Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq
Tarix: 13.03.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Hazırda iqtisadi inkişafla bərabər, ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi dövlətin diqqət mərkəzindədir. Ölkənin həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşıb. Mövcud ekoloji problemlərin aradan qaldırılması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan verib. Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib və onların icrasına başlanılıb. Ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasını sübut edir. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” devizi ilə keçirilən aksiyalarda da milyonlarla yeni ağac və kol əkilib. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr də məhz ekoloji mühitin qorunmasına xidmət edir. Məhz IDEA-nın təşkilatçılığı ilə çoxsaylı ekoloji tədbirlər reallaşdırılıb. Mütəxəssislər də ölkədə ekologiyanın və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, eyni zamanda bir sıra həlli vacib məsələlərin olduğunu deyirlər. Ölkədə yaşıllığın salınması yaşıl kütlənin əmələ gəlməsinə səbəb olur və bu əmələ gəldikdə heyvanların yemlənməsi, mikroorqanizmlərin əmələ gəlməsində iştirak, heyvanlar arasında ekoloji tarazlığın təmin edilməsinə imkan verir. Ekoloji mühitin pozulmasına təsir göstərən amillərdən biri duzlu su mühitidir ki, su qalığı Bakı şəhərinin ətrafında çoxdur və bu istiqamətdə ölkədə dövlət səviyyəsində mühüm layihələr həyata keçirilir. Göllərin qurudulması istiqamətində böyük işlər görülür. Bu, ölkədə ətraf mühitin sağlamlaşdırılması, müəyyən xəstəliklərin qarşısının alınmasında olduqca vacib addımlardan biridir. Həmin gölməçələrin qurudulması vacib əhəmiyyət kəsb edir. Çünki mikroorqanizmlərin şirin sularda inkişafı nəticəsində 1 milyon dəfə artım prosesi gedir. Bu baxımdan həmin göllərin qurudulması çox əhəmiyyətlidir və dövlət tərəfindən yerində həyata keçirilən tədbirdir.Beləliklə, bu gün ölkədə yeni salınan parklar, çirkli göllərin qurudulması, əhalinin təmiz su ilə təmin olunması və digər tədbirlər ekoloji mühitin yaxşılaşdırılmasına yönəldilib ki, bu da məhz əhalinin sağlamlığı üçün mühüm şərtdir.

“Təmiz Şəhər” ASC KİV nümayəndələrinin iştirakı ilə məlumat turu və mətbuat konfransı keçirib.Mətbuat nümayəndələrinə Səhmdar Cəmiyyətin fəaliyyəti və reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib.KİV nümayəndələri Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor bulvarı və Böyükşor gölündə görülən işlərlə tanış olublar. “Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.
Mətbuat nümayəndələri, həmçinin Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar. Məlumat verilib ki, poliqon bütün sanitar normalara uyğundur: "Poliqona tullantı daşıyan nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra ərazini tərk etməzdən öncə mütləq yuma məntəqəsində yuyulub dezinfeksiya edilir. 4 yuma kabinəsindən ibarət olan bu məntəqə beynəlxalq standartlara cavab verir və 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. Poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacın suvarılmasında istifadə olunur (indiyədək 11 min ağac əkilib). Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu enerji poliqonun ehtiyacları üçün istifadə olunur".
Məlumat turu çərçivəsində KİV nümayəndələri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda da olublar. Məlumat verilib ki, Zavod 2012-ci ildə Alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Bildirilib ki, zavodda çeşidləmə zamanı tapılmış 900-dən artıq müxtəlif növ sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və.s.) toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 400 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.
Zavodda 170-dən artıq Balaxanı sakini daimi iş yeri ilə təmin olunub.
Bununla yanaşı, mətbuat nümayəndələri üçün Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə virtual tur təşkil olunub. Məlumat verilib ki, 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu muzeydə 6 il ərzində keçirilən “Tullantıdan sənətə” sərgisində iştirak edən 36 ölkədən 140-dək sənət adamının yaratdığı sənət əsərləri nümayiş olunur.
Jurnalistlər, həmçinin ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış 7 ha sahəni əhatə edən Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti fəaliyyət göstərir. Daha 6 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış rezidentlər bu il ərzində fəaliyyətə başlayacaq.
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olan KİV nümayəndələrinə məlumat verilib ki, ən sərt ekoloji tələblərə cavab verən 4-cü nəsil texnologiyalarla inşa edilən bu zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külü ötən ilin dekabr ayında Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min kvadratmetr təşkil edən yollarının əsaslı təmir-bərpa işlərində istifadə olunub.
E.Abbasov bildirib ki, hazırda Balaxanı Sənaye Parkında on rezident var ki, onlardan beşi artıq fəaliyyət göstərir. Onun sözlərinə görə, bu rezidentlərdən biri işlənmiş tullantı yağları emal edir. “Həmçinin rezidentlər arasında qida yağlarını emal edən şirkət də mövcuddur. Bu rezidentlərin arasında kağız məmulatlarının emalı, plastik qablar istehsal edən şirkət və beşinci rezident isə mebel istehsalı ilə məşğul olan şirkətdir,” – deyə E. Abbasov qeyd edib.
E. Abbasov bildirib ki, digər rezidentlər isə qida, plastik və kağız tullantılarının emalı ilə məşğul olan şirkətlər olacaq: “Bu rezidentlərin arasında yapışqan lent (skoç) istehsal edəcək rezidentlər də var ki, onlar da yaxın zamanlarda, bu il ərzində istehsala başlayacaq. Fəaliyyətdə olan beş rezident bu günə qədər 23,4 mln. manat investisiya yatırıb. Burada 140 nəfər Balaxanı sakini işlə təmin edilib”.
Tədbir zamanı Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Təmiz Qala” pilot layihəsinə dair qısametrajlı film nümayiş olunub. Qeyd olunub ki, 2010-cu ildən fəaliyyət göstərən layihə çərçivəsində qəsəbədə tullantılar üçün iki rəngdə olmaqla üzvi (yəni mətbəx) və qeyri-üzvi (yəni digər) tullantılar üçün nəzərdə tutulan qutular yerləşdirilib. Tullantıların ilkin çeşidlənməsi sahəsində maarifləndirməni artırmaq məqsədilə qəsəbə sakinlərinə müxtəlif bukletlər paylanılır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
20.08.2018
Yeni hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarılıb
20.08.2018
Sahibkarların müvafiq assosiasiyalarda birləşməsi dəstəklənəcək
20.08.2018
Gömrük Komitəsinə 1,5 milyon elektron müraciət daxil olub
20.08.2018
SOCAR Banqladeşdə fəaliyyətini genişləndirmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9909

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info