Kövrək Murad: “Ovaxtkı aşıqlar bir-birinin sənətinə münasibətdə çox ədalətli, obyektiv idilər”
Tarix: 31.03.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Aşıqlar Birliyinin üzvü, el sənətkarı, aşıq-sazbənd Kövrək Murad 1952-ci il iyulun 7-də Borçalı mahalının Aran-Dəllər kəndində doğulub. Tanınmış aşıq-sazbənd Kövrək Murad (Sarıyev Murad Əli oğlu) Türk dünyasının azman ozanı Hüseyn Saraclının sonuncu şagirdidir. 5 il aşıq Hüseyn Saraclıya qulluq edib. Bir sıra dövlət tədbirlərində iştirak edib, festivallara qatılıb

Xalqımızın ən qədim sənəti olan aşıq sənəti əsrlər, qərinələr keçdikcə özünün varlığını qorumuş və tarixin bu gününə kimi uzun bir dövr keçmişdir. Aşıq sənəti uzun müddət xalqın hafizəsində yaşayaraq şifahi şəkildə nəsillərdən-nəsillərə ötürülmüş və özünün qüdrətli əzəmətini qoruyub saxlamışdır. Sənətin inkişafında və nəsillərə çatdırılmasında, şübhəsiz ki, ustad aşıqların rolu danılmazdır. Onların sənət qarşısında həyata keçirdikləri misilsiz əməyin nəticəsidir ki, aşıq sənətində xalqımızın dahi söz sərrəfları yetişib. Ustad aşıqlar xalqın yaddaşında qorunaraq günümüzə kimi gəlib çatıblar. Bu isə sənətin böyüklüyü ilə yanaşı, xalqımızın milli sənətin qorunmasında göstərdiyi fədakar əməyin təsdiqidir.
Bakıda yaşayan və Borçalı aşıq məktəbinin tanınan simalarından biri Aşıq Kövrək Muradın qonağı olduq. Aşıq sənəti haqqında Kövrək Muradla maraqlı söhbətimiz baş tutdu. Onun sənət haqqında olan bilikləri bizi çox sevindirdi. Murad müəllimin özünün saz emalatxanasında baş tutan görüşümüz isə olduqca maraqlı alındı. Tanınan aşıq və söz ustadlarından olan Niftalı Göyçəli də bizim söhbətimizdə iştirak etdi.
Aşıq Kövrək Muradla olan müsahibəni təqdim edirik:

- Kövrək Murad, ustad aşıqlar sənətin inkişafında misilsiz xidmətlər göstərirlər və onların yaradıcılıq fəaliyyəti bütün sənətsevərlər tərəfindən maraqla, rəğbətlə qarşılanır. Bu baxımdan, sağlığında gördüyünüz ustad aşıqlardan söhbət açardınız.
- Mən Borçalı aşıq mühitinin çox görkəmli nümayəndələri başda olmaqla dövrümün görkəmli sənətkarlarının, ustadlarının əksəriyyətini görmüşəm, söhbət etmişəm. Ustadların hərəsi bir dünya idi desəm, yanılmaram. Onların şəxsiyyəti, sənəti o qədər uca idi ki, bu gün də onlar yaşayır. Böyük ustadların, demək olar ki, bir çoxu ifaçı, dastançı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıqlar olub. Bəzi ustadlar havacatlar bəstələyib, əksəriyyəti ölməz şeirlər yaradıb. Aşıqların şeirləri çox qüvvətli idi. Bu gün də o şeirlər müasir aşıqların ifasında özünə yer tutur. Ustad sözü bütün dövrdə qüvvədədir. Ustadın dediyi söz, kəlam nəsillərin yaddaşında qalmalıdır. Mənim gördüyüm yaradıcı aşıqlardan biri Azaflı Mikayıl idi ki, onun da yaratdığı havacatlar, yazdığı dəyərli şeirlər bu gün də yaşayır, mütləq mənada sabah da yaşayacaq. Mikayıl Azaflı gözəl şeirlər yazırdı, oxuyurdu, həm də maraqlı söhbətlər edirdi. Xüsusilə də başına gələn əhvalatları danışırdı. O, böyük saz-söz təbliğatçısı idi. Bir məsələni də deyim ki, ovaxtkı aşıqlar bir-birinin sənətinə münasibətdə çox ədalətli, obyektiv idilər. Yəni onlar bir-birinin sənətini, sənətkarlığını, biliyini, ustadlığını inkar etmirdilər. Ola bilsin, kimlərinsə bir-biri ilə münasibəti yaxşı deyildi, ancaq onlar bunu sənətə gətirmirdilər. Şəxsi münasibətlər sənətdən aşağıda dururdu. Mikayıl Azaflının şeirlərini dövrünün aşıqları da oxuyurdu. Ustadım Hüseyn Saraclı da Azaflı Mikayılın bir neçə sözünü oxuyurdu. Deyim ki, aşıq Ələsgər də, ondan əvvəlki və sonrakı yaradıcı aşıqların yaratdığı şeirlər aşıqların vasitəsilə el-obaya yayılıb, dilə-ağıza düşüb. Mikayıl Azaflının da şeirlərini aşıqlar sazın köməyi ilə el-oba arasında yayırdılar. Yaradıcı aşıqların şeirləri sazdan doğulmuşdu deyə, daha doğma idi. Ümumiyyətlə, bütün dövrlərdə xalqın yaratdıqlarını, ozanların söylədiklərini sazdan yaxşı təbliğ edən ikinci bir məfhum olmayıb. Aşıqlar yeni şeirləri məclislərdə oxuyub, onları xalqın yaddaşına yazırdılar. O dövrdə də insanlar saza həddən artıq pərəstiş edir, aşıqlara qarşı tələbkar münasibət göstərirdilər. Sizə Hüseyn Saraclıdan da danışa bilərəm. Aşıq Hüseyn Saraclı olduqca böyük sənətkar idi. Ümumiyyətlə, deyim ki, hər ustadın öz izi, öz yolu, öz ifası, öz şirinliyi olub. Hüseyn Saraclı Tovuz aşıq və şairlərin yaradıcılığından çox oxuyardı. Hüseyn Saraclı Mikayıl Azaflı ilə çox yaxın dost idi və Mikayıl Azaflının sözlərini, hətta vala salmışdır.
- Dövrümüzdə ustad aşıqların yetişməməsi haqqında hər kəs danışır. Cəmiyyət ötən əsrdə olan ustad aşıqların yoxluğundan narazılıq edir. Maraqlıdır ki, ötən əsrdə olan ustad aşıqlar indi yetişirmi?
- İnanın, ötən əsrdə yetişmiş ustad aşıqlara bərabər aşıqların adını çəkmək çətin olur. İndiki aşıqların əksəriyyəti bir-birinə baxır. Alçaq dağdan nə qədər duman qalxar? Gözəl barmaq, istedad və şeirlər var. Amma bunlardan aşıqlar istifadə edib, gözəl ifalar bəstələyə bilmirlər. Hazırkı aşıqlar əvvəlkiləri təkrar edirlər. Əgər bunların istedadı varsa, yeni nəsə oxuya bilərlər. Bunların başlıca səbəbləri aşıqların ustada qulluq etməməsidir. Çox arzu edərdim ki, gənc aşıqlar ustada qulluq etsinlər. Ustaddın verdiyini saz məktəbləri gənc aşıqlara qazandırmır. Yaxşı aşıq olmaq istəyən zəhmət çəkib gecə-gündüz öyrənməlidir. Mənə hansı gənc müraciət edirsə, kömək göstərirəm.
- Müasir sazın hazırkı pərdələrinin yaradıcısı kimdir? Bunları kim sahmana salıb?
- Hazırkı sazdakı pərdələri Aşıq Əmrah Gülməmmədov tərtib edib. Aşıq Əmrah Gülməmmədov XX əsrdə saza yeni nəfəs gətirdi. O, saz sənətində böyük islahatlar həyata keçirdi. Sadıqcan tarın inkişafında, mükəmməlləşməsində hansı dərəcədə rol oynayıbsa, Əmrah dayı da sazın inkişafında o cür rol oynayıb. Əvvəllər pərdələrin sayı az olub, sonra isə ustad Əmrah Gülməmmədov pərdələrin sayını artırıb. Əmrah Gülmməmədova qədər saz 11 simli olmayıb, sazı o 11 simli edib. Bugünkü 11 simli saz ənənəsi ondan miras qalıb.
- Bəs Dədə Ədalətin sazla bağlı yenilikləri nələr olub?
- Dədə Ədalət sazı gözəlləşdirdi və öz ifaçılıq yolunu yaratdı. O, sazın inkişafında böyük rol oynayan ustadlardan biridir. Ədalət qağam saza özünəməxsus yeni nəfəs verdi. Onun “Yeddi oğul istərəm” filmində ifa etdiyi “Yanıq Kərəmi” havası əvəzsiz bir çalğıdır. Bu gün o ifanı təkrarlayan yoxdur. Bu, Ədalətin barmağından, ürəyindən, ruhundan qopan bir ifadır. Allah qağama rəhmət eləsin.
İndiki dövrdə müəllim (yəni ustad) nə bilirsə, şagirdə də onu öyrədir. Hazırda ustadın kim olduğuna diqqət yetirmək lazımdır. Ustad kimdir, görək Hüseyn Saraclı kimi bir ustaddır, yoxsa gənc bir aşıqdır?
- Cənubi Azərbaycan aşıqları haqqında fikirləriniz də bizim üçün maraqlıdır. Orada kimlər var?
- Cənubi Azərbaycan aşıqları da eyni şeyləri təkrar edirlər. Çünki vaxtilə onlar da özlərində olan ustad aşıqları görməyiblər. Aşıqlığın beşiyi Cənubi Azərbaycandır. Orada Abbas Tufarqanlı, Xəstə Qasım və s. kimi dövrünün görkəmli aşıqları olub. Amma zamanla bu ənənələr itib. Bu da orada uzun illər sazın qadağan olunması ilə bağlı idi. Bu üzdən də cənub aşıqları məcbur olublar ki, bizim aşıqları təkrar etsinlər. Cavan olarkən bizim televizorlara, radiolara qulaq asıblar və beləcə, öyrəniblər.
- Cəmiyyətdə aşıqları toylara az aparırlar. Əvvəlki kimi, aşıqları toy məclislərində az görürük. Sizcə, bunun başlıca səbəbləri nələrdir?
- Aşıqların özlərinin heç bir yaradıcılğı yoxdur. Buna görə də onları toylara az dəvət edirlər. Məcbur olub xanəndə havalarına keçirlər ki, vaxtı öldürsünlər.
Mənim ustadım toylara gedərkən pul danışmırdı. Toy yiyəsi ustadım Hüseyn Saraclıya deyirdi:
- Ay Hüseyn əmi, filan yerdə toyumuz var.
- Allah mübarək eləsin.
- Bizdən toy üçün nə alacaqsınız?
- Nə versən min bərəkət.
İndiki aşıqlar isə toya getməmişdən pul danışırlar. Buna görə də bu aşıqlara deyirəm ki, sizlər ac qalacaqsız və toya gedərkən pul danışmayın.

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu,
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info