265 min məcburi köçkün mənzillə təmin edilib
Tarix: 17.03.2018 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib. İclasda Konstitusiyaya uyğun olaraq Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Baş nazir Artur Rasi-zadə hesabat məruzəsi ilə çıxış edib.
O bildirib ki, 2017-ci il ölkəmizin tarixində maliyyə sabitliyinin və iqtisadi artımın bərpası, dərin islahatlar ili kimi özünəməxsus yer tutub. Azərbaycan dövlətinin olduqca gərgin və mürəkkəb beynəlxalq şəraitdə xalqın mənafeyinə uyğun apardığı sosial-iqtisadi siyasəti keçən il daha da dərinləşərək, köklü keyfiyyət dəyişiklikləri ilə müşayiət olunub. Son 14 ildə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri 30 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42 milyard dollar təşkil edib.Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası mümkün olub.Şübhəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir.
Baş nazir bildirib ki, neft-qaz sənayesinin iqtisadiyyatdakı aparıcı rolu, təbii ki, hələ uzun illər davam etməklə, ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək, habelə digər sahələrin inkişafına ciddi təsir göstərəcək.
“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb. Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib.
Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan verib.
Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən prioritet istiqamətlərindən olub.
Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi məhz belə müəssisələrdəndir. Bu illərdə Bakı gəmiqayırma zavodu, Gədəbəy və Daşkəsən qızıl-filiz zavodları, Gəncə avtomobil zavodu, Gəncə alüminium kompleksi, iri qabaritli transformatorlar zavodu, yüksək gərginlikli avadanlıqlar zavodu və digər müasir tipli müəssisələr istifadəyə verilib.
Xalçaçılıq sahəsi yeni intibah dövrünə daxil olub, “Azərxalça” Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə respublikanın 10 rayonunda xalça sexləri açılıb. Növbəti illərdə daha 10 belə müəssisənin yaradılması nəzərdə tutulur.
Ümumilikdə, son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilmiş digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.
Ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulmuş vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb.Ölkədə 32 iri fermer təsərrüfatı yaradılıb və bu məqsədlərə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində intensiv işlər aparılır. 2018-ci ilin əvvəlinə ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il burada 190 min tondan çox məhsul tədarük edilib.
Hesabat ilində pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafına dair Dövlət proqramları təsdiq edilib, fındıqçılığın inkişafı məqsədilə yeni bağlar salınıb.
Bu illərdə aqrar sahədə istehsalın stimullaşdırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilib.
2004-2017-ci illərdə ümumi sututumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilib. Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 1960 subartezian quyusu qazılıb.
Görülmüş irimiqyaslı işlər nəticəsində 360 min hektar sahədə torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 127 min hektar ərazidə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunub.
2004-2017-ci illər ərzində respublikada ümumi uzunluğu 13,3 min kilometr olan avtomobil yolları tikilib, yenidən qurulub və təmir edilib, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidi istifadəyə verilib. Beş milyondan çox əhalinin yaşadığı 2 mindən artıq yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik həyatına rahatlıq gətirməklə bərabər, həm də bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın və turizmin inkişafına ciddi təkan verib.
Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının sərhədinədək dəmir yolunun və Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkə statusu qazanmış respublikamızı “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovşağına çevirib.Gəmiçiliyin inkişafına dair 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq edilərək icrasına başlanılıb və Cəmiyyət iqtisadi göstəricilərini əsaslı şəkildə yaxşılaşdırıb. Bu müddətdə alınmış 19 müxtəliftəyinatlı gəmi hesabına onun fəaliyyəti daha da genişləndirilib. Hazırda Bakı gəmiqayırma zavodunda Cəmiyyətin sifarişi əsasında 2 gəmi və 2 tankerin tikintisi aparılır.
Bu dövrdə mülki hava nəqliyyatının maddi-texniki bazası ən müasir hava gəmiləri hesabına əsaslı şəkildə yeniləşdirilib, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyəti xeyli yüksəldilib.
Əgər 2003-cü ildə Azərbaycanda yalnız 1 beynəlxalq statusa malik hava limanı var idisə, hazırda onların sayı 6-ya çatdırılıb. Təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilmiş müasir aerovağzal kompleksi ildə 6 milyon sərnişinə xidmət göstərmək gücündədir.
Məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənib. Nəticədə 7 çadır düşərgəsi, 16 fin tipli və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub. Yeni tikilmiş və bütün lazımi sosial infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi köçkün mənzillə təmin edilib.
Ümumi təhsil sistemində çalışan 140 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. İqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlara olan tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə peşə-ixtisas təhsili sistemi təkmilləşdirilərək, 14 peşə-təhsil mərkəzi yaradılıb.
Ötən il respublikanın 40 rayonunda 106 modul tipli məktəb quraşdırılıb və təhsil şəraiti yaxşılaşdırılıb.2004-2017-ci illərdə ümumilikdə 3098 məktəbin tikintisi və ya əsaslı təmiri hesabına təhsil müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib.
Səhiyyə sistemində aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb mərkəzlərinin açılması əhaliyə göstərilən tibbi xidmətlərin həcminin genişləndirilməsinə, keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artırılmasına səbəb olub. Son illərdə istifadəyə verilmiş Respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya və Onkologiya mərkəzləri, Azərbaycan Tibb Universitetinin klinikaları məhz belə müasir səhiyyə obyektlərindəndir.Ümumilikdə, bu dövrdə 635 tibb müəssisəsi tikilib, yenidən qurulub və təmir edilib ki, bunların da 70 faizindən çoxunu regionlardakı səhiyyə obyektləri təşkil edir.2017-ci ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın pilot layihəsinin tətbiqinə başlanılıb.Qusar rayonunda ilboyu fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi, Qəbələ, Quba, Xaçmaz rayonlarında, Naftalan şəhərində yüksək standartlara uyğun inşa edilmiş yeni mehmanxanalar yerli və xarici turistlərin sevimli istirahət məkanına çevrilib, onların ölkəyə axınının artmasına səbəb olub.Əgər 2004-cü ilin əvvəlinə ölkədə fəaliyyət göstərən mehmanxana və turizm istirahət mərkəzlərinin sayı 238 idisə, 2017-ci ildə müasir tələblərə cavab verən belə obyektlərin sayı 563-ə çatdırılıb.
Bu dövrdə 143 min hektar ərazidə meşəbərpa tədbirləri aparılıb, o cümlədən 47 min hektar sahədə yeni meşəliklər salınıb və 106 milyon ağac əkilib. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 yeni milli parkın yaradılması hesabına artırılıb.Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən Müdafiə Sənayesi Kompleksi yaradılıb və müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 13,5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir.
Azərbaycan qarşıdakı illərdə də sosial, iqtisadi, siyasi sahələrdə uğurlarını daha da artıracaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
11.12.2018
23 ədəd mobil telefonu xüsusi “ssenari” ilə keçirməyə cəhd etdilər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11.12.2018
Neftçalada indiyədək 36 min 50 hektar sahədə payızlıq taxıl əkilib
10.12.2018
Qaradağ rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info