Fransalı senatordan çağırış: “Beynəlxalq ictimaiyyət Saakyanın ABŞ səfərinə reaksiya verməlidir”
Tarix: 19.03.2018 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Natali Qule:
“Saakyanın ABŞ-a səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olan mənfi siqnaldır”
“Əgər hökumət belə hallarda gücsüzdürsə, o zaman "qondarma dövlət" məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalıdır”



“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olan mənfi siqnaldır”. Bunu Trend-ə açıqlamasında Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib. O qeyd edib: "Yenə də biz həmişəki problemlə qarşılaşırıq. Bu, hətta Ermənistanın tanımadığı saxta dövlətdir. Beynəlxalq ictimaiyyət reaksiya verməli və belə münasibəti qadağan etməlidir. Biz Saakyanın Fransaya səfərinə mane olmağa çalışdıq, lakin cəhdlərimiz uğursuz oldu". Xanım N.Qule əlavə edib ki, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-dan göndərilən çox mənfi siqnaldır. Onun sözlərinə görə, əgər hökumət belə hallarda gücsüzdürsə, o zaman "qondarma dövlət" məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalıdır. Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Səfir: “Bu məqam ABŞ-ın strateji maraqlarını sarsıdır. İki ölkə arasında olan strateji tərəfdaşlığın vacibliyi adekvat qiymətləndirilməlidir”
Onu da qeyd edək ki, ABŞ-da məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, müsahibə zamanı müxbir Xəzər dənizi regionunda güclü dövlət olan Azərbaycanın hazırda münaqişədən əziyyət çəkdiyini bildirib, İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanı ABŞ üçün regionda mövcud olan xəzinə kimi qiymətləndirib. O, Azərbaycanın dost və tolerant ölkə olduğunu qeyd edib. Azərbaycanın Buş, Obama administrasiyası ilə yaxşı münasibətlərinin qurulduğunu və hazırda Tramp administrasiyası ilə davam etdirilidiyini Amerika dinləyicilərinə xatırladan müxbir Azərbaycanın demokratik müsəlman dövləti olduğunu vurğulayıb. Son günlərdə nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın 11 sentyabr terror hadisələrindən sonra ABŞ-a yardım edən ilk ölkə olmasına dair məqaləyə toxunan aparıcı həmin məqalənin müəllifi Ceyms Laysonsun dəyərli təhlilini Yaxın Şərqdəki dolaşıq vəziyyət fonunda Azərbaycanın bu gərginlikdən kənarda qalmasına işarə edərək təqdir edib. Aparıcı Obama administrasiyasından Tramp administrasiyasına keçid dövründə Azərbaycanla ABŞ münasibətlərinin cari vəziyyətinə dair səfir Süleymanova sual verib. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığa sadiqliyini vurğulayan məqalədə, doğrudan da, maraqlı məqamlara toxunulduğunu bildirən səfir Süleymanov Azərbaycanın 11 sentyabr terror hadisəsinin törədilməsindən bir neçə saat sonra ABŞ-a terrorçuluqla mübarizədə şərtsiz yardımını təklif etdiyini vurğulayıb. Baş verən çoxsaylı hadisələr fonunda bu günə qədər yaranmış və gələcəkdə də inkişaf etdirilməsinə ehtiyac olan strateji tərəfdaşlığın vacibliyini diqqətə çatdııb. Ümumilikdə ABŞ-la və hazırda Tramp administrasiyası ilə münasibətləri müsbət qiymətləndirən diplomat bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidini ifadə etmiş və iki ölkə arasında bir çox sahələr üzərində iş getdiyini qeyd edib. Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış separatçı rejimin “başçısının” qeyri-qanuni yolla əldə edilmiş viza vasitəsilə son günlərdə Vaşinqtona gəlməsi və onun Konqresin inzibati binasında erməni lobbisinin təşkil etdiyi tədbirdə iştirakına toxunan səfir Süleymanov bu məqamın ABŞ-ın strateji maraqlarını sarsıtdığını bildirib. Diplomat iki ölkə arasında olan strateji tərəfdaşlığın vacibliyinin adekvat qiymətləndirilməsinə ümidini ifadə edib. Azərbaycanın strateji əhəmiyyətini vurğulayan müxbir 2017-ci ildə Azərbaycana səfəri zamanı İpək Yolu layihəsinin dəmir yolu versiyası barədə bir çox məlumatlar eşitdiyinə toxunub. Azərbaycanda dəmir yollarının mövcudluğu, “Şimal-Cənub” marşrutunun olduğunu və perspektivdə Şərq-Qərb marşrutunun olacağını qeyd edən jurnalist İpək Yolu layihəsinin bundan sonrakı inkişaf dinamikasını sorğu edib. Səfir İpək Yolunun ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regional və qlobal əhəmiyyətini qeyd edərək, onun 2017-ci ilin 30 oktyabr tarixində açılışının keçirildiyini qeyd edib. ATƏT çərçivəsində təsis edilmiş İpək Yolu qrupunun bir neçə gün öncə Bakıda görüşünün keçirilməsini xatırladan diplomat sözügedən görüşdə Azərbaycanın tranzit rolunun yalnız bölgə üçün deyil, qlobal əhəmiyyəti və təsirinin müzakirə olunduğunu bildirib. Səfir bunun Asiya və Avropa arasında çox vacib bağlantı olduğunu diqqətə çatdırıb, İpək Yolunun tarixi və mədəni köklərə bağlılığı ilə yanaşı, bu layihənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər dövlətlər arasında strateji əməkdaşlıq münasibətlərinə əsaslandığını qeyd edib. O, bölgədə bu tipli inteqrasiya layihələrinin vacibliyini və ABŞ-ın bu layihələri dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra, müxbir Cənubi Qafqazın Xəzər dənizi ilə Qara dəniz arasında körpü roluna istinad edərək, bu bölgədə dəyişikliklər üçün maliyyə resurslarının vacibliyinə və müəyyən əleyhdarların olduğuna işarə edərək dəmir yolu layihələrinin gerçəkləşməsində hər bir tərəfin maraqlı olub-olmadığı barədə sual ünvanladı. Səfir suala cavab olaraq bildirmişdir ki, maliyyə resurslarının əhəmiyyətli olmasına baxmayaraq, inkişaf edən və çiçəklənən bölgə üçün əməkdaşlıq olduqca vacibdir. Qeyd edək ki, “Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan və müxtəlif ştatlarda geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
“Ermənistan hökuməti və lobbi dərnəkləri müxtəlif vasitələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”
19.07.2018
İordaniya Şahzadəsi: “Cocuq Mərcanlı kəndinə gəlməyimdən çox məmnunam”
18.07.2018
Musa Qasımlı: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir“
17.07.2018
İtaliya mediası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yazıb
16.07.2018
“Aland adaları təcrübəsini Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9683

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info