Bako Saakyanın Vaşinqtona səfəri ABŞ-ın siyasətində ikili standartların bariz nümunəsidir
Tarix: 17.03.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Qabil Hüseynli: “ABŞ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər tərəfdən isə separatçılığa rəvac verir”

Xəbər verildiyi kimi, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “başçısı” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Maraqlıdır ki, Bako Saakyanın Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfərinə ABŞ hökuməti və ya ABŞ rəsmilərinin hər hansı biri tərəfindən qadağa qoyulmadı, bu səfərin qarşısı alınmadı. Buradan belə bir nəticəyə gəlmək olur ki, Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir. ATƏT Minsk Qrupunun həmsədri kimi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir.
Sual olunur, əgər bu, normal haldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır? Doğrudanmı, ABŞ kimi super güc adi bir erməni lobbisinin əlində oyuncağa çevrilib? Əslində, erməni lobbisi ABŞ-da güclü olsa da, onlar ölkənin xarici siyasətinə birbaşa təsir edə bilmirlər və ABŞ-ın Azərbaycanla olan münasibətlərində soyuqluq yaradacaq bir səfərin təşkili üçün bütöv bir hökuməti razı sala bilməzdilər... Deməli, ABŞ ümumilikdə bu cür səfərlərin təşkilində maraqlı olub. Amma təzadlı siyasət yürütmək də ABŞ-ı gülməli duruma salır. Bir tərəfdən haqq-ədalətdən dəm vur, digər tərəfdən tanınmayan bir separatçı rejimin rəhbəri üçün şərait yarat... ABŞ necə ədalətdən danışa bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir, konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından təltiflər təqdim edir?! Hətta Saakyanın Konqresdə icarə olunmuş otaqda Konqresdəki erməni kokusunun nümayəndələri ilə görüşdüyü, ermənipərəst mərkəzlərdə görüşlər keçirdiyi nəzərə alınsa belə, ona bu cür şərait yaradılması ABŞ-ın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.
ABŞ Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından dəm vurur, amma görünən odur ki, bu ölkə Saakyanı qəbul etməklə problemin həllinə süni əngəllər yaradır
Politoloqlar, ekspertlər bu halı Vaşinqtonun siyasətində ədalətsizlik və ikili standartlar kimi qiymətləndirirlər. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz siyasi şərhçi Qabil Hüseynli deyir ki, ABŞ sıradan bir ölkə olmadığı üçün belə bir utancverici addımı atmasının üstündən keçmək düzgün olmaz. Nəinki ABŞ, hətta cırtdan bir ölkəyə belə, bu cür səfər təşkil edilsə, Azərbaycan buna kəskin reaksiya verməlidir, iki ölkə arasında olan münasibətlərdə korrektələrin ediləcəyini bəyan etməlidir: “Məlumdur ki, bu kimi hallar münaqişələrin həllində həmişə mənfi rol oynayır. Ümumiyyətlə, ABŞ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyün tanıdığını deyir, digər tərəfdən isə separatçılığa rəvac verir. ABŞ bundan əvvəl də NATO-nun Varşavada keçirilən sammitində dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən bəyanata qol çəkmiş ölkədir. Bütün bunlara baxmayaraq, separatçı bir rejimin başçısını öz ölkəsinə səfərə dəvət edir və ya belə bir şəxsi öz ölkəsinə buraxaraq onun ABŞ-da rəsmi görüşlər keçirməsinə şərait yaradır. Yeri gələndə bunlar iddia edirlər ki, guya hər hansı bir qeyri-hökumət təşkilatının başçısıdır, ciddi siyasi fiqur deyil və s. Amma hər kəs gözəl bilir ki, məsələnin mahiyyəti başqadır və iddia olunan kimi də deyil... Bu adam bütün dünyada Azərbaycanın ərazisi kimi tanınan bir məkanda aqressiv separatizmə rəhbərlik edən, beynəlxalq qanunları tanımayaraq, başqa ölkənin torpaqlarını hələ də işğal altında saxlayan erməni qoşunlarının komandiridir. Bu nöqteyi-nəzərdən də ABŞ səfirinin və ya hansısa rəsmisinin hansı bəyanat verməsindən asılı olmayaraq son qalmaqal və addım ABŞ tərəfindən atılmış çox biabırçı bir hərəkət kimi dəyərləndirilməlidir”.
Politoloq deyir ki, nəticə etibarilə bu məsələdə itirən tərəf Amerika oldu. Onun fikrincə, ABŞ Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasından dəm vurur, amma görünən odur ki, bu ölkə Saakyanı qəbul etməklə problemin həllinə süni əngəllər yaradır: “Bunu edənlər çox gözəl bilirlər ki, Azərbaycan belə bir səfəri və addımı həzm etməyəcək və öz prinsipiallığını daha da sərtləşdirəcək. Əvvəllər hansısa kiçik güzəştlərdən söz açırdıqsa, yəqin ki, belə ikili standartların ən biabırçı formasını görəndən sonra, heç bir güzəştdən söhbət belə, getməyəcək, konkret olaraq bütün ərazilərin boşaldılması və bizim istəyimizə uyğun addımların atılmasını tələb edəcəyik. Məsələnin digər mənfi və həyəcan təbili çalan tərəfi isə belə səfərin pis bir presedent yarada biləcək ehtimalıdır. Saakyanın xaricə səfərlərinin təşkil olunması, başqa ölkələrdə, hətta Dağlıq Qarabağ respublikasının nümayəndəliklərinin açılması kimi mənfi halları görsək, bilin ki, bunun başlanğıcı Vaşinqtondan oldu”.
Qabil Hüseynlinin sözlərinə görə, heç bir səbəb separatçı rejimin rəhbərinin ABŞ-a səfərinin təşkili, reallaşdırılmasına əsas ola bilməzdi. Rusiya, Fransa ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləridir və tərəfsizliklərini nümayiş etdirməlidirlər: “İndiki halda ABŞ nə etdi? Pis bir presedentin əsasını qoydu. ABŞ həmsədr ölkə kimi prosesdə beynəlxalq hüquq prinsiplərinin ardıcıl surətdə həyata keçirilməsinə rəhbərlik etmək əvəzinə, bu beynəlxalq normaları pozmaqda başqalarına pis nümunə oldu! Sistemli şəkildə hər şeyin mükəmməl qurulduğu bu səfər oyununda suallar və müəmmalar çoxdur, təəssüf ki, cavablar hələlik heç kimə bəlli deyil. Sual olunur, Dağlıq Qarabağın başçısı Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edib? Qısası, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə artıq son qoymalıdır və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir. Amerikada da gözəl anlayırlar ki, bu cür səfərlər və ikili standartlar Azərbaycanda ictimaiyyəti tərəfindən sərt qarşılanır. İndiki halda isə heç şübhəsiz ictimaiyyət ABŞ-ın ikili standartlar siyasətinə qəti etiraz edir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info