onların vicdanları, humanizmləri onları bəd niyyətdən çəkindirirdi. Adam da öz balasına qıyıb onun məhvinə qərar verər? Bu cinayətdir!
Həm də biləsiniz! Ana bətnində ikən döl ona olan sevgini də, nifrəti də duyur, mənfi, müsbət emosiyalar gələcək övladımızın inkişafında iz buraxır. Ailə qurub hamilə olan tələbə qız iftixarla qeyd edir ki, mənim uşağım auditoriyada professiaonalların mühazirəsini eşidə-eşidə böyüyür!
Yaxud qeyri-qanuni hamiləliyin sonunda doğulan uşağın əsəbi, nevroz olmasını da eşitmişdim. Doğuşunun arzu edilmədiyini hiss edən çağalar ata-anadan küsürlər də! Belə küsənlərdən qohumlardan birinin ailəsində görmüşdüm. 4-5 yaşlı uşaq incik-incik hamıdan kənarda tək dolanırdı. Anası deyirdi ki, hələ bu uşağın gülüşünü eşitməmişəm. Üç il öncə üçüncü bacı – Əsma dünyaya gələndə mən də Bakıda idim. Nənəsi, atası və bir də mən – “bibi nənəsi” doğum evinə, körpəmizi və onun böyükürəkli anasını yoluxmağa getdik. Palataya girəndə, vallah, o qarlı yanvar səhərinin sazağının xoşbəxtlik günəşi, səadət işığında əriməyini, istisini qəlbimdə, canımda hiss elədim: Ana sağ böyründə yatırdığı bapbalaca, ağappaq körpəsi ilə xoşbəxt idi. Həmişəki kimi, yenə də: “Allah ürəyinə görə versin, Xatirə! Qədəmlərin xeyirli olsun, körpə!”,- dedim.
Xəstəxanadan evə qayıdanda bir daha gəldiyim qənaəti bütün dünyaya təlqin etmək istəyirdim...


“Belə idi qayda bizdə
Qız doğanda analar
Baxıb qara deyərdi
Su üzündə sonalar”
Səməd Vurğun “Bəsti” poeması
Yeni doğulan qız uşaqları ilə bağlı ehkamı Səməd Vurğun XX əsrdə rədd etsə də, Nüşabəmiz yüzilliklər öncəsi İsgəndərlərə cavab vermişdi. Nigarların, Həcərlərin xələfləri deyilmi, bugünkü elm, mədəniyyət, siyasət mücəssəməsi qadınlarımız?!
Əsgərlərinin qarşısında düşmənin qanını içən Tomris ana, görkəmli dövlət xadimi, Prezidentimizin sədaqətli silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Xocalı soyqırımını dünya xalqları səviyyəsində tanıtmaq yolunda dönməz mübariz Leyla xanım Əliyeva kimi qadınlar gender bərabərliyi əsrinin bəşər sivilizasiyasına töhfələridir.
Doğum evindən qayıdanda içimi narahat edən bir şey də var idi. Əhalinin say artımında qızların azalması!
90-cı il Qanlı Yanvar gecəsində doğulanların 90 faizinin oğlan olmasına şükür eləmişdik. 5 şəhidimizin yerinə 1 əsgər doğuldu demişdik. İndi, doğrudanmı, insan zəkasının yaratdığı texnika insanların zərərinə işləyəcək?! Ultrasəs müayinəsinin dölün cinsiyyəti haqqındakı erkən diaqnozu qız hamiləliklərinin pozulması ilə nəticələnir ki, bu da demoqrafik katastrofa gətirib çıxarar. Kaş ki, diaqnostik aparatlar sonsuzluqları aradan qaldırmaqda əsrin bəlasına çevrilmiş xəstəliklərin aşkar edilməsi və müalicəsində istifadə edilsin. Ya da analar ağlını aparatların ağlına verməsinlər, Əsmanın anası kimi ağıllı olsunlar.
Yenə doğum evindən qayıtdığımız yadıma düşdü. Maşında Həsən – gənc ata biz soruşmadan uşağını oxşaya-oxşaya: “adını Əsma qoyacam”,- dedi! Elə bil diskindim. Kimin istəyidi bu, Əsma bilirsiniz kim olub? – deyə soruşdum. Həsən – “Xatirə belə istəyir” – dedi...
Müqəddəs “Qurani-Kərim”in “Əl-Ələq” surəsində Əsma adlı bir qadından bəhs edilir. Deyilənlərə görə, bir gün qadınlar istəklərini çatdırmaq üçün Əsma adlı qoçaq bir qadını Peyğəmbər əleyhissəlamın hüzuruna göndərirlər. Əsma deyir: “Ya rəsulullah, bizə də izin ver kişilərlə bərabər sənin düşmənlərinlə döyüşə gedək! – deyir. Peyğəmbər əleyhissəlamın bundan xoşu gəlir və deyir: “Ya Əsma! O işləri ki siz görürsünüz, savabınız kişilərin gördüyü işlərlə bərabərdir! Qadınların işləri döyüşməkdən də böyükdür!” Beləcə, ata-anası körpənin adını Əsma qoydu. Qoçaq, qeyrətli, ağıllı Əsma! Əsmanın qədəmləri uğurlu oldu! O, yaşyarım olanda Allah-taala üç bacıya bir qardaş da göndərdi: Murad! Allahım, ata-ananın böyüklüyünün mükafatı oldu Murad! Böyük Yaradan Əsmanın savabına Muradlarına çatdırdı bu valideynləri!
Ancaq Əsmanı ana bətnində yaman küsdürmüşdülər, ha! Ata-anasından yox, qohum-əqrabasından, illah da ana nənəsindən küsmüşdü. Onu da deyim ki, başqa küsənlərdən fərqli olaraq Əsma zəmanə küsənidir. Küsdüklərindən qisas alır. “Siz mənə baxmayın, mən sizin içinizdən keçərəm”, - deyir. – “Kimi çox sevirsən, Əsma?” soruşanda “anamı, bir də atamı!” – deyir, onları qucaqlayır. Qalanlarını tamarzı qoyur özünə:
Əsma gözəldir,
Saçını düzəldir, Gözəl qız çoxdur,
Əsmadan yoxdur.

Əsmanın gözləri...
Şirindi sözləri!
Əsma hamıdan küsüb,
Günahkar özləri.
İnsanlar, qızları küsdürməyin! Yoxsa qızlar da Əsma kimi sizdən qisas alarlar! Əsma Əsmadır, bəli!

***
Təyyarə uçuş zolağına endi... Yenə doğma yurdum Naxçıvandayam. Yenə doğma balalarıma, isti ocağıma tələsirəm. Özümlə də 2 dünya gətirmişəm...

A. Nubar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info