“Mart soyqırımı yalnız azərbaycanlılara deyil, digər xalqlara qarşı da törədilib”
Tarix: 27.03.2018 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Etibar Nəcəfov: “Ermənilər terrordan ən çox istifadə edən xalqlardandır. Elə buna görə də “erməni terroru” ifadəsi siyasi leksikona daxil edilib”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1905-2018” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir BBMM tərəfindən “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti ilə birgə reallaşdırılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov konfransı açaraq erməni terrorizmi və onun ağır fəsadlarından danışıb. Bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni-daşnak dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Prezidentin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamı faciəyə verilən layiqli qiymətdir. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov erməni terrorizminin təkcə azərbaycanlılar üçün deyil, digər qonşu xalqlar üçün də tarixən ciddi problemlər yaratdığını deyib. Bildirib ki, ermənilər terrordan ən çox istifadə edən xalqlardandır. Elə buna görə də “erməni terroru” ifadəsi siyasi leksikona daxil edilib. Bir çox erməni siyasi partiyaları terroru öz fəaliyyətlərinin əsas metodu kimi qəbul ediblər. Hazırda bu ənənə Ermənistanda qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilən terror aktlarında, digər cinayətlərdə bu gün Ermənistanda siyasi hakimiyyətdə olanlar bilavasitə iştirak ediblər. Müasir dövrdə terror Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bütün dünyada terrorçu kimi tanınan ermənilərə heykəl qoyulur, adlarına küçələr verilir. Erməni terroru istər keçmişdə, istərsə də müasir dövrdə sülhə, təhlükəsizliyə böyük təhdiddir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı erməni vəhşiliklərini tarixi faktlarla diqqətə çatdırıb. O deyib ki, mart soyqırımı yalnız azərbaycanlılara deyil, digər xalqlara qarşı da törədilib. Bu soyqırımının coğrafiyası Şərqi Anadolu, İrəvan quberniyası, indiki Azərbaycan ərazisini və digər əraziləri əhatə edir. Erməni təşkilatlarının məqsədi “böyük Ermənistan” yaratmaq olub. Bunun üçün onlar hər cür terrora, vəhşiliklərə əl atıblar. Bu proses bu gün də davam edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov təmsil etdiyi qurumun erməni terrorizminin araşdırılması ilə bağlı gördüyü işlərdən danışıb. Bildirib ki, o dövrdəki gərgin siyasi vəziyyətdən istifadə edən ermənilər təşkilatlanmış, bölgənin türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirmişlər. Ermənilər 1988-ci ildən etibarən yenidən Azərbaycana qarşı ərazi iddialarına başladılar. Ermənistanın bu siyasəti nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi işğal edildi, bir milyondan artıq soydaşımız yurd-yuvalarından didərgin düşdü, 20 min insan qətlə yetirildi, 50 min insan əlil oldu, 3875 nəfər isə itkin düşdü. Konfrans panel müzakirələrlə davam edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçən “1918-1920-ci illərdə azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımı” adlı birinci panel iclasda Fransa Sosial Tarix Araşdırmaları Mərkəzinin nümayəndəsi Georgi Mamulia, Mazandaran Universitetinin siyasi elmlər üzrə doktoru Əhməd Raşidi, Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin nümayəndəsi Həcər Verdiyeva, rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, İnquşetiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Boris Xarsiyev və BBMM-in müşaviri Aytən Qəhrəman məruzələrlə çıxış ediblər.
Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin nümayəndəsi Həcər Verdiyevanın moderatorluğu ilə təşkil edilən “Azərbaycanda yaşayan etnik qruplara qarşı erməni terroru” adlı ikinci panel iclasda isə Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenkonun, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədovanın, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Araz Qurbanovun, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri İmamverdi Həmidovun, “Samur” qəzeti redaktorunun müavini Müzəffər Məlikməmmədovun, Atatürk Universitetinin müəllimi Yavuz Aslanın və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Təvəkkül Əliyevin məruzələri dinlənilib. Çıxışlarda qeyd edilib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü tarixə XX əsrin qanlı hadisəsi kimi yazılıb. Bu soyqırımı zamanı erməni silahlı birləşmələri tərəfindən on minlərlə günahsız, dinc insan amansızlıqla qətlə yetirilib. Faciə ilə əlaqədar hər il Azərbaycanda və dünyanın bir çox dövlətlərində soyqırımı ilə əlaqədar müxtəlif anım mərasimləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir.

Niderlandda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yürüş
Qeyd edək ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. Bunlardan biri də Niderland Krallığının Rotterdam şəhərində təşkil edilib. Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Səssiz yürüş” aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda, onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər. Onlar, həmçinin Niderland parlamentinin alt palatasında qondarma “erməni soyqırımı” ilə bağlı sənədin qəbul edilməsinə qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını deyiblər. Aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. BAK-ın birinci vitse-prezidenti, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirib ki, erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunacaq. Bu istiqamətdə AAK və BAK Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Niderlandda və Belçikada fəaliyyət göstərən diplomatik korpusları ilə birgə fəaliyyət göstərir.

Misir mətbuatında 31 mart soyqırımı
Onu da qeyd edək ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı məqaləsi bu ölkənin geniş oxucu kütləsinə malik “Asiyaelyoum” xəbərlər agentliyinin saytında, “Əl-Omah”, “Shababalnil” və “Youm7” qəzetlərində dərc edilib. Məqalələrdə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən, 1918-ci ilin mart ayında Bakıda və digər şəhərlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından, İslam abidələrinin yandırılmasından, şəhərlərin viran qoyulmasından bəhs edilib. Erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, genişmiqyaslı qətllər və digər vəhşiliklər barədə faktlar diqqətə çatdırılıb. Səfir 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiyanın təsis edildiyi, 1918-ci ilin mart ayında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü kimi qeyd olunduğu barədə məlumat verib. Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həlli istiqamətində sülh danışıqlarının müsbət nəticə vermədiyi vurğulanıb. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi kimi Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri yerinə yetirməməsi göstərilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2020
Ombudsman jurnalist yazıları müsabiqəsi elan edir
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info