İlahə Aslanlı: “Gələcəkdə iqtisadiyyat üzrə professor, eyni zamanda memar İlahə Aslanlı olmaq istəyirəm”
Tarix: 28.03.2018 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Gənc nəslə qayğı, onların sağlam və bacarıqlı yetişdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Təhsil sisteminin düzgün təşkili, gənclərin müasir elmi-pedaqoji biliklərə yiyələnməsi, müasir texnologiyaları mənimsəməsi, istedadlı gənc kadr potensialının formalaşması və onlardan səmərəli istifadə məqsədilə dövlət fəaliyyəti həyata keçirilir. Eyni zamanda gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Bu gün gənclərimizin bir çoxu xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alır. Müsahibimiz belə gənclərdən biri Mərmərə Universitetinin İqtisadiyyat fakültəsinin magistrantı İlahə Aslanlıdır:

- Mən 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə Türk Dünyası Araşdırmaları Vəkfi Bakı Atatürk Liseyinə daxil oldum və 2010-cu ildə həmin məktəbdən məzun oldum. 2010-cu ilin may ayında YÖS imtahanı nəticəsində, bir neçə universitetə daxil olsam da, İzmir şəhəri 9 Eylül Universitetinə daxil olub, ilk tələbə həyatıma da İzmirdə başlamışam. 1 il həmin universitetdə təhsil aldıqdan sonra İstanbul şəhərindəki Mərmərə Universitetində təhsilimə yenidən başladım. Bundan başqa, 1998-ci ildə M.L.Rostropoviç adına musiqi məktəbinə daxil olub, fortepiano sinfini bitirmişəm, eyni zamanda skripka dərsi almışam. Milli rəqs və tanqo rəqsi ilə məşğul oluram. 2011-ci ilin avqust ayında Azer-Türk Bankında staj keçmişəm, rus, ingilis, türk dillərini bilirəm. İngilis dili üzrə olimpiada birincisiyəm. İndi mən artıq magistr təhsili alıram, qrup yoldaşlarım isə ayrı-ayrı şəhərlərdə yaşayır, yaxud da işləyirlər. Ötən təhsil müddətim o dostlarımla keçən gözəl günlərlə yadda qaldı. Məsələn, imtahandan öncə kitabxanada səhəri açmağımızla yadda qaldı. İstanbulu qarış-qarış gəzsək də, hələ də şəhəri tam gəzib qurtara bilmədik. Eləcə də o illər həyat yoldaşımla tanış olub nişanlanmağımızla, möhtəşəm məzuniyyət mərasimi ilə yadda qaldı. Əslində, o qədər çox xatirə var ki...
- İqtisadiyyat sahəsində biliklərə yiyələnmisiniz və bu gün özünüzü bu sahədə bacarıqlı gənc kadr hesab edirsinizmi?
- Bəli, özümü bacarıqlı və bilikli hesab edirəm. Ancaq magistr təhsilinin bakalavr təhsilindən fərqi özünü göstərir. Hər gün fərqli və yeni nəsə öyrənirik. Araşdırır, layihələr hazırlayırıq. Ancaq öyrəndikcə anlayırsan ki, əslində, nə qədər az şey bilirmişsən. Daha çox biliyə sahib olmaq üçün hər zaman öyrənməyə davam etmək lazımdır, deyə düşünürəm. Buna görə magistr təhsilindən sonra doktorantura təhsilini də almağı fikirləşirəm. Ümumiyyətlə, məncə, insan ömrü, hər gün nəsə yeni bir şey öyrənməlidir.
-Təhsilinizi orada davam etdirməklə qarşıda hansı arzularınızı reallaşdırmaq niyyətindəsiniz?
- Təhsilə başlamadan əvvəl, açığı deyim ki, arzum memar olmaq idi. Ancaq bəzi səbəblərə görə iqtisadiyyat təhsili almalı oldum. Sonradan bu sənətə sevgi yarandı, xüsusilə magistr təhsili zamanı. Əslində, universiteti bitirdikdən sonra magistraturaya yox, memarlıq üzrə bakalavr təhsili almaq istəyirdim. Bakıda olduğum bir il ərzində ailə həyatı qurdum və yoldaşım, hələ ki, Bakıda yaşamaq istədiyinə görə mən magistratura təhsili üçün Türkiyəyə gəldim. Çünki bakalavr təhsili 4 il çəkir. Amma “oxumağın yaşı yoxdur” şüarı ilə yaşayıram. Memarlıq təhsilini mütləq alacam. Ya universitetdə, ya da kurslara gedəcəm. Amma heç vaxt, sadəcə, xəyal olaraq qalmayacaq. Xəyallar məqsədlərə çevriləndə mənası olur. Reallığa dönsək, hazırda iqtisadiyyat nəzəriyyəsi üzrə magistr tələbəsiyəm və davranış iqtisadiyyatı marağımı cəlb edir. İmkan olsa, bu sahə üzrə özümü inkişaf etdirib gələcəkdə Prof. Dr. İlahə Aslanlı olmaq istəyirəm. Eyni zamanda memar İlahə Aslanlı.
- İqtisadiyyatla bağlı xarici ölkədə təhsil almaq sizə hansı imkanlar yaradır?
- Hər ölkədə fərli iqtisadi siyasətlər tətbiq edilir. Fərqli baxış imkanı yaradır insanda. Eləcə də insanın dünyagörüşü artır. İqtisadiyyat böyük sahədir. Onunla bağlı nə qədər geniş biliyə malik olsan, o qədər vacibdir. Məncə, xaricdə də bu sahədə təhsil alarkən daha geniş məlumat əldə edə bilirik.
-Siz, eyni zamanda fortepiano sinfini bitirmisiniz və skripka təhsili almısınız. Hazırda bu sahədə fəaliyyətinizi davam etdirirsinizmi?
- Bu sahədə fəaliyyətimi fortepiano və skripka üzrə özəl dərs verərək davam etdirirəm. Çünki zamanım ancaq buna kifayət edir. Bəlkə, bu qədər dərslərdə “boğulmasaydım” daha çox vaxt ayıra bilərdim. Azərbaycandan başqa, bir ölkədə konsertlərdə iştirak etmək mənə maraqlıdır və çox xoş olardı.
- Azərbaycanlı tələbələrlə əlaqələriniz hansı səviyyədədir? Birlikdə hansı tədbirləri təşkil edirsiniz?
-Bakalavr təhsili zamanı Mərmərə Universitetində azərbaycanlı tələbələrin təmsilçisi olduğum üçün, demək olar ki, onlarla hər həftə görüşürük. Hətta fəal olaraq fərqli tədbirlər təşkil edirdik. İstər Xocalı soyqırımı kimi kədərli günlərimizə, istərsə də Novruz bayramı kimi gözəl bayramlarımıza həsr edirdik bu tədbirləri. İndi artıq təmsilçi deyiləm. Bu vəzifələri artıq yeni gələn gənc tələbələr həyata keçirirlər. Biz, yəni təcrübəli və yaşlı tələbələr olaraq onlara əlimizdən gələn dəstəyi veririk və sevə-sevə o tədbirlərə qatılırıq. Hətta qızlararası futbol yarışı keçirməyi planlayırıq.
-Son illər ölkədə iqtisadiyyatımız inkişaf edir. Gənc iqtisadçı kimi siz bu sahədə fəaliyyətinizi necə qurmaq istəyirsiniz?
- Əvvəllər planlarım başqa idi. Ölkəmə qayıtmaq tək məqsədim idi. Ancaq indi fikirləşirəm ki, şəraitin əlverişli olduğu başqa ölkədə də, vətənimə, millətimə daha çox xeyir vermə ehtimalım varsa, o ölkədə yaşamaq daha məqsədəuyğun olar. Harada yaşayıb, fəaliyyətimin necə olacağını zaman göstərəcək. Ona görə də hələ dəqiq bir planım yoxdur. Ancaq harada oluramsa olum, daim vətəni layiqincə təmsil etmək boynumun borcudur.
- Gənclərə təhsillə bağlı hansı məsləhətlər verə bilərsən?

- Gənclərə deyəcək, məsləhət verəcək o qədər çox şey var ki. Kaş vaxtında mənə də təcrübəli tələbələr yol göstərəydilər. Bəlkə, bu sayədə bakalavr təhsilini daha tez bitirə bilərdim. Bunu təhsil alan tələbələr, diqqətlə oxusunlar. Bu dediklərim həm təhsillə bağlıdır, həm də təhsil müddətində edə biləcəklərinizlə. Harada oxuduğunuzdan asılı olmayaraq mütləq sosial fəaliyyətlərə qatılın, kurslara gedin, seminarlarda iştirak edin. Dillər öyrənin – nə qədər çox dil bilsəniz, o qədər çox yolunuz açıq olacaq. Daim aktiv olun. Sosial şəbəkələrdə boşuna vaxt itirməyin. Sağlam dostluqlar əldə edin. Fərqli insanlarla tanış olun. İmkan varsa, səyahət edin. Təcrübə proqramlarına qatılın. Vaxt var ikən idmanla məşğul olun. Əgər oxuduğunuz universitetdə idman klubu varsa, iştirak edin, yoxdursa, özünüz təşkil edin. Haqqınızı daim hər yerdə tələb edin. Musiqi ilə məşğul olun. Öz ayaqlarınızın üstündə durmağı öyrənin. Ən əsası kimin nə dediyindən asılı olmayaraq sevdiyiniz sənətə yiyələnin. Gələcəyi yoxdur desələr belə. O gələcəyi özünüz qurun. Valideynlərinizə tez-tez onları sevdiyinizi söyləyin və minnətdarlığınızı bildirin. Sevin, sevilin.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info