Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır
Tarix: 20.03.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Bahar qız dövlət başçısına səməni təqdim edib. Prezident Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Xalqı Novruz bayramı münasibətilə ürəkdən təbrik edən Prezident deyib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır: “Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”.

“Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan bir ölkədir”
Prezident deyib ki, bu gün Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malik olan bir ölkədir və bizim təşəbbüslərimiz regional əməkdaşlığa təkan verir: “Bir neçə gün bundan əvvəl VI Qlobal Bakı Forumu keçirilmişdir. Bu forumda 50-dən çox ölkədən 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Deyə bilərəm ki, Qlobal Bakı Forumu dünyada keçirilən ən mötəbər forumların arasında qısa müddət ərzində özünəlayiq yer tuta bilmişdir. Bu gün Bakı Forumunda müzakirə olunan məsələlər hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Gələn ay Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçiriləcəkdir”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan regional əməkdaşlıq məsələlərində bir çox hallarda təşəbbüskar kimi çıxış edir: “Bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olub. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir. Bildiyiniz kimi, bizim təşəbbüsümüzlə regionda çox böyük nəqliyyat layihələri icra edilir. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Yaxın gələcəkdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam gücü ilə işləməsi nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi bir neçə dəfə artacaqdır. Hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Azərbaycan ərazisində bu marşrutla bağlı bütün işlər görülübdür. Eyni zamanda, Azərbaycan bu marşrutun tam həyata keçirilməsi üçün əlavə tədbirlər görəcəkdir. Həmçinin bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün bizə imkan yaratdı və Bakıda dörd ölkənin xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Cənub-Qərb nəqliyyat marşrutu müzakirə edildi. İlk dəfə olaraq, yenə də bizim təşəbbüsümüzlə”.

“Bu, Ermənistanın siyasi məğlubiyyətidir”
Ölkəmizin digər beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə fəal əməkdaşlıq etdiyini deyən Prezident deyib ki, bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıb: “Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur. Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun. Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcəkdir. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir. Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik. İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır”.

“Valyuta ehtiyatlarımız 44 milyard dollara bərabərdir”
Prezident deyib ki, Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb: “Biz bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq. İki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artmışdır. Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir”. Prezident bildirib ki, bizim uğurlu iqtisadi islahatlarımız çox ciddi sosial siyasətlə tamamlanır: “Bu il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı 10 faiz artmışdır. Əgər biz dünya xəritəsinə baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artır”.

“Bakının gələcək inkişafı ilə bağlı böyük planlar var”
Regionlarda böyük abadlıq-quruculuq işlərinin görüldüyünü deyən Prezident deyib ki, Bakı gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilib: “Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24 faiz, 2017-ci ildə 20 faiz, bu ilin iki ayında isə 12 faiz artmışdır. Hər bir gələn qonaq, hər bir qərəzsiz gələn qonaq əlbəttə ki, Bakının gözəlliyini etiraf edir, bunu görür, sonra sosial şəbəkələrdə öz çəkdiyi kadrları paylaşır”. Bakının gələcək inkişafı ilə bağlı böyük planların olduğunu deyən Prezident deyib ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq: “Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır”. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parkda Novruz bayramı münasibətilə təşkil olunan “Şərq bazarı” ilə tanış olublar. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər. Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt- Astara yolu istifadəyə verildi
18.09.2018
Daxili İşlər Nazirliyi vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
18.09.2018
Biləsuvarda 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
18.09.2018
“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
18.09.2018
Biləsuvarda Gənclər Evi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info