“ADPU-da ciddi dəyişikliklər baş verir”
Tarix: 04.04.2018 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Eldar Aslanov: “Daha müasir və beynəlxalq tələblərə uyğun kadrlar hazırlamalıyıq”

Ölkədə təhsilin inkişafında ali təhsil ocaqlarının böyük rolu var. Bu gün ölkəmizdə böyük bir müəllim heyətinin təmsil olunduğu və cəmiyyətə də sabahın müəllimlərini hazırlayan ali təhsil ocaqlarından biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Müsahibimiz ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanovdur:

- Eldar müəllim, son vaxtlar ADPU öz fəallığı ilə seçilən ali təhsil ocaqlarından birinə çevrilib. Baş verən yeniliklərlə bağlı fikirlərinizi bilmək istərdik.
- Ölkəmizdə bütün sahələrdə aparılan uğurlar siyasət hər sahədə özünü göstərir. Sevindirici haldır ki, 2 ilə yaxındır ki, ADPU da bu uğurlar siyahısına öz imzasını atmağa başlayıb. ADPU böyük tarixi olan, Azərbaycan elminə, təhsilinə, pedaqoji kadr hazırlığına böyük töhfələr vermiş ali təhsil ocağıdır. 2021-ci ildə universitetin 100 yaşı olacaq. ADPU ölkənin yaşına görə ikinci, tələbələrin sayına görə ilk üçlükdə yer alan, təxminən 20 minə yaxın professor, müəllim və tələbə heyəti olan ali məktəbidir. Biz Bakıda 10 min tələbəsi, Şamaxıda, Şəkidə, Qubada, Ağcabədidə, Cəlilabadda filialları və həm Azərbaycan Dövlət Pedaqoji Kolleci, həm də 7 nömrəli orta məktəb daxil olmaqla böyük bir ailəyik. Bütün səyimiz və qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, təhsil sisteminə, xüsusilə orta təhsil, məktəbəqədər, ibtidai təhsil səviyyəsinə peşəkar müəllim kadrları hazırlayaq. Təəssüflə qeyd etmək lazımdır ki, universitetdə çox işlər görülməlidir. Universitet həm formaca, həm də məzmunca böyük bir transformasiya yaşayır. Bununla bağlı son 2-3 il ərzində universitetdə missiyalar olub. Tvinninq layihəsi çərçivəsində Təhsil Nazirliyilə Avropa İttifaqı tərəfindən universitetin 10 illik strategiya layihəsi hazırlanıb. Universitet özünün 2015-2020-ci illəri əhatə edən strategiyasını da hazırlayıb. Xüsusilə Cəfər Cəfərov universitetə rektor təyin olunduqdan, ADPU Müəllimlər İnstitutu ilə birləşdikdən sonra universitet yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələni xarakterizə edən xüsusiyyətlər ondan ibarətdir ki, biz daha müasir və beynəlxalq tələblərə uyğun kadrlar hazırlamalıyıq. Bu gün orta təhsilimizdə baş verən dəyişikliklər gözümüzün qarşısındadır. Təəssüflər olsun ki, orta təhsilin səviyyəsi haqqında birmənalı danışa bilmirik. Baxmayaraq ki, son dövrlər çox işlər görülüb, xüsusilə dövlətimiz, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi, Təhsil Nazirliyi tərəfindən son 5-6 il ərzində orta təhsili, müəllim nüfuzunu dəstəkləyən, məktəblərin maddi-texniki bazasının güclənməsi istiqamətində işlər görülüb. Bununla yanaşı, onu da qeyd edim ki, çox gözəl dərsliklər, tədris planları ola bilər. Ancaq bunu icra edən müəllimlər və onların peşəkar səriştələrinin artırılması, məzmunun müasirləşdirilməsi, tələbələrə dərsləri sevdirməsi əsas qayğılardır. Sevindirici haldır və ADPU da son 5 ilin statistikası onu göstərir ki, (xüsusilə son 2 ildə bu sıçrayışla ifadə olur) bir neçə göstəricidə nailiyyətlərə qovuşub.
- Bu uğurlar, əsasən, hansı göstəricilərlə müşayiət olunur?
- Bunlar, ilk növbədə universitetə qəbul planının səviyyəsi, qəbul olunan tələbələrin imtahanlarda göstəriciləridir. Məsələn, bir neçə il öncə ADPU-nu seçən 500 bal toplayan tələbənin sayı barmaqla sayılan qədər az idisə, son il balı 500-dən çox olub, bu universiteti ilk seçən tələbələrin sayı yüzlərlədir. Bu onu göstərir ki, daha keyfiyyətli abituriyentlər ADPU-nu seçir, bizə inanır, müəllim peşəsinə güvənir. Keyfiyyətli tələbələrdən, daha keyfiyyətli kadr hazırlaya bilərik. İkinci məsələ, məzunlarla bağlıdır. 2010-cu ildən müəllimlərin işə qəbulu TN tərəfindən test üsulu ilə həyata keçirilir, hər imtahanın nəticələrini əldə edirik, analiz edirik, həmin dövrdən bu yana məzunlarımızın nəticələrində görürük ki, ciddi dinamikaya nail olmuşuq. Bir neçə faizdən 10-12 faizi, bəzi ixtisaslarda daha yüksək faizi həmin imtahanlarda uğura y8iyələnir və bu önəmli peşəni əldə etmək imkanı qazanır. Biz bu faizi daha da artırmalıyıq. Universitetdə daha keyfiyyətli kadr hazırlamalıyıq, bununla bağlı daha ciddi dəyişikliklər gedir. Bunu mətbuat da izləyir, bu məsələdə dəstək gözləyirik. Sizin qəzetin vasitəsilə ictimaiyyətə öz təşəkkürümü bildirirəm ki, bu islahatlara sahib çıxırlar. Çünki bu islahatlar çox köklü islahatlardır. Onlardan birincisi müəllimlərin attestasiyasıdır. Müəllimlər İnstitutu ilə birləşdikdən sonra çoxlu vakansiyalar yarandı, təhsil sistemində islahatlarla bağlı bəzi fənlər ixtisara düşdü, bəzi fənlər məzmunca köhnəldiyi üçün tədris planından çıxarıldı, bəzi ixtisaslarda yeniliklər oldu. Buna görə bütün obyektiv və subyektiv səbəblər bir qisim müəllimin işsiz qalmasına səbəb oldu. Buna görə də ədalətli olması üçün bu prosesi rəsmi elan əsasında müəllimlərə seçimlər yolu ilə edirik. Birinci tərəfdən müəllimlərimizin, texniki heyətin, işçilərimizin attestasiyasını keçiririk, işə uyğun olmayan adamları təlimə yönəldirik, nəticə əldə edə bilmədiyimiz şəxslərlə, təəssüf ki, yollarımızı ayırmaq məcburiyyətində qalırıq. İkinci tərəfdən isə bütün müəllim seçimlərini rəsmi elan əsasında müvafiq qaydalara uyğun olaraq 5 ildən bir keçiririk.
Müəyyən bir hədd müəyyənləşdirmişik, 50 baldan yuxarı bal toplayan, ancaq ən mövcud vakansiyaları tuta bilməyən müəllimlərlə əməkdaşlıq edirik, dərs yükü yaranırsa, onlarla illik müqavilə imzalayırıq, yarımştat kimi əməkdaşlıq edirik. Kimlər ki vakansiya elan edilmiş yerə ən yüksək balı toplayıb, məsələn, kafedralar üzrə 3 dosent yeri üzrə “x” kafedrasında 10 nəfər sənəd verib. Həm universitetdən, həm kənardan sənəd verən olur. Biz obyektiv seçim aparırıq. Açıq dərslər keçirilir, müəllimlər razı olursa, dərslər videoyazıya alınır. Bu proseslə bağlı ötən il 100 yerə 500 nəfər namizəd sənəd vermişdi. Seçilməyən bəzi insanlar bundan narazı olur, biz bunu başa düşürük. Təhsil ictimaiyyəti, təhsil jurnalistikası, müvafiq orqanlar burada aparılan islahatların məzmununu bilir və əsas odur ki, bütün bunlar ona yönləndirilib ki, keyfiyyəti artıraq. Nəticədə o səviyyəyə gətirib çıxaraq ki, ADPU ölkədə ən nüfuzlu ali təhsil ocaqlarından biri olsun.
Universitet beynəlxalq layihələri, mübadilə proqramları, konfransları, ciddi elmi-tədqiqat nəticələri ilə fəxr etsin, qarşıdan gələn 100 illiyini adına layiq qeyd etsin. ADPU öz tarixi ilə fəxr edir. AMEA-nın çox az prezidenti olub. Onun 3 prezidenti ADPU-nun məzunu olub. Bizim akademik Yusif Məmmədəliyev kimi məzunumuz olub. Biz istəyirik ki, yeni Y.Məmmədəliyevlərin yetişməsi üçün burada yüksək səviyyəli, ən qabaqcıl təhsil texnologiyalarından istifadə edək. Bunun üçün müəllim öz üzərində işləməlidir, tədris yardımçı heyət daha peşəkar olmalıdır. Burada əsas göstərici tələbənin akademik nailiyyəti olacaq. Onlar öz yüksək elmi nəticələri ilə məzun olub müəllimlər sırasına qədəm qoyacaqlar. Akademik nailiyyət qədər də olmasa, onun qədər vacib olan səriştədir. Yəni müəllimin öz sinfini idarə etməsi, çətin tələbələrlə iş aparması, müxtəlif səbəblərdən dərsə həvəsi azalanlarda həvəsi artırmaq, valideynlərlə iş aparmaq, müəllim bütün bunları da bilməlidir. Bu mənada tələbələrin səriştəsinin artırılması da vacib məsələdir. Tələbələrimizə fürsətlər yaratmağa, bunları artırmağa çalışırıq. Hazırda universitetdə ciddi quruculuq işləri gedir. Təmir, yeniləşmə, otaqların dizaynı baxımından ən müasir ali məktəb infrastrukturu yaradılır. Bu prosesdə əsas məqsədimiz odur ki, tələbələr məzmun qədər peşəkar səriştələr əldə etsinlər. Müxtəlif olimpiadalar, könüllülük proqramları vasitəsilə tədbirlərə cəlb olunmaqla səriştələri özlərində formalaşdırırlar. Tələbə təşkilatlarımız, bu baxımdan, faydalı iş görür.
- Bir vaxtlar tələbələr orta məktəblərə pedaqoji təcrübəyə göndərilirdilər. Bu da onların müəllim kimi yetişməsində mühüm rol oynayırdı. Son vaxtlar bu sahədə bir zəiflik hiss olunur. Bu istiqamətdə universitet hansı tədbirlər həyata keçirir?
- Vacib məqamlardan biri kimi tələbələrimizin pedaqoji təcrübəsinə xüsusi diqqət yetiririk. Bu ildən etibarən tələbələrimiz 14 həftə orta məktəblərə pedaqoji təcrübəyə gedirlər. Biz onları istənilən məktəbə göndərməyəcəyik. TN, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Uşaq evləri idarəsi, sosial reabilitasiya mərkəzləri və təbii ki, orta məktəb müəllimliyi üzrə bütün fənlər ixtisası üzrə, həmçinin özəl orta məktəblərlə biz kadr hazırlayan müəssisə kimi müqavilə bağladıq. 2200-dən çox əyani və qiyabi təhsil alan tələbələrimizi orta məktəblərə təcrübəyə göndərdik. Tələbə universitetdə yaxşı məruzə, kitab oxuyur, tezis yazır, bütün bunlar intellektual potensial imkanlarını artıran vasitələrdir, ancaq bu tələbə sabah müəllim olacaq. Övladlarımız, gələcək nəsil onlara əmanətdir. Onlar müəllim kimi sinfi idarə etmək, şagirdlərdə dərsə həvəs yaratmaq, onların Azərbaycanın layiqli gələcək nəsli kimi dünyagörüşü, vətənpərvər yetişmələri üçün hazırdırmı? Bu, bizim üçün önəmli olan pedaqoji təcrübə ayağıdır. Biz o məktəblərlə işləyirik ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərib. Bizim üçün vacib olan tələbənin, həqiqətən, orada təcrübə toplamasıdır. Sadəcə, vaxtını orada keçirməsi deyil. Bəzən elə olur ki, sadəcə, vaxt itirirlər. Bizə belə təcrübə lazım deyil. Dövlətimiz, cəmiyyətimiz bizdən ciddi peşəkar kadrlar istəyir. Universitetdə komissiya yaratmışıq, çalışırıq ciddi nəzarət edək. Mən fürsətdən istifadə edib TN, Bakı şəhəri üzrə Təhsil İdarəsi, məktəb direktorlarına təşəkkür edirəm. Elə məktəb direktorları var ki, bizim universitetin məzunlarıdır. 160 mindən çox məzun olub və bu, təhsil sistemində böyük bir ordudur. Keçmiş məzunlarımızın rəhbərlik etdiyi məktəblərdə gələcək məzunlarımız təcrübə keçirlər. Müəyyən boşluqlar da var. Bəzi tələbələrin təcrübəsini saxlamışıq, müəllimlər də var ki, işinin öhdəsindən layiqincə gəlmir. Biz elə həmkarlarla yola davam etməmək fikrindəyik. Bizim üçün önəmli olan ölkənin təhsil siyasətidir. Ümummilli liderimiz müəllim adını bütün peşələrdən üstün tutmaq misalında bizim üzərimizə böyük yük qoyur və biz gərək elə tələbələr hazırlayaq ki, onlar məhz ulu öndərin qoyduğu ülvi dəyərə layiq olsunlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info