Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinə nota ünvanlayıb
Tarix: 12.03.2018 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


“ABŞ, ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalıdır”
“BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır”

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

“Bako Saakyanın ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”
Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, Birləşmiş Ştatların müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, Birləşmiş Ştatların rəsmi mövqeyinə zidd olduğu qeyd edilir. ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilir. Həmçinin notada Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəliklərini vicdanla yerinə yetirməli olduğu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu vurğulanır: “ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür”.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır. ABŞ-ın, bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində olan səylərə ciddi zərər vurur. Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub. ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək.

“Ermənistan Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri barədə heç bir məlumat vermir”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında onu da deyib ki, Ermənistanın Helsinki Yekun Sənədi və etimad quruculuğu tədbirlərinə dair Vyana sənədi əsasında öhdəliklər daşıması, deyəsən, Ermənistan Xarici İşlər Nazirliyinin indi yadına düşüb: “BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır”. Hikmət Hacıyev deyib ki, Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin işğal olunmuş ərazilərdə Ermənistan prezidentinin iştirakı ilə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir. Bu qüvvələr Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir.
Azərbaycan Ordusunun keçirdiyi təlim ATƏT-in Vyana sənədinin müddəalarına uyğundur
2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40 mindən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi Ermənistanın riyakarlığının və öz öhdəliklərini kobud şəkildə pozmasının növbəti açıq nümunəsidir. Hazırda Azərbaycan silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in 2011-ci ildə qəbul edilmiş Vyana sənədinin V fəslinin müddəalarına uyğundur. Xatırladaq ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növlərinin, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-dək davam edəcək. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir. Qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info