“Azərbaycançılıq ideyası diasporun ümumi məxrəcə gəlməsində əsas rol oynayır”
Tarix: 13.03.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Qasım Kərimov:
“Rusiya Federasiyasında yaşamağımıza baxmayaraq, Azərbaycanda gedən siyasi proseslərə biganə deyilik”

Xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi işlərində də fəallıq göstərirlər. Onlar seçki kampaniyalarına da qatılaraq öz mövqelərini nümayiş etdirirlər. Rusiyanın Kursk şəhərində yaşayan müsahibimiz Qasım Kərimov da, bu baxımdan aktiv soydaşlarımızdandır. Qeyd edək ki, Qasım Kərimov 17.06.1967-ci ildə Cəlilabad rayonunda anadan olub. 1974-1984-cü illərdə Sumqayıt şəhər 25 saylı riyaziyyat təmayüllü orta məktəbdə təhsil alıb. 1984-1991-ci illərdə Kursk Politexnik İnstitutunun Sənaye və mülki inşaat fakültəsini, 2012-ci ildə isə Kursk Menecment Ekonomika Biznes İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1991-1992-ci illərdə “Aqropromstroy” ASC-də bir sıra vəzifələrdə çalışıb. 1992-1995-ci illərdə Qalantereya və trikotaj fabrikində kapital tikinti şöbəsinin rəisi olub. 1995-ci ildən bu günə qədər Kursk vilayəti, Kursk Şəhər İcra Hakimiyyətində konsultant vəzifəsində çalışır. Bununla yanaşı, Qasım Kərimov ictimai-siyasi aktivlik də göstərir. Belə ki, Vahid Rusiya Partiyasının üzvüdür. 1999 -2013-cü illərdə Qara Qarayev adına Kursk şəhəri Azərbaycan İcmasının sədr müavini olub. 2014-2017-ci illərdə Ümumrusiya Azərbaycan Konqresinin Kursk regional bölməsinin sədri kimi çalışıb. Rusiya Federasiyasi Mərkəzi Secki Komissiyasının fəxri fərmanı, şəhər İcra Hakimiyyətinin çoxlu sayda fəxri fərmanları, “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir.

-Uzun illərdir xaricdə yaşayırsınız. Qürbətdə yaşamaq insanın vətənlə bağlılığını nə dərəcədə azalda bilər?
-Çox maraqlı sualdır. Şəxsən mənim üçün vətənə sevgi heç də azalmayıb, əksinə, daha da güclənib. Normal insan illər keçdikcə, yaşa dolduqca kamilləşir. Anlayır ki, vətən onun qürur mənbəyidir. Vətəndə və onun hüdudlarından kənarda yaşayan insanlar vətənə borcludurlar. Bu borc valideynlərimiz qarşısında olan borcdan qat-qat yüksəkdir. Cünki vətən dünya durduqca yaşamalıdır. Biz də buna öz töhfəmizi verməliyik.
-Azərbaycan diasporunun güclənməsi dövlətimizin maraqlarının təmin olunmasında nə kimi rol oynayır?
-Bildiyiniz kimi, dünya praktikasında bir neçə millətləri təmsil edən diaspor təşkilatları öz fəallığı ilə seçilir. Bunlar yəhudi, yunan və erməni millətlərini təmsil edən qurumlardır. Mən yəhudi icmalarını nümunəvi sayıram. Onların səyi nəticəsində İsrail dövləti yaradıldı. Qısa bir müddətdə dünyanın nüfuzlu dövlətlərindən biri oldu. Yəhudi lobbisinin aparıcı dövlətlərə təsiri böyükdür. ABŞ, Rusiya, Fransa, İngiltərə kimi nəhəng dövlətlərdə fəaliyyət göstərən yəhudi icmalarının, xüsusilə də Yaxin Şərqdə gedən siyasi proseslərə təsiri göz qabağındadır. İsrail dövlətinin iqtisadiyyatı da bilavasitə yəhudi lobbisinin gücü nəticəsində inkişaf edir. Ümumiyyətlə, İsrailin sosial-iqtisadi inkişafında dünya yəhudilərinin rolu böyükdür.
-Bu baxımdan bizim diaspor necə formalaşmalıdır?
- Rusiyada yaşadığım üçün fikirlərimi Rusiyada fəaliyyət göstərən diaspor ilə əlaqələndirmək istərdim. Nəzərə almaq lazımdir ki, bizim diaspor qurumlarının yaşı 25 ildən çox deyil. Bu müddət ərzində müəyyən nailiyyətlər əldə edilmişdir. Çoxlu sayda milli qurumlarımız fəaliyyət göstərməkdədir. Uğurlarımız da az deyil. Amma qənaətedici də deyil. Bəs problem nədən ibarətdir? Riyaziyyatçıların dili ilə desək, ümumi məxrəcə gəlmək çətinliyi var. Əfsusla qeyd edirəm ki, əksər insanlarımıza xas olan müəyyən cəhətlər buna səbəbdir. Bunları bir-bir sadalamaq istəməzdim. Onu deyim ki, bu problemdən çıxış yolu da var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasıdır. Bu ideyanı hər birimiz şüar edərək məqsədimizə çata bilərik. Fikrimcə, bunlar aşağıdakılardır:
1.Rusiya ictimaiyyətinə Azərbaycanın haqq sözünü çatdırmaq;
2.Dövlət daxilində gedən mədəni, sosial-iqtisadi, siyasi proseslərdə aktiv iştirak etmək;
3. Azərbaycan və Rusiya arasında dostluq körpüsü olmaq.
Bu siyahını davam etdirmək olar. Son nəticədə bu və ya digər sahələrdə görülən işlər Azərbaycanın da inkişafına böyük təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, nəhəng dövlətlərdən fərqli olaraq Azərbaycanın güclü diaspora ehtiyacı var. Biz bu sahədə həddindən artıq çox çalışmalıyıq.
-Rəsmi vəzifədə çalışmağınız yerli xalq arasında azərbaycanlı olaraq nə dərəcədə məsuliyyətinizi artırır?
-Hər bir azərbaycanlı bilməlidir ki, o, yaşadığı yerdə millətimizi təmsil edir. Onun timsalında rus cəmiyyətində azərbaycanlılar barəsində fikir formalaşır. Bu böyük bir məsuliyyətdir. Uzun illərdir ki, doğma vətəndən kənarda yaşayıram. Kursk vilayətində ilk dəfə 1976-cı ildə olmuşam. 1984-cü ildən isə ardıcıl olaraq burada yaşayıram. Hələ məktəb illərində müəllimlərim, evdə isə valideynlərim tərəfindən vətənpərvərlik hisləri ilə böyümüşəm. Bunları qeyd etməyimdə demək istərdim ki, gənc yaşlarından tutmuş bu günə qədər böyük həyat təcrübəm var. Yerli mentaliteti yaxşı bilirəm və inanın ki, bu sahədə cox həssasam. 25 ildir ki, şəhər İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyirəm. İnsanların problemlərinə bir məmur kimi böyük diqqətlə yanaşıram. Əlbəttə, onlar mənim azərbaycanlı olmağımı bilirlər və mənimlə hörmətlə rəftar edirlər. Çünki xalqa vicdanla xidmət etmək lazımdır. Qeyd etmək istərdim ki, bu illər ərzində dəfələrlə dövlət tərəfindən mükafatlandırılmışam.
-Ümumiyyətlə, yerli xalqa inteqrasiya üçün əsas nəyə ehtiyac var?
-Bu məsələdə ən önəmli məqam mentalitetdir. İlk növbədə yerli xalqın adət-ənənələrinə, tarixinə, mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır. Vətəndaş cəmiyyətinin formalaşmasında aktiv iştirak etmək lazımdır. Əsas amillərdən biri də yerli xalqın dilini mükəmməl öyrənməkdir.
-Bu il Rusiyada seçki ilidir. Bundan istifadə edərək Rusiyadakı azərbaycanlılar öz reputasiyasını necə qaldıra bilərlər?
-Bildiyiniz kimi, secki kampaniyası cəmiyyətdə demokratik institutların əsasını təşkil edir. 18 mart 2018-ci ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Kurskda yaşayan azərbaycanlılar da öz vətəndaşlıq borclarını yerinə yetirməklə istədikləri namizədə səs verəcəklər. Yeri gəlmişkən, fevralın 10-da azərbaycanlı gənclərlə görüş keçirdik. Onlarin seçki kampaniyasında aktiv iştirak etmələrini xahiş etdim. O ki qaldı mənim özümə, artıq seçimimi etmişəm. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, mən Rusiya Federasiyası Mərkəzi Secki Komissiyasının Fəxri Fərmani ilə təltif edilmişəm.
-Kurskda yeni nəsil azərbaycanlılar icitimai aktivlik göstərirlərmi?

-Hər yerdə oldugu kimi, burada da yeni nəsil yetişmişdir. Vaxtilə Rusiyaya işləmək və ya təhsil almaq üçün gələn soydaşlarımızın övladlar hal-hazırda diaspor işlərində fəaldırlar. Yəqin ki, bu, zamanın tələbidir və gənc olmalarına baxmayaraq, bu işin zəruri olduğunu anlayırlar. Bu sahədə böyük planlarımız var. Sizi gələcəkdə onlarla tanış edəcəyik.
-Azərbaycanda keçiriləcək seçkilər region üçün hansı əhəmiyyət daşıyır?
-Rusiya Federasiyasında yaşamağımıza baxmayaraq, Azərbaycanda gedən siyasi proseslərə biganə deyilik. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkələrdən biridir. Bunun əhəmiyyəti, ilk növbədə regionda gedən siyasi və iqtisadi proseslərlə bağlıdır. Rusiyanın Dağıstan bölgəsində gedən ictimai-siyasi məsələlərə fikir verin. Hər bir ölkənin əsas meyarı sabit iqtisadi inkişafdır. Bildiyiniz kimi, “Simal-Cənub” layihəsinin icrası üçün region ölkələrində - Rusiya, Azərbaycan və İran dövlətlərində lazımi şərait yaradılmalıdır. Azərbaycan bu strateji xəttin mərkəzindədir və onun reallaşmağı üçün böyük işlər görmüşdür. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilmişdir. Və ən başlıcası Azərbaycanın Qarabağ problemi var. Bu baxımdan nəzərə alsaq ki, qonşu dövlətlərdə də seçki kampaniyası gözlənilir. Azərbaycanda prezident seçkilərinin keçirilməsi böyük əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin apardığı siyasət və islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan böyük iqtisadi və siyasi lahiyələrin icrasına imza atmışdır və bu istiqamətdə böyük nailiyyətlər əldə etmişdir. Hal-hazırda Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsidir. Yeni lahiyələrin icrası ön plandadır. Eyni zamanda ölkə daxilində iqtisadiyyatın bütün səhələrində böyük uğurlar əldə edilmişdir. Bu proseslər davam edilməlidir. Azərbaycanın növbəti 7 ildə iqtisadi inkişafı və Qarabağ problemi, ümid edirik ki, bu seçkilərdən sonra öz həllini tapacaq.
-Seçkilərin Azərbaycanın demokratiya yolunda inkişafına nə kimi təsiri var?
-Azərbaycanda demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli şərait var. Mövcud qanunlar imkan verir ki, kim istəyirsə, namizədliyini irəli sürə bilər. Seçkilərin keçirilməsi hakimiyyətin bilavasitə xalqa məxsus olmasını bildirir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info